İlham Əliyev Ermənistana növbəti xəbərdarlığını etdi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyev Ermənistana növbəti xəbərdarlığını etdi: “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq”

03 Fevral 2018
 

İşğal nəticəsində Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistanın nəzarəti altında qalması ilə ölkəmizin heç vaxt barışmayacağını, ərazi bütövlüyünü ya sülh, ya da hərb yolu ilə azad edəcəyini düşmən tərəf də yaxşı bilir. Eyni zamanda, Ermənistanda onu da yaxşı görürlər ki, Azərbaycan işğaldan azad olunan ərazilərində geniş abadlıq-quruculuq işləri görür, yurd-yuvalarından didərgin düşənlərin doğma torpaqlarına qayıtmasından sonra onlara hər cür yüksək şərait yaradılır. Zəbt olunmuş digər ərazilər də azad edildikdən sonra həmin yerlərdə dövlətimizin genişmiqyaslı abadlıq işləri həyata keçirəcəyinə də erməni tərəfinin heç bir şübhəsi yoxdur.

Ümumiyyətlə, Ermənistan və hamiləri bilirlər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa ediləcəyi, burada quruculuq işlərinə start veriləcəyi gün uzaqda deyil. Məsələyə məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi kontekstində yenidən toxunan Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı bir daha bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “Keçən il biz Cocuq Mərcanlı kəndinin bərpasını təmin etdik. Bu, tarixi hadisədir. Eyni zamanda, Şıxarx qəsəbəsində böyük şəhərcik tikilib - 1170 ailəlik, Cocuq Mərcanlıda isə 150 ailəlik. Bu layihələrin xüsusi əhəmiyyəti var. Çünki bu layihələr vaxtilə işğal edilmiş və ordumuz tərəfindən işğaldan azad olunmuş torpaqlarda icra edilib. Bu layihələrin icrası eyni zamanda onu göstərir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və dağıdılmış bu ərazilərdə yeni şəhərlər, qəsəbələr, kəndlər, məktəblər, yaşayış binaları, bütün infrastruktur tikiləcək. Cocuq Mərcanlının və Şıxarxın timsalında biz dövlətimizin, xalqımızın iradəsini göstəririk. Bir daha göstəririk ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və Azərbaycan köçkünləri öz doğma torpaqlarına getməyə hazırdırlar. Bu gün ölkəmizin iqtisadi və hərbi potensialı heç kəsə sirr deyil və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli, beynəlxalq hüququn normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi bizim əsas vəzifəmizdir. Bu məsələ ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.
Hazırda istər diplomatik, istərsə də hərbi müstəvidə Azərbaycanın Ermənistan üzərində nisbət fərqi artıq dəfələrlə ölçülən üstünlüyə malikdir. Xüsusən də güc müstəvsində qüvvələr balansının daha sürətlə dəyişməsi Azərbaycana asanlıqla öz şərtlərini diktə etməyə imkan verir.
Elə işğalçı Ermənistan da hadisələrin onun lehinə inkişaf etmədiyini yaxşı görür. Aydın müşahidə edir ki, proseslər Azərbaycan Ordusunun daha böyük sürətlə güclənməsinə gətirib çıxarır. Əslində, indinin özündə də Azərbaycan hərbi cəhətdən Ermənistanla müqayisədə kifayət qədər böyük üstünlüyə malikdir. Bunu növbəti dəfə dünyanın ən güclü ordularının reytinqini hazırlayan “Global Firepower” təşkilatının son hesabatı da göstərir.
2017-ci il üçün hazırlanan “Global Firepower Index”in müəllifləri təxminən 50 meyar üzrə dünya ordularının gücünü qiymətləndiriblər. Reytinq siyahısı hazırlanarkən orduya çağırılacaq əhalinin sayı, tank, təyyarə, nüvə başlığı, təyyarədaşıyan gəmilər, sualtı gəmilərin miqdarı, həmçinin hərbi büdcənin həcmi nəzərə alınıb. Azərbaycan Silahlı Qüvvələri ümumilkdə 133 ölkənin adının yer aldığı “dünyanın ən güclü ordusu” reytinqində 58-ci yerdə qərarlaşıb. Gürcüstan 82-ci, Ermənistan isə 93-cü yerdədir.
