Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan olunub

07 Dekabr 2017
Dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Müşahidə Şurasının sədri Həsən Həsənov iclası açaraq gündəlik barədə məlumat verib.

KİVDF-dən AZƏRTAC-a bildiriblər ki, iclasda əvvəlcə Fondun 2018-ci ilin birinci yarısı üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanı müzakirə edilib.

Fondun icraçı direktoru Vüqar Səfərli 2018-ci ilin birinci yarısı üzrə KİV-lərə maliyyə yardımı müsabiqəsinin “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” əsasında 19 istiqamət üzrə keçiriləcəyini bildirib. O, dekabrın 8-dən 25-dək keçiriləcək müsabiqə elanının şərtlərində nəzərdə tutulan dəyişikliklər barədə Müşahidə Şurası üzvlərinə məlumat verib. İcraçı direktor bildirib ki, təklif olunan dəyişikliklərə əsasən müsabiqədə iştirak edəcək qəzet redaksiyaları əməkdaşlarının sayı barədə məlumat verməlidir. Habelə sənəd təqdim edəcək gündəlik və həftəlik qəzetlərin səhifələrinin sayı 16-dan (A3 formatda) az olmamalıdır.

Müşahidə Şurasının üzvləri müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini bildiriblər.

Şuranın sədri Həsən Həsənov, üzvlərdən Camaləddin Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov, Rasim Həsənov və Ayaz Mirzəyev çıxış edərək Fondun maliyyə yardımı müsabiqələrinin çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Daha sonra müsabiqənin elanı təklif olunan əlavə və dəyişikliklərlə səsə qoyularaq təsdiq edilib.

Cari məsələlərin müzakirəsi zamanı Vüqar Səfərli Fondun gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.