Azərbaycan Dillər Universiteti ilə Moskva Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dillər Universiteti ilə Moskva Dövlət Linqvistik Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

07 Fevral 2018
Azərbaycan Dillər Universiteti (ADU) dünya ali təhsil məkanına inteqrasiya istiqamətində daha bir mühüm addım atıb. Belə ki, fevralın 7-də ADU ilə MDB məkanında aparıcı dilşünaslıq mərkəzlərindən biri olan Moskva Dövlət Linqvistik Universiteti (MDLU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

ADU-dan AZƏRTAC-a bildirilib ki, sənədi bu universitetin rektoru, akademik Kamal Abdulla və MDLU-nun rektoru, professor İrina Krayeva imzalayıblar.

İmzalanma mərasimində sənədin əhəmiyyətini xüsusi vurğulayan K.Abdulla diqqətə çatdırıb ki, universitetlər arasında tədris və elmi əlaqələrin geniş spektrini əhatə edən müqavilədə tələbə və müəllim mübadiləsi, elmi-pedaqoji kadrların ixtisaslarının artırılması sahəsində əməkdaşlıq, birgə elmi tədbirlərin təşkili, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan dövlətinin təhsilə qayğısını vurğulayan K.Abdulla ölkəmizdə ali təhsil sisteminin yüksəliş yolunda olduğunu deyib. ADU-da görülən işlərdən ətraflı danışan rektor cari ilin aprel-may aylarında universitetdə ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunacaq beynəlxalq konfransa hazırlıq işləri barədə ətraflı məlumat verib. Bildirilib ki, tədbirdə 10-dan artıq ölkənin ali təhsil ocağı təmsil olunacaq.

Söhbət zamanı İ.Krayeva imzalanan müqavilənin Azərbaycan və Rusiya ali məktəbləri arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyini vurğulayıb. Rektor bakılı həmkarlarının təşkil edəcəkləri konfrans barədə məlumatlı olduğunu deyib. O, bu yüksək əhəmiyyətli tədbirin bir bölməsinin də MDLU-da keçirilməsinə hazır olduqlarını söyləyib.

Ulu Öndərin xatirəsini əziz tutduqlarına görə moskvalı həmkarlarına minnətdarlığını bildirən K.Abdulla konfransın təşkilat komitəsinin həmsədrlərindən biri olaraq MDLU-da da bir bölmənin təşkili ilə bağlı təklifi məmnuniyyətlə qəbul edib. O, həmçinin İ.Krayevadan təşkilat komitəsinin tərkibinə daxil olunması üçün razılıq verməsini xahiş edib. İ.Krayeva təklifi razılıqla qarşılayıb.

MDLU-nun rektoru diqqətə çatdırıb ki, rəhbərlik etdiyi universitet MDB-yə üzv ölkələrin dilləri və mədəniyyətləri üzrə baza təşkilatıdır və bu məkanda humanitar profilli aparıcı ali məktəbləri əhatə edən geniş şəbəkəyə malikdir.

Görüşdə, həmçinin ADU-nun da həmin şəbəkəyə daxil edilməsinin əməkdaşlıq və birgə fəaliyyət baxımından faydalı olacağına əminlik ifadə olunub.

K.Abdulla ADU-nun həmin qurumla əməkdaşlıq etməyə və bu istiqamətdə zəruri addımlar atmağa hazır olduğunu bildirib.

Daha sonra qonaqlar universitet həyatının müxtəlif sahələrinə rəhbərlik edən əməkdaşlarla görüşüblər.