Beynəlxalq avtomobil, su və dəmir yolları Azərbaycanda qovuşur

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq avtomobil, su və dəmir yolları Azərbaycanda qovuşur

14 Mart 2018
 

Bu, ölkəmizin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsini şərtləndirən əsas amillərdən biridir

 

Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkədir. Məlumdur ki, belə ölkələr nəqliyyat mərkəzi rolunu oynaya bilmirlər.

Azərbaycan isə çoxdan formalaşmış bu stereotipə son qoyaraq heç bir açıq dənizə, yaxud okeana çıxışı olmadan belə təkcə regionun deyil, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib. Bununla da tarix qarşısında böyük xidmət göstərib. Bu, ölkədə yürüdülən məqsədyönlü iqtisadi siyasət, Azərbaycan dövlətinin dünyadakı nüfuzu və yaratdığı mükəmməl tərəfdaşlıq formatı sayəsində mümkün olub. 

Ölkəmizin mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsi siyasətinin tərkib hissələri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, əslində, bir-birindən ayrılmazdır.

Dəniz Ticarət Limanı ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici və mühüm rola malikdir. Layihənin həyata keçirilməsinə 2007-ci ildə başlanıb. Bu kompleksin inşası üçün 400 hektar torpaq sahəsi ayrılıb. Yeni limanın hazırda inşası aparılan birinci fazası ümumi ərazinin 117 hektarını əhatə edir. Kompleksin təməli 2010-cu ildə dövlət başçısının iştirakı ilə qoyulub, 2014-cü ildə birinci mərhələyə daxil olan liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı istifadəyə verilib.

Bu ilin əvvəlində isə Dəniz Ticarət Limanı Kompleksinin Ro-Ro terminalının açılışı olub.

Qeyd edək ki, liman kompleksinin hazırda inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malik olacaq. Obyektin yükaşırma imkanını ildə 15 milyon ton yük, o cümlədən 100 min 20 futluq konteyner təşkil edəcək. Birinci faza çərçivəsində Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, xidməti donanma gəmiləri üçün bir körpü nəzərdə tutulub. Həmçinin 70-dən çox müxtəlif təyinatlı bina və qurğuların tikintisi, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi, kranların alınması, təchizatı və quraşdırılması aparılacaq. Kompleksin xidməti donanma gəmiləri üçün uzunluğu 155 metr olan körpüsü də var. Buraya eyni zamanda 11 kiçik gəmi yan ala bilər.

Əgər gələcəkdə zərurət yaranarsa, limanı genişləndirmək də mümkün olacaq. Buna hər cür imkan var.

Tikintisində və istismara  verilməsində Azərbaycanın liderlik etdiyi və aparıcı qüvvə olduğu Bakı-Tbilisi-Qars dəmir yolu xətti isə qədim İpək yolunun polad magistrallar üzərində bərpası deməkdir. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair saziş 2007-ci ildə Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolunun 263 kilometri Gürcüstandan, 79 kilometri Türkiyədən keçir.

Bu magistral xətt Mərkəzi Asiya ölkələri olan Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın, eləcə də Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yolu ilə hər iki istiqamətdə daşınması onların həcmini dəfələrlə artıracaq. Daşımalara sərf edilən vaxt da nəzərəçarpacaq dərəcədə azalacaq.   Yaxın gələcəkdə həm Azərbaycan, həm də Gürcüstan və Türkiyə tranzit daşımalarından yüksək gəlir əldə edəcəklər.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycana Gürcüstan ərazisindən Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi qurmaq imkanı yaradıb. Odur ki, bu dəmir yolu regionda turizmin inkişafına da böyük təkan verəcək.

İki qitəni birləşdirən dəmir yolu xətti Avrasiya məkanında nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində son illərdə ən önəmli layihədir. Artıq bir neçə aydır Asiyadan və Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycanın ərazisindən keçir.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda hər iki layihənin dəyəri bir daha vurğulanmış, görülmüş və görüləcək işlərdən bəhs edilmişdir. Qeyd edilmişdir ki, “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir. Bu dəhlizlər onlarca ölkəni bir-birinə bağlayır, onlarca ölkə üçün şərait yaradır. Bu ölkələr arasında yeganə ölkə Azərbaycandır ki, hər iki layihənin fəal iştirakçısı və üzvüdür.

“Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin Azərbaycandan keçən avtomobil və dəmir yolu hissələri Ələtdə kəsişir. Ərazidə inşa edilən liman Xəzər hövzəsinin ən böyük beynəlxalq ticarət limanıdır. Beləliklə, limanın tikintisi buraya su magistrallarını da əlavə edib. Məhz bütün bunlar - avtomobil, dəmir və su yollarının birləşməsi Azərbaycanın mühüm nəqliyyat qovşağına və yeni geniş logistik məkana çevrilməsinə imkan yaradıb.

 

Flora SADIQLI,

“Azərbaycan”