Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb

08 Dekabr 2017
 

Tbilisi şəhərində Azərbaycan Akkreditasiya Mərkəzi ilə Gürcüstan Akkreditasiya Mərkəzi arasında əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan tərəfdən mərkəzin baş direktoru vəzifəsini icra edən Sabiq Abdullayev, Gürcüstan tərəfdən Gürcüstan Akkreditasiya Mərkəzinin baş direktoru Paata Gogolidze  imzalayıb.

Memorandum çərçivəsində tərəflər akkreditasiya fəaliyyətinin izlənilməsi, personalın təhsili və ixtisasının artırılması, məlumat mübadiləsinin aparılması, uyğunluğun qiymətləndirilməsi orqanlarının akkreditasiyası mövzusunda konfranslar, tematik seminarlar, birgə tədbirlərin təşkil edilməsi, akkreditasiya sahəsində beynəlxalq standartların tətbiqi üzrə təcrübə mübadiləsinin aparılması, akkreditasiya edilmiş laboratoriyaların laboratoriyalararası müqayisələrdə və ixtisas yoxlamaları proqramlarında iştirakına yardım edilməsi məsələlərində əməkdaşlıq edəcəklərinə dair  razılığa gəliblər.

Artıq bununla bağlı ilk təcrübə mübadiləsi proqramı icra olunub. Gürcüstan Akkreditasiya Mərkəzinin dəvəti ilə mərkəzin laboratoriyaların akkreditasiyası departamentinin əməkdaşları Tbilisiyə səfər ediblər.

Səfər zamanı iştirakçılara Gürcüstan Akkreditasiya Mərkəzinin baş direktorunun müavini, eyni zamanda qurumun keyfiyyət üzrə meneceri Malxaz Xarebava tərəfindən təşkilatın strukturu, iş prinsipləri və fəaliyyəti, keyfiyyətli idarəetmə sistemi, ekspertlər bazasının formalaşdırılması, akkreditasiya üzrə beynəlxalq və regional təşkilatlarda təmsilçiliyi barədə ətraflı məlumatlar verilib, habelə Gürcüstanın milli orqanı tərəfindən akkreditasiya prosesinin (akkreditasiyaya dair müraciətin qəbulu, qiymətləndirmə mərhələsinin təşkili, qərarları qəbuletmə mexanizmi, reyestrin aparılması və s.) həyata keçirilməsi geniş şəkildə izah edilib. 

 

“Azərbaycan”