Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İLHAM ƏLİYEV - mütləq çoxluğun namizədi

06 Fevral 2018
 

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olundu

 

Azərbaycan vətəndaşları 11 apreldə müstəqillik dövrünün 8-ci Prezident seçkisində liderini müəyyənləşdirəcək.
Bu, yeni tariximizin üçüncü növbədənkənar seçkiləridir. Amma budəfəki mahiyyət tam fərqlidir, yəni, 1992 və 1993-cü illərin məlum situasiyalarının əksidir. Həmin dövrlərin növbədənkənar seçkiləri hərbi tənəzzülün, iqtisadi böhranın, siyasi təlatümlərin nəticəsi olaraq meydana çıxmış, ən əsası, ölkə rəhbərlərinin öz ali postlarından qaçmaları səbəbindən zərurətə çevrilmişdi.
2018-ci ilin aprel növbədənkənar seçkiləri isə Azərbaycana tarixinin ən qüdrətli dövrünü, ən möhtəşəm inkişafını yaşadan, ümummilli etimad qazanan Prezidentin siyasi qərarı ilə gerçəkləşir...

 

Seçkilər niyə 6 ay öncəyə çəkilir

 

Seçkilərin növbədənkənar keçirilməsi birmənalı olaraq, ölkədə aparılan genişmiqyaslı islahatların yaratdığı hüquqi, siyasi tələblərlə bağlıdır.
Qlobal miqyasda tüğyan edən maliyyə böhranı, iqtisadi çətinliklər son 4 il ərzində Azərbaycanda da özünü büruzə verdi. Dünya enerji bazarında baş verən kataklizmlər ölkə büdcəsinə daxilolmaları kəskin azaltsa da, bu problemin yaradacağı fəsadların qarşısı qısa müddət ərzində alındı. Yürüdülən düşünülmüş siyasətin səmərəliliyi və o dövrədək aparılan islahtların məqsədyönlülüyü Azərbaycanı digər dövlətlərin üzləşdliyi böyük iqtisadi-sosial təlatümlərdən xilas etdi.
Lakin Prezident İlham Əliyev strateji düşünərək, mövcud maliyyə-iqtisadi duruma adekvat olan və qlobal çağırışlara cavab verən yeni islahatlar kursuna başladı. Son 3 il ərzində bu yönümdə aparılan islahatlar ilkin uğurlu nəticələrini verdi, ölkə iqtisadiyatının bütün sahələrində, xüsusən də qeyri-neft sektorunda əsaslı canlanma yarandı və bu proseslər beynəlxalq ekspertlər tərəfindən “böhran şəraitində inkişaf” kimi dəyərləndirildi.
İlham Əliyevin yeni islahatlar kursu ölkədə köklü yeniliklərə, müasir inkişaf tendensiyalarına təkan oldu, dövlətin mövcudluq və müstəqilliyin davamlılıq şərtlərini təmin edən amilləri gücləndirdi. Prezidentin təbirincə desək, 2016-cı il dərin islahatlar dövrü, 2017-ci il isə sürətli islahatlar mərhələsi kimi yadda qaldı.
İki il öncə Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referendum bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təkmilləşmə, modernləşmə, demokratikləşmə və davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi. Ən əsası isə xalq bu referendum vasitəsilə Prezident İlham Əliyevə olan inamını 91 faizlik göstərici ilə növbəti dəfə rəsmiləşdirdi.
İlham Əliyev çevik idarəçilik metodunu mənimsəmiş rəhbərdir. Yeni iqtisadi-siyasi situasiya ondan islahatları daha geniş miyqasda aparmağı və vacib qərarların operativ qəbulunu tələb edir. Nəzərə alaq ki, bu gün üzərində işlənən layihələr, proqramlar böyük strateji dövr üçün nəzərdə tutulur və onların əksəriyyəti 2030-cu ilədək olan mərhələni əhatə edir.
Bu şərait Prezidentdən təxirəsalınmaz vacib qərarların qəbulunu tələb edir. Seçkilərin 6 ay öncəyə çəkilməsi də yeni islahatlar kursunun vacib proqramlarının icrasını tez bir zamanda başlamaq üçün İlham Əliyevin xalqından yeni etimad mandatı almasına hesablanıb.

