Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hesabat verəcək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hesabat verəcək

06 Fevral 2018
 

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Ədliyyə nazirinin müavini Vilayət Zahirov diqqətə çatdırdı ki, ötən il bələdiyyə institutunun inkşafında müsbət dəyişikliklər baş verib. 

“Ötən il Ədliyyə Nazirliyinin yanında Bələdiyyələrlə iş mərkəzinə 64788 bələdiyyə aktı daxil olub. Hər bir bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib, diqqətlə öyrənilib və onların qanunvericiliyə uyğunluğu yoxlanılıb. Bələdiyyə aktlarının böyük əksəriyyəti ölkə qanunvericiliyinə uyğun olub. 1979 aktın dəyişidirilməsi və ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə müvafiq təkliflər verilib. Bu təkliflər əsasında qanunvericiliyə uyğun olmadığı üçün 741 akt ləğv edilib, 714-ü isə dəyişdirilib”, - deyə Vilayət Zahirov qeyd etdi.

Bələdiyyə aktları yoxlanılarkən, hüquqi ekspertizadan keçirilərkən, eyni zamanda, vətəndaş müarciətlərinə baxılarkən torpaq qanunvericiliyinin pozulması halları ciddi araşdırılıb və 2636 hektar torpaq sahəsinin bələdiyyələr tərəfindən qanunsuz verilməsi faktları aşkar olunub. Bu torpaqların bələdiyyələrə qaytarılması üçün qanuna müvafiq tədbirlər görülüb. Ötən il torpaq qanunvericiliyinin pozulması halları əvvəlki ilə nisbətən 3 dəfədən artıq azalıb.

Nazir müavini bildirdi ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: “24 belə fakta hüquqi qiymət verilməsi üçün prokurorluğa və digər hüquq mühafizə orqanlarına göndərilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. Qanun pozuntuları torpaq sahəsinin qanunuz icarəyə verilməsi və icarə haqqının bələdiyyə büdcəsinə keçirilməməsi, təmir-abadlıq işləri ilə bağlı bələdiyyə vəsaitinin qanunsuz, başqa məqsədlər üçün xərclənməsi, ayrı-ayrı bələdiyyələrin sədri tərəfindən təkbaşına qərar qəbul olunmaqla kollegiyalıq prinsipinin pozulması, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub”.

Bundan başqa, ötən il bələdiyyələrlə bağlı 3 halda məhkəmələrə müraciət olunub, bu da 2016-cı illə müqayisədə 7 dəfə azdır. Vilayət Zahirov əlavə etdi ki, 2017-ci il ərzində maarifləndirici tədbirlərə 10 mindən çox bələdiyyə üzvü, qulluqçusu cəlb edilib.

Müzakirələr zamanı Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, komitə sədrinin müavini Fəttah Heydərov və komitə üzvləri məruzə ilə bağlı fikirlərini bildirdilər. Yekunda  bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi plenar iclasa tövsiyə olundu.

 

Səbinə MƏMMƏDOVA,

“Azərbaycan”