Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BTC şaxtalı qış günlərində də fasiləsiz və təhlükəsiz işləyir

12 Yanvar 2018
 

İndi Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin keçdiyi ərazilərin çoxu qar örtüyü altındadır. Əlbəttə, bunun neftin nəqlinə təsiri yoxdur.

Çünki borular möhkəm poladdan istehsal olunub və etibarlı şəkildə örtüklənib. Ən başlıcası isə BTC-nin boruları bütün marşrut boyu torpağa basdırılıb. Bu da onun təhlükəsizliyinə təminat verir.

Bununla yanaşı, BTC-nin yerüstü obyektləri var və onların da işi qış günlərində şaxtaya, qara baxmayaraq, ahəngdar davam edir. Bu obyektlər 2-si Azərbaycanda, 2-si Gürcüstanda, 4-ü Türkiyədə olmaqla 8 nasos, 2 aralıq ərsinburaxma və 1 təzyiqazaltma stansiyalarından, 101 kiçik siyirtmə məntəqəsindən ibarətdir.

BTC-nin keçdiyi ərazilərin iqlimi də bir-birindən fərqlidir. Belə ki, kəmər Azərbaycanın ərazisində 443, Gürcüstanda 249, Türkiyədə 1076, ümumilikdə isə 1768 kilometr məsafə qət edir. Yol boyu boru xətti 1500-dən çox çayla və seysmik cəhətdən fəal olan 13 qırılma xətti ilə kəsişir.

Ölkəmizdə kəmər 13 rayondan - Qaradağ, Abşeron, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz, Ağstafadan keçir. Bu bölgələrdə kəmərin yolu demək olar ki, düzənlik ərazilər boyu uzanır. Gürcüstanda dağlara qalxmağa başlayan boru xətti Türkiyənin ərazisində marşrutun ən yüksək nöqtəsinə - 2800 metr hündürlüyə çatır. Qeyd edək ki, BTC qonşu Gürcüstanda 7 rayondan - Qardabani, Marneuli, Tetritskaro, Tsalka, Borjomi, Axaltsixe və Agidenidən, Türkiyədə 9 bölgədən - Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Sivaş, Kayseri, Qəhrəman Maraş, Osmaniyyə və Adanadan keçir.

Coğrafi müxtəlifliyə görə kəmərin borularının diametri də hər yerdə eyni deyil. Azərbaycanın ərazisində neft əsasən 42 düymlük borularla nəql olunur. Gürcüstanda 46 düymlük borulardan istifadə edilib. Eyni qaydada Türkiyədə də marşrutunu davam etdirən kəmərin boruları Ceyhan terminalının yaxınlığındakı sonuncu enişdə 34 düymə qədər daralır.

BTC-nin tikintisinə 4 milyard dollar sərmayə yönəldilmişdi. Bu layihənin nəhəngliyini sübut edən digər fakt isə tikinti zamanı üç ölkə ərazisində işlərin ən qızğın çağında inşaat meydançalarında 22 min insanın çalışması idi.

BTC-yə ilk neft 2005-ci ilin may ayında Səngəçal terminalındakı baş nasos stansiyasından vurulub. Neft mənzil başına bir il sonra - 2006-cı il mayın 28-də çatıb. İyunun 4-də Ceyhan limanından dünya bazarına Azərbaycan nefti ilə yüklənmiş ilk tanker yola salınıb. BTC-nin tam bir sistem kimi işə düşməsi isə iyulun 13-də Ceyhan şəhərində təntənəli şəkildə qeyd olunub.

BTC-nin müəllifi ümummlli lider Heydər Əliyevdir. Buna görə də kəmərin tikintisi başa çatarkən layihənin səhmdarları ona ulu öndərin adının verilməsi təşəbbüsü ilə çıxış etmişlər və təşəbbüs hamı tərəfindən bəyənilmişdir.

BTC-nin son ünvanı olan Ceyhan terminalı da ümummlli liderin adını daşıyır. Bu təşəbbüs  Türkiyə dövlətindən və xalqından gəlmişdir.     

Yeri gəlmişkən qeyd edək ki, BTC Ko.-nun səhmdarları bunlardır: BP (30,1 faiz), AzBTC (25 faiz), “Şevron” (8,9 faiz), “Statoyl” (8,71 faiz), TPAO (6,53 faiz); ENİ (5 faiz); “Total” (5 faiz), “İtoçu” (3,4 faiz), “İnpeks” (2,5 faiz), CIECO (2,5 faiz) və ONGC (BTC) Limited (2,36 faiz) şirkətləridir.

Kəmərin əməliyyatçısı olan BP şirkətindən aldığımız məlumata görə, keçən  ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 101 milyon dollar, əsaslı xərclərə 19 milyon dollar xərclənib. İstismara veriləndən 2017-ci il sentyabr ayının sonunadək bu boru xətti vasitəsilə ümümilikdə 374 milyon tondan artıq (təxminən 2,8 milyard barel) xam neft nəql edilib. Ceyhanda BTC nefti 3674 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Keçən ilin üç rübü ərzində isə BTC vasitəsilə təqribən 26 milyon ton (193 milyon barel) xam neft ixrac olunub və bu da Ceyhanda 249 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan nefti daşıyır. Kəmərə eləcə də “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsindən əldə olunan kondensat vurulur. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan və Qazaxıstan nefti də nəql edilir.

Həmişə olduğu kimi, 2017-ci ilin bütün ayları ərzində kəmər fasiləsiz və təhlükəsiz işləyib. BTC-nin bu qışın sınağından da uğurla çıxacağına şübhə yoxdur.

 

Flora SADIQLI,

“Azərbaycan”