Göründüyü kimi, Azərbaycan və Ermənistan arasında fərq kifayət qədər böyükdür. “Global Firepower” təşkilatı Azərbaycan Hərbi Hava Qüvvələrinin sərəncamında 18 qırıcı, 29 hücum, 64 nəqliyyat, 19 təlim təyyarəsi və 93 helikopterin olduğunu bildirir.
Silahlı Qüvvələrin silahlanmasında isə 520 tank, 1590 zirehli texnika, 359 artilleriya qurğusu, 191 reaktiv yaylım atəşi sistemi var. Bildirilir ki, Azərbaycan Ordusunun sayı 374,5 min nəfərdir, səfərbərlik zamanı isə 3,75 milyon nəfər hərbi xidmətə çağırıla bilər. Müdafiə büdcəsinin isə 3,185 milyard dollar olduğu qeyd edilib. Ermənistan bütün göstəricilər üzrə Azərbaycandan çox geridə qalır.
Aydındır ki, görülən işlər Azərbaycan və Ermənistan ordusunun döyüş imkanları, qabiliyyəti arasında fərqi daha böyük nisbətdə artıracaq. Bu şəraitdə Qarabağ məsələsinin hərbi həlli Ermənistan üçün ciddi problemlərə yol açacaq. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın ordusunu daha da gücləndirməsi, yeni müasir hərbi texnikalar alışını həyata keçirməsi Ermənistanda getdikcə daha böyük qorxu, narahatlıq yaradır.
İşğalçı ölkə bilir ki, dinc yolla zəbt etdiyi əraziləri boşaltmasa, onda Azərbaycan onu buna güc yolu ilə vadar edəcək. Özü də bütün bunların baş verəcəyi gün uzaqda deyil.
Erməni tərəfini qorxudan, narahat edən digər məsələ işğaldan azad olunan ərazilərə qayıdan Azərbaycan vətəndaşlarına yaradılan yüksək şəraitdir və Cocuq Mərcanlının, Şıxarxın timsalında bunlar bir daha aydın görünür. Belə vəziyyət erməni cəmiyyətinin özündə hakimiyyətə qarşı narazılığı artırır.
Bunu Dağlıq Qarabağ münaqişəsi zamanı Bakıdan Ermənistana köçən Stella Artünyanın açıqlamaları da aydın göstərir. Artünyan müharibə zamanı Ermənistandan köçürülən azərbaycanlılar üçün Azərbaycanda dövlət tərəfindən hərtərəfli şəraitin yaradılmasına qibtə etdiyini, Bakıdan Ermənistana köçən ermənilərin isə hələ də vaqonlarda və yataqxanalarda yaşadığını deyib.
Abovyan şəhərində yataqxanada yaşayan Artünyan “Epress” saytına bildirib ki, Ermənistana köçməsindən illər keçib, lakin hələ də heç bir problem həll olunmayıb. O, acınacaqlı vəziyyətdən xilas olmaq üçün ölkədən getmək istədiyini, lakin buna da imkan verilmədiyini deyib: “Ermənistan hökuməti bütün səfirliklərə təlimat verib ki, vaxtilə Azərbaycandan köçənləri ölkədən buraxmayın. Çünki biz qazanc mənbəyiyik. Ermənistanda qaçqınların həyat səviyyəsinin yaxşılaşdırılması üçün beynəlxalq təşkilatlardan maliyyə yardımı alırlar. Amma indiyə qədər kimsə bu pulların hara getdiyini araşdırıbmı? Hanı bizə tikdikləri evlər? Ümumiyyətlə, belə evlər mövcuddurmu? Mən bu şəraitdə necə yaşayım? Mətbəx yox, hamam yox, işləməyə yer yox, polis qorxusu daim başımızın üstündə... Ermənistan parlamentində deputatlar bizim problemlərimizi qaldırmağı lazımlı hesab etmirlər. Ötən il Qırmızı Xaç Cəmiyyəti yataqxanalarda yaşayan bizim kimilərin vəziyyətinin yaxşılaşdırılması üçün 5 milyon ayırdı. Hanı bu pullar?! Serj Sarkisyan öz şəxsi qazancı, öz ailəsi, öz cibi haqda daha çox düşünür, nəinki əsgərlər və camaat haqqında”.
Bütün bunlar erməni cəmiyyətində hakimiyyətə qarşı narazılığın daha da artması ilə müşayiət olunur. Belə vəziyyət isə Ermənistanda indiki işğalçı rejimin hakimiyyətdə uzun müddətə duruş gətirə bilməsini ciddi sual altına alır.

Elçin CƏFƏROV,
“Azərbaycan”