 

İlham Əliyev seçkilərə 15 illik uğurlu fəaliyyətinin real hesabatı ilə gedir

 

Prezident seçkilərinin əsas məğzi vətəndaşların siyasi alternativlər sırasında inam bəslədikləri namizədə səs verməsi və ən üstün etimadı qazananın qalib elan olunmasıdır. Bu həm də bir yarışdır.
Və bu yarışın son 25 il ərzində qalibləri məhz müstəqilliyin, dövlətçiliyin, inkişafın alternativsiz təminatçısı olan siyasi kursunun təmsilçiləridir...
Artıq ölkədə seçki kampaniyası qeyri-rəsmi başlayıb. Yeni Azərbaycan Partiyası rəsmilərin ardınca 1 milyon 500 min üzvü və 17430 ilk təşkilatı ətrafında birləşdirən Həmkarlar İttifaqları Konfederasiyası da dünən İlham Əliyevi prezidentliyə namizəd kimi irəli sürdü.
Prezidentin konkret missiyası var: Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycanı daha da qüdrətləndirmək, dünya birliyinə sivil, modern dövlət kimi qəbul etdirmək. Ötən 15 il ərzində bu istəyə tam nail olundu. Bu gün Azərbaycan inkişafın dinamikasına görə dünyada lider ölkələrdəndir, bölgənin güc mərkəzi və əsas söz sahibidir, Avropanın yeni enerji təhlükəsizliyi siyasətinin başlıca təminatçılarındandır, qitələri birləşdirən enerji və kommunikasiya dəhlizlərinin “strateji dispetçeridir”, azad və firavan yaşayan, rəhbərinə və dövlətinə güvənən xalqın qüdrətli dövlətidir. Bütün bu faktlar isə Prezident İlham Əliyevin fəaliyyət hesabatının yalnız bir hissəsidir...
Şübhəsiz, bu nailiyyətlərin əldə olunması asan başa gəlməyib. Antiazərbaycançı şəbəkənin davamlı hal alan təfriqələri, dünya erməniliyinin bitməyən qərəzli kampaniyaları qarşısında məğrurluqla dirəniş göstərən Azərbaycan və onun Lideri bütün bu təxribatları puça çıxarmaqla bərabər, ölkənin hərtərəfli yüksəlişinə də nail olmuşlar.

 

İlham Əliyevin yolu

 

Prezident İlham Əliyev yürütdüyü böyük mücadiləsinin manifestini belə müəyyənləşdirib: “Bizə təzyiqlər ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə aparırıq, milli maraqlarımızı qoruyuruq, Azərbaycan xalqının maraqlarını hər şeydən üstün tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan döndərə bilməz”.
Bu, İlham Əliyevin şəxsində Azərbaycan dövlətinin, xalqının mövqeyi, mübarizəsi və qələbəsidir!
“Güclü dövlət - güclü xalq - güclü hakimiyyət” formulunun real təzahürü də məhz bugünkü Azərbaycan, onun uğurları, beynəlxalq nüfuzu, qlobal miqyasda daşıdığı strateji əhəmiyyətdir!
Prezidentə olan etimad artıq ümummilli məna kəsb edir. İlham Əliyev qarşıdakı prezident seçkilərinə də bu misilsiz güc və yüksək siyasi potensialla - xalqın yeganə namizədi olaraq gedir.
Onunla seçki yarışına girəcək “siyasi macəraçıların” isə sadəcə bir məqsədləri var - tarixə İlham Əliyevlə mübarizə aparacaq şəxslər kimi düşmək! Bu adamların hamısının birlikdə belə İlham Əliyevdən 10 dəfə az səs toplayaraq, birmənalı məğlubiyyətə düçar olacaqları da onlar üçün əslində, böyük şans kimi dəyərləndirilməlidir. Həqiqətən də İlham Əliyev kimi xarizmatik şəxsiyyətə məğlubiyyət təsəllidir, uğurdur, şansdır!
İlham Əliyevin 2018-ci ilin aprelində qazanacağı qələbəni bütün sosialoji sorğular, yerli və xarici ekspert rəyləri, ən əsası isə xalqın birmənalı mövqeyi indidən təsdiqləyir.
Azərbaycan vətəndaşları, əslində, iki ay sonra baş tutacaq səsverməyə Prezident seçkilərindən daha çox, Heydər Əliyev siyasi kursuna və İlham Əliyevin fəaliyyətinə ümumxalq etimad referendumu kimi yanaşır. Seçicilər bu aksiyada yalnız ictimai mövqelərini bildirməyəcəklər, həm də tarixin arxivindən hələ də baş qaldırmağa çalışan məlum qüvvələrə birdəfəlik YOX deyəcək, ulu öndərin siyasi xəttinin alternativsizliyini növbəti dəfə təsdiqləyəcəklər.

Xalq geriyə - xaosa, böhrana, fəlakətə deyil, sabaha - davamlı tərəqqiyə, yüksələn rifaha, qüdrətli dövlətə səs verəcək...
Yolumuz tarixin ən qüdrətli Azərbaycanını yaradan Liderlədir...
Yolumuz İlham Əliyevlədir...
Yolunuz, yolumuz daim aydın olsun, cənab PREZİDENT!..

İxtiyar HÜSEYNLİ,
“Azərbaycan”