Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

DİA-da seminar: Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti

05 Aprel 2018
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) nəzdində fəaliyyət göstərən “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə “Heydər Əliyev və Azərbaycan Respublikasının müasir gömrük siyasəti” mövzusunda seminar-məşğələ keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Heydər Əliyev siyasətinin uğurlu nəticələrindən danışıb, Ulu Öndərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Rektor Azərbaycanın iqtisadiyyatının sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırıb.

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) fəxri üzvü, gömrük xidməti general-polkovniki Aydın Əliyev Azərbaycan Respublikasının gömrük sisteminin ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasətə uyğun formalaşdığını, Prezident İlham Əliyevin dəstəyi və qayğısı sayəsində inkişaf edərək dövlət müstəqilliyinin əsas atributlarından biri olan çoxfunksiyalı kompleksə çevrildiyini vurğulayıb.

Ölkəmizdə gömrük siyasətinin müasir vəziyyəti, gömrük orqanlarının fəaliyyət mexanizmi barədə məlumat verən A.Əliyev diqqətə çatdırıb ki, həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və dövlət büdcəsinin formalaşmasında DGK-nın rolu artıb.

Seminarda tələbələrin sualları cavablandırılıb.