Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Beynəlxalq və yerli layihələr paralel icra olunur

23 Fevral 2018
 

Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin istiqamətlərindən biri geniş infrastruktur layihələrinin reallaşdırılmasıdır. Hələ neçə il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək yolunun müasir dövrün tələblərinə uyğun bərpası da bu məqsədə xidmət edirdi. Sonrakı illər görülən nəhəng işlər sayəsində Şərq-Qərb nəqliyyat dəhlizi fəaliyyətə başladı. Bunun üçün Bakı-Tbilisi-Qars dəmir yolu yenidən quruldu, baxmayaraq ki, ölkəmizə qarşı düşmən qüvvələr bu layihənin icrasına, xüsusilə onun maliyyələşməsinə mane olurdular. Lakin dövlətimizin qətiyyətli mövqeyi sayəsində bu layihə reallaşdı və BTQ göstərilən bütün müqavimətlərə baxmayaraq fəaliyyətə başladı. 

İkinci ən böyük layihə Şimal-Cənub nəqliyyat dəhlizinin tikintisinə başlanmasıdır. Hazırda bu istiqamətdə tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. İpək yolu Şərqdən Avropaya yüklərin daşınmasında nə qədər əhəmiyyətlidirsə, Şimal-Cənub nəqliyyat dəhlizi də Rusiyaya və Şimali Avropaya yüklərin daşınması üçün bir o qədər vacibdir. Həmin dəhliz istifadəyə verildikdən sonra ölkəmizin ərazisindən daşınan yüklərin həcmi xeyli artacaq. Bu, həm iqtisadi, həm də siyasi cəhətdən ölkəmizə əlavə dividendlər qazandıracaq.
Məlumdur ki, bu il yanvarın 9-da Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksində Ro-Ro terminalının açılışı oldu. Hazırda kompleksin inşası aparılan birinci fazası 12 yanalma körpüsünə malikdir. Onun yükdaşıma imkanı illik 15 milyon ton yük, o cümlədən 20 futluq 100 min konteynerdir. Bu proqrama uyğun olaraq, Ro-Ro tipli gəmilər üçün 2 körpü, 7 körpüdən ibarət universal quru yük və konteyner terminalı, 2 bərə körpüsü, eləcə də xidməti donanma gəmiləri üçün körpü nəzərdə tutulub. Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində bu istiqamətdə görülən işlər həlledici rola malikdir.
İndi limana çəkisi 5-8 min tonadək gəmilər daxil olur. Gələcək üçün isə liman akvatoriyasında dərinliyi 7 metrdən 9 metrə qədər artırılma imkanı nəzərə alınıb ki, bu da çəkisi 12 min tona qədər olan gəmilərin sərbəst yanaşmasını təmin edəcək. Hazırda limanda tikinti-quruculuq işləri gedir. Bu işləri həyata keçirmək üçün 1500 nəfər işçi qüvvəsi cəlb edilib.
Yeni liman ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti üçün bilavasitə yükcəmləyici funksiyasını yerinə yetirəcək. Beləliklə, Şimal, Cənub, Şərq və Qərb istiqamətlərindən dəhlizlər üzrə ölkəmizə daxil olan yük axınları yeni liman kompleksində cəmlənərək Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya və əks istiqamətə - Şərqə daşınacaq.
Azərbaycanda beynəlxalq əhəmiyyətli infrastruktur layihələri ilə yanaşı, yerli əhəmiyyətli layihələr də icra edilir. Cari ilin investisiya proqramında Bakı-Yalama dəmir yolunun təmiri və yenidən qurulması öz əksini tapıb. Proqramda Bakı-Astara dəmir yolunun, xüsusilə dənizə yaxın olan hissəsinin köçürülməsi, turizmin inkişafı üçün yeni dəmir yolu xəttinin çəkilməsi də nəzərdə tutulub. Bu layihələrin arasında Ağdaşın Ləki stansiyasından Qəbələyə yeni dəmir yolu xəttinin çəkilməsi xüsusi qeyd olunmalıdır. Yeni xəttin çəkilməsinin bölgədə turizmin inkişafına təkan verəcəyini indidən söyləmək olar.
Son 14 ildə hava nəqliyyatı infrastrukturunun yaradılması istiqamətində də mühüm işlər görülüb. Ölkədə bu müddət ərzində 7 aeroport tikilib ki, onların 6-sı beynəlxalq əhəmiyyətlidir. Halbuki əvvəl yalnız Bakıda beynəlxalq əhəmiyyətli aeroport fəaliyyət göstərirdi.
Digərləri yerli əhəmiyyətli aeroportlar sayılırdı. Bu gün isə Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala aeroportlarından beynəlxalq reyslər həyata keçirilir.
Sosial mahiyyət daşıyan infrastruktur layihələrin icrası da diqqət mərkəzindədir. Ötən il belə layihələrin icrası davam etdirilib və bu məqsədlə büdcədən böyük məbləğdə vəsait ayrılıb. Görülən işlər sayəsində ölkədə elektrik təchizatı yaxşılaşıb, qazlaşdırma 93 faizə çatıb, əlavə 100 min hektardan çox sahə suvarılmağa başlanıb. Son 14 il ərzində 12 min 300 kilometr avtomobil yolu, o cümlədən 500-dən çox kəndə yeni yol salınıb. Cari ildə bu sahədə işlərin davam etdirilməsi planlaşdırılıb.
Hesabat dövründə həmçinin 133 yeni məktəb tikilib, 14 məktəb yenidən qurulub, 500-ə yaxın məktəbdə cari təmir işləri aparılıb, 30 tibb müəssisəsi inşa və əsaslı təmir olunub, 2300 qaçqın və məcburi köçkün ailəsi yeni mənzillərə köçüb.
Cari ildə də sosial infrastruktur layihələrin icrası üçün dövlət tərəfindən kifayət qədər investisiya ayrılıb. Bu il bölgələrdə modul tipli 137 məktəb tikiləcək və bununla ölkədə olan qəzalı məktəb problemi birdəfəlik həll ediləcək. Habelə yüzlərlə məktəbdə təmir işləri aparılacaq, o cümlədən Bakı şəhərində 12 məktəbdə əsaslı təmir işləri görüləcək. Beləliklə, paytaxtdakı bütün məktəblərdə təmir işləri başa çatmış olacaq.
Bu il səhiyyə sahəsində də sosial infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Qazax, Qobustan, Şəmkir, Quba, Naftalan və Goranboyda yeni xəstəxanalar istifadəyə veriləcək. Xırdalan, Qəbələ şəhərlərində və Füzuli rayonunda müasir xəstəxanaların tikintisi davam etdiriləcək.
Dövlət daim qaçqın və məcburi köçkünlərin problemlərinin həllini diqqət mərkəzində saxlayır. Cari ildə də yeni köçkün şəhərcikləri, qəsəbələri salınacaq. Bu il yeni mənzillərlə təmin ediləcək köçkünlərin sayı ötən illə müqayisədə təxminən 2 dəfə artacaq. Əgər ötən il 12 min soydaşımız yeni mənzillərə köçmüşdüsə, bu il ən azı 20 min nəfər köçkün yeni mənzillərlə təmin olunacaq.

Rüstəm KAMAL,
“Azərbaycan”