Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

TÜRKSOY azərbaycanlı sənət xadimlərinə xatirə medalları təqdim edib

09 Fevral 2018
Fevralın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən türkdilli ölkələrin müstəqilliyinin əldə olunmasının 25 illiyinə həsr olunmuş xatirə medalları təqdim olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edərək rəhbərlik etdiyi qurumun gördüyü işlərdən danışıb. Bildirib ki, bu il türk dünyasında bir sıra əlamətdar hadisələrlə zəngindir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü, görkəmli bəstəkar Qara Qarayevin anadan olmasının 100-cü, türk dünyasının görkəmli yazıçısı Çingiz Aytmatovun anadan olmasının 90-cı, TÜRKSOY-un isə 25-ci ildönümüdür. Türkiyənin Kastamonu şəhəri təşkilat tərəfindən 2018-ci il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Baş katib qeyd edib ki, bununla bağlı türk dövlətlərində il ərzində bir sıra tədbirlər həyata keçiriləcək. TÜRKSOY türk xalqlarının mədəni əlaqələrinin gücləndirilməsində əlindən gələni edir və bundan sonra da edəcək.

Sonra türk dünyasının mədəniyyətinə verdiyi töhfələrə görə təşkilat tərəfindən Xalq Artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Əməkdar İncəsənət Xadimi Çingiz Fərzəliyev və müğənni Roza Zərgərli xatirə medalları ilə təltif olunublar.

Tədbirdə çıxış edən təltiflilər TÜRKSOY-un həyata keçirdiyi mədəniyyət layihələri türk dünyasının birlik çağırışına real nəticələr bəxş edən amil kimi dəyərləndiriblər və fəaliyyətlərinə verdikləri yüksək qiymətə görə qurumun rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.