Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xatirə bulaq

18 Fevral 2018
 

Büzeyir ucqar dağ kəndidir. Lerik-Kərvəz magistral yolunun üstündə, dəniz səviyyəsindən 2000 metr hündürlükdə yerləşir. Kənd daha çox qədim insan məskənləri - Büzeyir və Zuvandçay mağaraları ilə tanınır. Bumbuz bulaqları, quşqonmaz qayaları var bu kəndin. Yamaclarında bitən otlar və çiçəklər min bir dərdin dərmanıdır. Əməksevər adamları dağlar qoynunda meyvə bağları salıblar. Onlar tərəvəz əkib becərir, arıçılıqla məşğul olurlar.

Burada II Dünya müharibəsində, eləcə də Qarabağ döyüşlərində həlak olanların xatirəsi də  əbədiləşdirilib. 1941-1945-ci illər müharibəsinin veteranı Balamirzə Kəlbiyev Qafqazdan Praqayadək döyüş yolu keçmişdi. Bir ayağını itirib əlil qayıtmışdı. Yarım əsr müəllim işlədi. Kənd ağsaqqallar şurasının sədri idi. O, 93 yaşında dünyasını dəyişdi. Büzeyirin ziyalıları Balamirzə müəllimin xatirəsinə bulaq tikməyi qərara aldılar. Bu xeyirxah  işə çox adam qoşuldu. Bir  kilometr məsafədən dağdakı bulağın suyu yolun kənarına çəkildi, ağsaqqalların təklifi ilə  “Baba bulağı” adlandırıldı.

“Baba bulağı”nın ətrafında dincəlmək üçün yer də ayrıldı. Yolçular burada ayaq saxlayır, saf sudan içib ətrafı seyr edirlər. Bulağın suyundan təkcə yoldan keçənlər deyil, yaxın kəndlərin, Lerik şəhərinin yüzlərlə sakini də istifadə edir. Büzeyir ziyalıları bulağın ətrafında ağac və gül kolları əkib, abadlıq işləri aparıblar.

 

Ruslan İSMAYILOĞLU,

Lerik şəhəri