Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmətin göstərilməsi qaydası təsdiq edilib

13 Mart 2018
 

Azərbaycan Respublikası Nazirlər Kabineti “Məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətinin göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Nazirlər Kabinetindən AZƏRTAC-a verilən məlumata görə, qərara əsasən, məktəbəqədər təhsil müəssisələrində təhsilalanlara tibbi xidmət məktəbəqədər təhsil müəssisələrinin tibb işçiləri və ya ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş tibb işçiləri tərəfindən göstərilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlar üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri icbari dispanserizasiyanı aparan dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. Məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 23 aprel tarixli 109 nömrəli qərarı ilə təsdiq edilmiş “Uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi Qaydası”na və “Xəstə və xəstələnmə riski olan uşaqlar üçün müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Qərara görə, məktəbəqədər təhsil müəssisəsində müalicə və ya müalicə-bərpa xidmətinə ehtiyacı olan uşaqlara təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların valideynlərinin və ya qanuni nümayəndələrinin razılığı ilə göstərilir. Uşağa göstərilən əlavə müalicə-bərpa xidmətinin nəticələri ərazi üzrə ambulator-poliklinika müəssisəsinin məktəbəqədər təhsil müəssisəsinə təhkim olunmuş həkimi tərəfindən qiymətləndirilir. Uşağın sağlamlıq vəziyyətindən asılı olaraq, ehtiyac olduqda, bu tədbirlər davam etdirilir. Aparılan əlavə müalicə-bərpa tədbirləri barədə məlumatlar “Uşağın Dispanser Müşahidə Kartı”nda (AZS 030/u) qeyd edilir və Vətəndaşların Elektron Sağlamlıq Kartı Sisteminə (VESKS-ə) daxil edilir.

Qərarda həmçinin məktəbəqədər təhsil müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidmətlərinin ödənişsiz göstərilməsi də qeyd olunub.