Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə Rusiya və İranı Əsəd rejimini dayandırmağa çağırır

10 Yanvar 2018
Rusiya və İran Suriyada dinc tənzimləmənin zəmanətçiləri kimi öz öhdəliklərini yerinə yetirərək Suriya hökumət qoşunlarının İdlib əyalətində, gərginliyin azaldılması zonasında irəliləməsini dayandırmalıdırlar. Bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış etmişdir.

Çavuşoğlu “Anadolu” agentliyinə müsahibəsində qeyd etmişdir ki, Bəşşar Əsəd rejiminin qoşunları İdlibdə irəliləyir. Rusiya və İran öhdəliklərini yerinə yetirib onları dayandırmalıdırlar. O əlavə etmişdir ki, Suriyanın hökumət qoşunları İdlibdə terrorçularla mübarizə bəhanəsi ilə mötədil müxalifətə hücum edir: “Hansı yerdəsə terrorçu təşkilatlar fəaliyyət göstərirsə, onların yerini dəqiq müəyyənləşdirib kəşfiyyat məlumatlarından istifadə etməklə yaxşı planlaşdırılmış əməliyyat keçirmək lazımdır. Amma görürük ki, bəzi qüvvələr regionda guya terrorçu qruplaşmaların mövcud olduğunu bəhanə gətirərək mülki şəxslərə və mötədil müxalifətin nümayəndələrinə hücum edir”.

Bu arada məlum olmuşdur ki, Həma və İdlib əyalətləri güclü bombardmana məruz qaldıqdan sonra yüz minlərlə suriyalı ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Əsəd rejiminin və Rusiya hərbi kosmik qüvvələrinin əyalətlərdə hücumları davam edərsə, 2 milyon köçünün Türkiyə sərhədinə doğru hərəkət edəcəyi gözlənilir.