Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Peşə təhsilinin inkişafı stimullaşdırılır

29 Yanvar 2018
Yanvarın 29-da Milli Məclisin Elm və təhsil komitəsinin ilk iclası keçirildi. İclasda 2017-ci ilin payız sessiyası dövründə görülün işlər və bu ilin yaz sessiyası üçün müzakirəsi nəzərdə tutulan layihə və planlardan bəhs olundu.

Komitə sədri İsa Həbibbəyli hesabat dövründə görülən işlər haqqında məlumat verdikdən sonra qarşıda duran layihələrdən söz açdı. Bildirdi ki, bu il də komitə üçün elm və mədəniyyət sahəsində vacib qanunların müzakirəsi, yeni layihələrin uğurlu icrası ilə əlamətdar olacaq.
Komitə sədri Azərbaycanda elmə, təhsilə verilən dəyərin önəmini qeyd edərək “Peşə təhsili haqqında” qanun layihəsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyev təhsilin inkişafına hər zaman xüsusi diqqət yetirib. Bu gün peşə təhsilinin inkişafının stimullaşdırılması bu sahənin gündəmə gətirilməsi və qazanılan uğurlar dövlət başçısının iradəsi ilə mümkün olub. Təsadüfi deyildir ki, bu ayın 17-də dövlət başçısı ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin isə əməkhaqlarının artırılması haqqında sərəncam imzaladı.
Əksər istiqamətlərdə yüksəkixtisaslı kadrların hazırlanmasında peşə təhsilinin önəmli olduğunu vurğulayan komitə sədri qeyd etdi ki, “Peşə təhsili haqqında” qanun layihəsi ölkəmizdə peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə bu sahədə dövlət siyasətinin prinsiplərini, təhsil və təlim sisteminin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir. İ.Həbibbəyli bildirdi ki, komitənin əvvəlki iclaslarında bu layihə haqqında fikir mübadiləsi aparılıb. Artıq layihə plenar iclasa tövsiyə olunub.
Sonra iclasda komitənin cari ildə müzakirəyə çıxarılması nəzərdə tutulan bir neçə məsələ haqqında danışıldı. Konkret olaraq qeyd olundu ki, komitə bu il də elmin, təhsilin inkişafında öz işini uğurla icra etməyə çalışacaq. Hazırda “Ümumi təhsil haqqında” yeni qanun layihələrinin və digər sənədlərin, eyni zamanda yaz sessiyası ərzində “Tələbə kreditləri haqqında” qanun layihəsinin hazırlanması planlaşdırılır.


Elnur HADIYEV,
“Azərbaycan”