Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Mədəniyyət və Turizm Nazirliyi 2017-ci ilə yekun vurub

27 Dekabr 2017
Dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliyi Aparatının işçiləri və nazirliyin strukturuna daxil olan qurumların rəhbər şəxslərinin iştirakı ilə 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev gündəlikdə duran məsələlərlə bağlı məlumat verib.

Nazir çıxışında 2017-ci ildə ölkəmizdə keçirilən möhtəşəm tədbirlərdən, mədəniyyətin, turizm imkanlarının təbliği istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, əldə olunan nailiyyətlərdən ətraflı söz açıb.

Nazirliyin işinin ölkə başçısının tapşırıq və sərəncamlarına uyğun həyata keçirildiyini qeyd edən natiq vurğulayıb ki, Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkəyə çevrilib. Nəzərə çatdırıb ki, mədəniyyətin inkişafı ilə bağlı görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən tədbirləri xüsusi qeyd etmək lazımdır.

Bu il ərzində qazanılan uğurlardan söz açan nazir deyib ki, Bakıda mayın 5-də UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub. Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçirilib. Forumda 800-dən çox xarici nümayəndə iştirak edib.

Diqqətə çatdırılıb ki, Parisdə UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizin UNESCO-ya üzv olmasının 25 illik yubileyinin qeyd edilməsi çərçivəsində böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Bu il həm də UNESCO-nun baş qərargahında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin UNESCO yanında daimi nümayəndəliyinin almanların Qafqaza gəlişinin 200 illiyi münasibətilə birgə təşkil etdiyi sərginin açılış mərasimi olub. Tədbir Azərbaycan Respublikası Prezidentinin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında Sərəncamına əsasən təşkil edilib.

“Mədəniyyət abidələrimizin, milli irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarında yer alması olduqca təqdirəlayiq haldır. Bu, mədəni dəyərlərimizin qlobal miqyasda qəbulu, tanınması baxımından böyük əhəmiyyət daşıyır. Koreya Respublikasının Jeju adasında keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi “Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənənəsi” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Sözügedən nominasiya sənədi Mədəniyyət və Turizm, Xarici İşlər nazirlikləri və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Sessiyada, həmçinin Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti” UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib”,- deyə nazir vurğulayıb.

Turizm Şurasının fəaliyyətə başlamasından bir il ötdüyünü söyləyən Ə.Qarayev ötən müddət ərzində şuranın gördüyü işlər də toxunub: “Ötən il dekabrın 27-də Prezident İlham Əliyevin daha bir Fərmanı ilə Azərbaycan Respublikası Turizm Şurasının tərkibi təsdiq olundu. Turizm Şurasının yaradılmasında əsas məqsəd Azərbaycanda turizm sahəsində mövcud vəziyyətin təhlil edilməsi, bu sahədə olan problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, turizm sahəsində dövlət orqanlarına həvalə edilmiş vəzifələrin icrasının əlaqələndirilməsindən ibarətdir. Birillik fəaliyyəti dövründə Turizm Şurasının altı geniş tərkibli iclası keçirildi. Təkcə şuranın keçirdiyi öncəki beş iclasda 110 qərar qəbul olunub. Bu qərarlardan 81-i tam icra olunub. 25 qərarın icrası davam edir. 4 icra olunmamış qərarın da həyata keçirilməsi istiqamətində işlər görülür. Turizm Şurası üçün prioritet məsələlərdən biri də “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş hədəflərə çatmaqdan ibarətdir. Həmin sənəddə ölkəmizdə turizmin inkişafını stimullaşdıran bir çox mühüm müddəalar yer alıb. Artıq bu yolda bir sıra uğurlu addımlar atılıb. Ölkəmizdə ilk dəfə olaraq il ərzində iki dəfə Bakı Şopinq Festivalı keçirilib. Statistik rəqəmlər də göstərir ki, festivallar ölkəmizdə ticarət dövriyyəsinin artmasına müsbət təsir göstərib”.

Sonda kollegiyanın üzvlərinin müəyyən qeydləri nəzərə alınmaqla Mədəniyyət və Turizm Nazirliyinin 2018-ci ilin birinci yarımillik iş planı təsdiq edilib.