Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Neft amili insan kapitalına çevrilir

13 Yanvar 2018
 

Bu sosial prosesdən neftçilər özləri də kənarda qalmırlar

 

Bu gün ölkəmizdə əldə olunan iqtisadi uğurların təməlində neft amilinin əsas rol oynaması danılmaz faktdır. İqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafında da bu sahədən əldə edilən gəlirlər mühüm rol oynayır. Amma neft təkcə iqtisadi inkişafa xidmət etmir. O həm də bir çox sosial məsələlərin həllində başlıca amil kimi çıxış edir. Bu gün Azərbaycanda tikilən müasir təhsil, səhiyyə, mədəniyyət obyektlərinin də maliyyələşməsi neft gəlirləri ilə bağlıdır. Bəs nefti xalqımızın sərvəti edən neftçilər ondan necə faydalanır?

Azərbaycanda neftçilərin sosial-məişət məsələləri həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki,  bu gün ölkədə ən yüksək əməkhaqqı neft sektorundadır. Neftçilərin mənzil problemləri də növbəlilik əsasında təmin edilir. Yeri gəlmişkən qeyd edək ki, 2010-cu ildən bugünədək “Neftçi” Mənzil Tikinti Kooperativi uğurla  fəaliyyət göstərir. Mənzil növbəsində olan neftçi kooperativ üzvlərinin pay haqqının kreditləşməsinə

SOCAR tərəfindən dəstək verilir. Ötən il kooperativ tərəfindən Xətai rayonu ərazisində tikilən yeni yaşayış binasında 100 neftçi ailəsi yeni mənzil alıb. O cümlədən, təqaüd proqramlarının iştirakçısı olan 8 gənc mütəxəssis bu yolla mənzillə təmin edilib. Hazırda Lökbatan qəsəbəsində 452 mənzilli yaşayış kompleksi inşa olunur. Bibiheybət ərazisində 852, Qaraçuxur qəsəbəsində 96 mənzilli yaşayış binalarının layihə işləri isə başa çatıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Bundan başqa, mənzil növbəsində olan kimyaçılar üçün Sumqayıt şəhərində ümumilikdə 272 mənzilli 5 yaşayış binasının inşası üçün layihələndirmə işləri başa çatmaq üzrədir.

Əmək şəraitinin müasir tələblər səviyyəsində qurulması işin keyfiyyətinə birbaşa təsir göstərən amillərdəndir. “Azəriqaz” və “Azərikimya” istehsalat birliklərinin, nəqliyyat və “Qaz İxrac” idarələrinin müəssisələri üçün inzibati binalar, soyunub-geyinmə otaqları, yeməkxanalar təmir edilərək zəruri avadanlıqlarla təchiz olunub. Həmçinin dənizdəki özüllərdə və mədənlərdəki yaşayış bloklarında növbə ilə çalışan neftçilərin normal iş şəraiti üçün müasir şərait yaradılıb, Neft Daşlarındakı yataqxanalar, N.Nərimanov adına və “28 May” NQÇİ-lərin istehsalat obyektlərində yaşayış blokları təmir edilib, “Qərbi Abşeron” yatağındakı 20 və 54 saylı özüllərdə 19 yaşayış evi, 2 yeməkxana, 4 məişət evi quraşdırılıb.

Neftçilərin sağlamlığına da qayğı göstərilir. Hazırda könüllü tibbi sığorta proqramına cəlb olunan on minlərlə neftçi respublikanın tanınmış tibb müəssisələrində ümumi profilli tibbi xidmətdən istifadə edir. Təkcə ötən bir ildə müalicəyə ehtiyacı olan 1000-ə yaxın neftçi sanator-kurort mərkəzlərində müalicə alıb. Neftçilər eyni zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ev-eşiklərindən didərgin düşən həmvətənlərimizin böyük hissəsini, Ağdamın “Dördyol 1, 2”, Təzəkənd və Yeni İmamqulubəyli qəsəbələrində, Tərtər şəhərində, Füzulinin Mirzənağı, Əhmədalılar və Qazaxlar kəndlərində, Sumqayıtda məskunlaşmış 30 minə yaxın qaçqın və məcburi köçkünü himayəyə götürüb. Onlar neftçilərin diqqət və qayğısı  ilə əhatə olunublar.

Prezident İlham Əliyev neftçi əməyinə daim yüksək dəyər verir, neft-qaz sənayesinin inkişafı və yüksəlişi, neftçilərin həyat şəraitinin yaxşılaşması üçün əməli addımlar atır. AÇG layihəsi üzrə yeni müqavilənin imzalanması mərasimində də dövlət başçısı iqtisadi uğurlarımızın əldə edilməsində neftçilərimizin zəhmətini xüsusi qeyd edərək onlar haqqında xoş sözlər söyləyib. Prezident hər il olduğu kimi, ötən il də peşə bayramı ərəfəsində bir qrup neftçini dövlətin ali mükafatları ilə təltif etdi. Neftçilər isə öz növbəsində bu qayğı və diqqəti yüksək qiymətləndirir, ölkənin iqtisadi inkişafının daha da möhkəmlənməsi üçün əllərindən gələni əsirgəmirlər.

 

Rüstəm KAMAL,

“Azərbaycan”