Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bəşəriliyin, nəcib təşəbbüsün, xeyirxahlığın ünvanı

29 Dekabr 2017
 

Mehriban Əliyeva: “Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir”

 

Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı sağlam əqidəli, xalqa və dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlı olub.
Bu gün də təbii ki, belədir. Onlar ona görə cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilirlər ki, öz üzərlərinə düşən sosial, siyasi, eləcə də mədəni məsuliyyəti doğru-düzgün dəyərləndirir, bunun nəticəsində isə xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar. Əlbəttə, bütün dövrlərdə belə şəxsiyyətlər olub və onların parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən biri də bəşəri miqyasda insanlığın nicatına xidmət missiyası daşıyan ictimai təşəbbüslərlə çıxış etmələridir.
İnsanlara dini və mənəvi, düzgünlük və ədalət, humanizm və şəfqət, yaxşılıq etmək, kömək göstərmək kimi fundamental bəşəri dəyərlərin təbliğində istisnasız xidmətlər göstərən Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi də məhz yuxarıda sadalanan şərəfli xidmətlərinin nəticəsidir.
Çoxmillətli və çoxkonfessiyalı dövlət olan Azərbaycanda multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və dövlət siyasətinin əsasını təşkil edir. Burada müxtəlif konfessiyaların və sivilizasiyaların, eləcə də mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar. Ölkəmizin ərazisində yaşayan bütün xalqların mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Nümunə üçün deyə bilərik ki, bu gün Azərbaycanda Rus Pravoslav Kilsəsinə mənsub olan dindarların sayı 100 min nəfərdən çoxdur.
Moskvanın və bütün Rusiyanın patriarxı Kirill dekabrın 26-da Moskvadakı Xilaskar İsa Məbədində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı Rus Pravoslav Kilsəsinə göstərdiyi köməyə və Həştərxan şəhərinin abadlaşdırılmasındakı qayğısına görə II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edərkən bildirdi ki, böyük istedada və gözəl mənəvi keyfiyyətlərə malik bir insan kimi Siz Vətəninizdən uzaqlarda da bir çox işlər görürsünüz: “Bu gün Sizə Rus Pravoslav Kilsəsinin fəaliyyətinə köməyə və Həştərxan şəhərinin həyatında xüsusi iştirakınıza görə mükafat təqdim edilib. Həştərxana səfər edəndə mənə bir çox işlər barədə danışdılar. Amma yəqin ki, ən çox Sizin haqqınızda və bu şəhər üçün gördüyünüz bir çox işlər barədə danışdılar. Məhz buna görə Həştərxanda olarkən mən Sizi Rus Pravoslav Kilsəsinin Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməyiniz barədə qərar qəbul etdim. Knyaginya Olqa Rusiyanı xristianlaşdıran və vahid rus dövlətinin qurulmasında həlledici rol oynayan Knyaz Vladimirin nənəsi olub”.
Xristianlığın qəbul edilməsinin 1000 illiyi ilə əlaqədar 1988-ci ildə Rusiyada təsis olunan Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə kilsə, dövlət və ictimai həyatın müxtəlif sahələrində böyük xidmətləri olan qadınlar təltif edilirlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif olunma mərasimində qeyd etdi ki, çoxmillətli və çoxkonfessiyalı ölkəmizdə multikulturalizm, qarşılıqlı hörmət xalqımızın dünyagörüşünün və Azərbaycan hökumətinin dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan torpağında müxtəlif konfessiyaların, sivilizasiyaların və mədəniyyətlərin nümayəndələri əsrlər boyu sülh və həmrəylik şəraitində yaşayıblar: “Ölkəmizin ərazisində yaşayan bütün xalqların bu mədəni müxtəlifliyi, heç şübhəsiz, bizim sərvətimizdir. Bu sözlər, rus pravoslav icmasına da bütünlüklə aiddir. Ölkəmizin paytaxtında müntəzəm surətdə qarşılıqlı anlaşmaya və qarşılıqlı hörmətə nail olmağa yönəlmiş nüfuzlu beynəlxalq forumlar təşkil edilir. 2010-cu ildə bizim Vətənimizin paytaxtında Sizin də fəal iştirakınızla Dünya Dini Liderlərinin Ümumdünya Sammiti keçirildi. 2016-cı ildə Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu baş tutdu. Bu il dekabrın 21-də “İslam həmrəyliyi ili”nin yekunlarına həsr edilmiş konfrans keçirildi və bu konfransın mövzusu yenə də xalqlar arasında, müxtəlif dinlərin nümayəndələri arasında dialoqun qurulması idi. Fürsətdən istifadə edib, bu konfransa göndərdiyiniz məktuba və Rus Pravoslav Kilsəsinin yüksək səviyyədə təmsil olunmasına görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm”.
