Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekspert: Moody’s-in hesabatında Azərbaycandakı iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir

13 Fevral 2018
Moody’s beynəlxalq reytinq agentliyinin hesabatında Azərbaycanda gedən iqtisadi proseslərin müsbət qiymətləndirilməsi önəmli amildir. Moody’s ekspertlərinin gəldikləri qənaət bundan ibarətdir ki, Azərbaycanda iqtisadi şaxələndirmə ilə bağlı aparılan islahatlar ortamüddətli və uzunmüddətli dövrdə dayanıqlı iqtisadiyyatın güclənməsinə və genişlənməsinə xidmət edəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

Ekspert qeyd edib ki, agentlik Azərbaycan iqtisadiyyatındakı sektorları ayrı-ayrılıqda dəyərləndirib. Moody’s Azərbaycanda turizmi, beynəlxalq yükdaşımaları ayrıca xarakterizə edib və bu sahələrdən əldə edilən vəsaitlərdə artım olacağını proqnozlaşdırır. Agentlik Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində hökumətin apardığı islahatları və təşviqedici siyasəti müsbət dəyərləndirib. Hesabatda dəyərləndirildiyi kimi, təşviqedici siyasət və fiskal konsolidasiya ilə yanaşı, islahatlara maliyyə dəstəyi Azərbaycan iqtisadiyyatının dayanıqlılığını artıran amildir. İqtisadiyyatdakı artım dövlət vəsaiti hesabına baş verəcək. Bundan başqa, hesabatda Azərbaycan hökumətinin qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafını sürətləndirdiyi qeyd olunur.

“Hesabatda bildirilir ki, 2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən Strateji Yol xəritələri imzalanaraq qüvvəyə minib. Yol xəritələrində qeyd edilən sahələr arasında daha çox turizm, nəqliyyat və logistika inkişaf edib. Turizm infrastrukturunun inkişafı növbəti illərdə Azərbaycana əlavə turist axınına səbəb olacaq. Bundan başqa, Azərbaycan Çini və Mərkəzi Asiyanı Avropa (Şərq-Qərb dəhlizi), Rusiyanı İran və Cənubi Asiya (Şimal-Cənub dəhlizi) ilə birləşdirən əsas nəqliyyat və logistika mərkəzinə çevrilmək niyyətindədir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı artıq Xəzər dənizinin ən böyük limanı hesab edilir. Limanın Ələtdə ilk mərhələsinin qurulması isə 2018-ci ilin ortalarına təsadüf edəcək. Yeni liman azad ticarət zonasında yerləşməklə Bakının beynəlxalq hava limanı və dəmir yollarını əhatə edəcək ki, bununla da Azərbaycanın nəqliyyat infrastrukturu Rusiya, Gürcüstan və Türkiyə (Bakı-Tbilisi-Qars), eləcə də İranla birləşməklə daha da inkişaf edəcək.

Sənəddə o da qeyd olunub ki, Azərbaycan hökumətinin şaxələndirmə planları fiskal xərclər hesabına başa gələcək. Vergi və gömrük təşviqatı qeyri-neft sektorunun inkişafının bir hissəsidir. Qiymətləndirməyə görə, təkcə nəqliyyat və logistika mərkəzinin qurulması üçün infrastruktur üzrə investisiya xərcləri 2017-ci ildə ümumi daxili məhsulun 5 faizinə bərabər olub”, - deyə ekspert bildirib.