Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qaradağ rayonunun 6 min nəfərdən artıq sakini tibbi müayinələrdən keçib

01 Mart 2018
Fevralın 12-dən ölkəmizin hər yerində başlanılan əhalinin tibbi müayinə tədbirləri Qaradağ rayonunda uğurla davam edir. Əhalinin sağlamlığının qorunmasına yönələn tədbir xəstəliklərin erkən mərhələdə aşkarlanması baxımından olduqca əhəmiyyətlidir.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, humanitar müayinə aksiyasının mütəşəkkil keçməsini təmin etmək üçün müvafiq komissiya yaradılıb, xüsusi tədbirlər planı hazırlanıb, qrafik tərtib olunub. İndiyədək rayondakı tibb müəssisələrində 6 mindən artıq sakin ixtisaslı həkimlər tərəfindən hərtərəfli müayinə olunaraq sağlamlıqları haqqında məlumat əldə ediblər. Müayinə olunan sakinlərdən 901-i ambulator, 72-si stasionar müalicəyə cəlb edilib, 82 nəfər ixtisaslaşmış xəstəxanalara göndərilib.

Səhiyyə müəssisələri rayon sakinləri ilə yanaşı ərazidə məskunlaşmış məcburi köçkünlərin də tibbi müayinələrdən keçməsini həyata keçirirlər. Rayon icra hakimiyyətində əhalinin tibbi müayinədən keçirilməsi zamanı yarana biləcək neqativ halların aradan qaldırılması üçün “Qaynar xətt” telefon əlaqə nömrəsi yaradılıb.