Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” nəşr olunub

10 Yanvar 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis etdiyi “Azərbaycan mühacirət ədəbiyyat kitabxanası” seriyasından yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri” “Elm” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab Prezident İlham Əliyevin “Ceyhun Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 19 noyabr tarixli Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq nəşr olunub.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin baş redaktorluğu ilə nəşr edilən və Azərbaycan mühacirətinin ədəbi-elmi irsinin geniş ictimaiyyətə təqdimatı məqsədi daşıyan seriyanın ikinci kitabında XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri olan Ceyhun Hacıbəylinin (1891-1962) mühacirət illərində qələmə aldığı bədii-publisistik əsərlər və elmi araşdırmalar yer alıb.

Kitabın məsul redaktoru filologiya üzrə elmləri doktoru Nikpur Cabbarlı, tərtibçisi, “Ön söz” və qeydlərin müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirlidir.

Qeyd edək ki, “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” zəngin mühacirət irsimizin təqdimi və təbliği baxımından Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun atdığı mühüm addımlardan biridir. Bu istiqamətdə işlər davam etdirilir.