Kiçik çillə

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kiçik çillə

15 Fevral 2018
 

Qədim insanların şifahi yaradıcılığında əmək nəğmələrindən sonra mühüm yeri mövsüm mərasimləri tutur.  Belə ki, hələ o zamanlar müəyyən təbiət hadisələri üzərində hökmranlıq idealı ilə yaşayan insanlarda onları qavramaq, başa düşmək, özünə tabe etdirmək duyğularını üzə çıxarmışdır. Bu duyğular isə insanın ilk inanc və etiqadlarını, ayin və mərasimlərini yaratmışdır.

Həmin mərasimlər xalqın gündəlik həyatı ilə bağlı olmuş, onun tələblərindən irəli gəlmişdir. Mövsüm mərasimlərində ulu əcdadlarımızın bir sıra erkən görüşləri, sivil mədəniyyətə doğru inkişafın müxtəlif mərhələlərdəki dünyagörüşləri, ziddiyyətləri, təzadları öz əksini tapmışdır. Bu baxımdan Novruzaqədərki müddətdə də belə mərasimlər geniş yayılmışdır. “Şum”, “Saya” mərasimləri və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb etmişdir.

Novruza hələ 90 gün qalmış, yəni qışın - Böyük çillənin girməsi ilə bağlı xalq arasında Çillə şənlikləri keçirilər və müxtəlif nəğmələr oxunardı. Erkən düşüncədə qış çillələrə və Boz aya bölünür. Onlar şəxsləndirilir, çillələrin boy- buxunu, gücü, hikkəsi, ümumilikdə daxili aləmi, xilqəti barədə söz açılır. Mərasim nəğmələrində Böyük çillə xoşqılıqlıdır. İnsana o qədər də ziyan gətirmir. Kiçik çillə isə daha sərt təbiətli və amansızdır.

Xalq təqvimində fevral ayının əvvəlindən başlayaraq 20 gün davam edən Kiçik çillə soyuqluğu və tufanı ilə özündən əvvəlki və sonrakı çillələrdən seçilir. Onun ömrü o qədər də çox deyil, amma qış fəslinin çovğunlu, dondurucu çağı sayılır.

Kiçik çillə çox hirsli gələr, bir əlində qılınc kimi şaxta, bir əlində çovğun, boran, div nərəli küləklər olar. Şaxtalı keçməsinə görə bu müddətə “qışın oğlan çağı” da deyirlər. Kiçik çillənin Xıdır Nəbi adlanan ilk ongünlüyü, ümumiyyətlə, fəslin ən çovğunlu günü hesab edilir. Onuncu gün Xıdır Nəbi mərasimi keçirilir. Kiçik çillə lap axırda tufan qoparır. Bu müddət sovuşandan sonra hamı sevinir. Çünki onun soyuğu, şaxtası, dəli küləkləri çox üzüntülü olur. Qışdan bir ay sonra da getmək bilmir. Necə ki, bununla bağlı el-oba arasında gəzən bir söyləmə var: “Kiçik çillə Böyük çilləyə deyib ki, əgər sənin ömrün məndə olsaydı, gəlinlərin əlini xəmir təknəsində, un çuvalında dondurardım. Bir də deyib ki, sənin yerinə mən olsaydım, atların balasını qarnında dondurardım. Amma neynim, ömrüm azdır, önüm yazdır...”

Görkəmli şair Əhməd Cavad Novruz bayramı ilə bağlı silsilə etnoqrafik şeirlər yazmışdır. Xüsusilə, Kiçik çillənin tərifini belə vermişdir:

 

Böyük tufan başlayır

Böyük qardaş gedən tək.

Şaxta tüğyan eləyir;

Kollar yenə sinərək, -

Vıyıldayır küləklər,

Budaqları əyərək.

Yeri-göyü bürüyür

Dörd tərəfdən - duman, çən.

Ocaqlar bərk qalanır,

Qazanda hədik bişir.

Pəncərələr açılmır,

Qapılar tamam şişir.

 

Kiçik qardaş zalım olur

Böyük qardaşdan yüz yol.

Başını da qaldırmır

Nə bir ağac, nə bir kol.

Dəliqanlıq eyləyir

İki qat az ömrünü.

Tezcənə başa vurur

Yarıda öz ömrünü!

 

Səddə bayramı

 

Qədim zamanlarda Novruza düz 50 günün qaldığını bildirmək üçün Azərbaycanda Səddə bayramı keçirilərdi. Onun əsas əlaməti camaatın toplaşdığı meydanda böyük tonqal yandırmaq, atəşfəşanlıq etmək, qışı yola salmaq mərasimi olmuşdur. Xalqımız Səddə bayramını Kiçik çillənin sərt şaxtalarının qarşısını almaqdan ötrü çəkilən böyük maneə, odlu-alovlu bənd, yaxud “sədd” kimi mənalandırır. Buraya axın-axın gələn insanlar əl-ələ tutub tonqalın ətrafında hərlənərək “50 gün Novruza qədər, 150 gün biçinə kimi” sözləri ilə başlanan nəğmələr oxuyar, şənliklər keçirər, rəqs edib, tamaşalar göstərərdilər. Nizami Gəncəvi “İsgəndərnamə” poemasında Novruzla bərabər Səddə bayramını da təsvir etmişdir:

 

Novruz ilə Səddə bayramlarında,

Ayinlər yenidən olurdu bərpa.

Ər üzü görməmiş növrəstə qızlar,

Evində sevinclə dişara çıxar.

Əllər al xınalı, üzlər bəzəkli,

Hər yandan gəlirdi coşqun ürəkli...…

 

Şum bayramı

 

Şum qədim əkinçilik bayramıdır. Yaz fəslinin əvvəlində elliklə torpaq işləri görülür, toxum saf-çürük olunur, şumlama işinə hazırlaşırlar. Ənənəyə görə, yaz şumu məraismi keçiriləndə evlərdə qovurğa qovurmazlar. Guya qovurğa quraqlıq nümunəsidir. Novruzqabağı şumaçıxma dövründə evlərdə buğda göyərdir, səməni qoyurdular. Səməni Novruz bayramının əkinçilik təsərrüfatı ilə bağlılığını göstərir. Torpağa toxum səpilən gün çal-çağır başlayar, hamı şənlənər, küsülülər mütləq barışar. Yoxsa, zəmində taxılın alağı, dənin zayı artıq olar - deyirlər. El-obanın adətinə görə ilk şırımın açılmasını ömrü-günü əkin-biçində keçmiş, əli çörəkli, ayağı sayalı, süfrəsi bərəkətli ağsaqqala etibar edərlər. O da ən yaxşı paltarını geyinib sahəyə çıxar, şuma başlayardı. Torpaq şumlandıqca insanlar sevinir, gülür, oynayır, bir-birinin üstünə torpaq, papaq, qurşaq və digər şeylər ataraq deyirdilər: “Bolluq olsun, çörəyimiz bərəkətli olsun”.

 

Bahar gəldi, yer oyandı,

Soyuq qışın yası gəldi.

Ala öküz çək kotanı,

Örüşlərin yazı gəldi.

 

Qızıl öküzüm, yeri,

Qoyma şum qala geri.

İti tərpən, maralım,

Paxıllar baxır bəri.

 

Qoşa kəlim boz, ala.

Tarlaya saldım yola.

Tay öküzlə iş aşmaz,

Öküz gərək cüt ola.

 

Hazırladı:

İradə ƏLİYEVA,

“Azərbaycan”