Yaxın qonşularla çox səmimi dostluq münasibətlərimizin olduğunu vurğulayan Azərbaycanın Birinci vitse-prezidenti xatırlatdı ki, Həştərxan Vilayəti də bizim yaxın qonşumuzdur və burada uğurlu əməkdaşlıq nümunələri çoxdur. 2013-cü ildə Müqəddəs Mələksima Knyaz Vladimirə ucaldılan abidənin açılışı bizim üçün də xüsusi əhəmiyyət kəsb edir. Bu abidənin yaradılması üzərində Azərbaycanın ən yaxşı rəssamları və memarları çalışıb. Onlar bir il ərzində xalqımızın və dövlətimizin Rus Pravoslav Kilsəsinə dərin hörmət və ehtiramnı ifadə edən möhtəşəm monument yaradıblar.
Öz köklərinə, milli ənənələrinə, qədim tarixinə hörmətlə yanaşan xalqımız daim humanizm prinsiplərinə, yaxın qonşuluq, dostluq siyasətinə sadiq olub. Tolerantlıq məkanı kimi tanınan Azərbaycan dünyaya açıq ölkədir. Nəinki yaxın qonşu, həm də dünya dövlətləri ilə dostluq münasibətləri qurmaq əsas məqsədlərdən biridir. Azərbaycanın birinci xanımının da qeyd etdiyi kimi, bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər mehriban qonşuluq, qarşılıqlı hörmət və dostluq əsasında qurulur.
Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti nəinki Azərbaycanda, eləcə də ölkə hüdudlarından kənarda da daim yüksək qiymətləndirilib. Xüsusilə, beynəlxalq mənəvi və mədəni dəyərlərin qorunması üçün verdiyi töhfələr onu bir tolerantlıq rəmzinə çevirib. Fəaliyyətində daim humanizm prinsiplərini əsas götürən Mehriban xanım Əliyevanın sivilizasiyalar və dinlərarası dialoqa verdiyi töhfələr ona beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Xüsusilə də ümumbəşəri dəyərlərə çevrilmiş dini və mədəni irslərin qorunması istiqamətində gördüyü işlər, mənsub olduğu dindən asılı olmayaraq, hər kəs tərəfindən böyük rəğbətlə qarşılanır.
Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr bunun ən bariz nümunəsidir. Təsadüfi deyil ki, 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə ISESCO-nun xoşməramlı səfiri seçilən Mehriban Əliyeva nəcib əməllərinə görə digər çoxsaylı beynəlxalq mükafatlara, fəxri adlara, təltiflərə də layiq görülüb.
Hələ 2005-ci ilin iyun ayında xeyriyyəçilik fəaliyyətinə, eləcə də Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsi sahəsində xidmətlərinə görə həmin dövlətin “Yüzilliyin mesenatları” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeni ilə təltif olunub. Ölkənin birinci xanımının xoşməramlı missiyası digər dinlərə və məzhəblərə münasibətdə də özünü aydın göstərir. “Roma katakombalarının bərpası” və “Vatikan Apostol Kitabxanasındakı bəşəri əhəmiyyətli tarixi əlyazmaların bərpası” layihələri də buna misal ola bilər. Prezidenti olduğu Heydər Əliyev Fondunun islam mədəni irsinin qorunmasındakı xidmətləri, habelə müsəlman ölkələrindəki xeyriyyə fəaliyyəti də daim böyük rəğbətlə qarşılanıb. Bu fəaliyyətinə görə ISESCO-nun xoşməramlı səfiri seçilən Mehriban Əliyeva Pakistan və Küveyt kimi dövlətlərin ən ali mükafatlarına layiq görülüb.
BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına, “Qızıl ürək” beynəlxalq mükafatına, Azərbaycan Respublikasının Heydər Əliyev Mükafatına, Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeninə, Fransa Respublikasının “Şərəf Legionu” ordeninə,UNESCO-nun “Qızıl Motsart” medalına, Krans Montana Forumunun qızıl medalına, Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülməsi Mehriban xanımın fəaliyyətini özündə əks etdirən təltiflərin bir qismi sayıla bilər.
Azərbaycanın Birinci vitse-prezidenti MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Birlik Ulduzları” dövlətlərarası mükafatına, Krans Montana Forumunun “Prix de la Fondation” mükafatına, Azərbaycan Kazaklar İttifaqının ali “Kazak şöhrəti” (“Kazakskaya slava”) mükafatına, Pakistanın “Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı - 2013” mükafatına,Türk-Alman Dostluq Federasiyasının “Kübele” fəxri mükafatına, “The Business Year” jurnalının “İlin Birinci Xanımı” mükafatına, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatına, Rusiya Federasiyasının Həştərxan Vilayətinin “Həştərxan Vilayəti qarşısında xidmətlərinə görə” ordeninə, Küveyt Dövlətinin Fəxri diplomuna, “Heydər Əliyev” ordeni və nəhayət, Rusiyada Müqəddəs Mələksima Knyaginya Olqa ordeninə layiq görülməsi Mehriban xanım Əliyevanın ümumbəşəri şəxsiyyət faktorunun təsdiqidir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”