Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İşsizliyə görə sığorta ödəmələri 3 dəfə artırılır

23 Noyabr 2017
 

Milli Məclisin noyabrın 23-də keçirilən iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin müzakirəsi davam etdirildi. İlk olaraq Milli Məclisin 2018-ci il üçün xərclər smetası haqqında qərar layihəsi müzakirəyə çıxarıldı. 

 Layihə ilə bağlı Milli Məclisin İşlər müdiri Firudin Hacıyev məlumat verdi.  Qeyd olundu ki, gələn ilin dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanılması üçün 24 milyon 232 min 55 manat vəsait nəzərdə tutulmuşdur.  Xərclər smetasının ümumi dəyərinin 68,8 faizini əməkhaqqı fondu ilə əlaqədar ayırmalar təşkil edir. Firudin Hacıyev mətbəə xərcləri, xarici ezamiyyə xərcləri, avadanlıqların alınması, icarə və muzdlu xidmətlər, Milli Məclisin avtoparkının yenilənməsi üçün layihənin ayrı-ayrı maddələri üzrə əlavə 1,2 milyon manat vəsaitin nəzərə alınmasını  xahiş etdi. Bundan başqa, Milli Məclisin inzibati binalarında, həyətyanı sahədə, avtoparkda  aparılacaq yenidənqurma, habelə iclas zallarında 2006-cı ildə quraşdırılmış analoq sistemli televiziya mərkəzinin uzunmüddətli istismarı və yeni rəqəmsal sistemə keçidlə əlaqədar olaraq tələb olunan müasir robotlaşdırılmış avadanlıqların və plenar iclas zalında səsvermə sistemi üçün yeni monitorların alınıb quraşdırılmasını təmin etmək üçün 2018-ci il Dövlət İnvestisiya Proqramı layihəsində tələb olunan vəsaitin nəzərdə tutulmasını təklif etdi.

Deputatlardan Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov, Musa Quliyev, Fərəc Quliyev, Sahib Alıyev, Aytən Mustafazadə layihə ətrafında çıxış etdilər. Çıxışlarda ezamiyyə xərcləri, çəkilişlərin aparılması, sürücülərin əməkhaqları ilə bağlı təkliflər səsləndirildi. 

Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Milli Məclisdə təmir işləri 11 il əvvəl aparılıb. Artıq gələn ilin Dövlət İnvestisiya Proqramında analoq sistemli televiziya mərkəzinin yeni rəqəmsal sistemə keçidi, səsvermə sisteminin yenilənməsi nəzərdə tutulub. Devalvasiya ilə əlaqədar 2017-ci ildə ezamiyyə məsələlərində çətinliklərin olduğunu qeyd edən Oqtay Əsədov dedi ki, buna baxmayaraq Milli Məclisin nümayəndə heyətləri bütün xarici tədbirlərdə iştirak edib.

Oqtay Əsədov onu da dedi ki, qarşıda Azərbaycanda iki böyük tədbir keçirilə bilər. Bu tədbirlərin keçirilməsi dəqiqləşdirildikdən sonra onların yüksək səviyyədə təşkili təmin olunacaq. Sürücülərin əməkhaqqına gəldikdə isə, Milli Məclisin Sədri bu istiqamətdə iş aparıldığını diqqətə çatdırdı.

Maliyyə naziri Samir Şərifov deputatların səsləndirdikləri bir sıra təkliflərə baxılacağını bildirdi. 

İclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında layihə də müzakirəyə çıxarıldı. Məsələ ilə bağlı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verdi. Qərar layihəsində Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası 3 milyon 852 min 43 manat müəyyən olunub. Bu, cari illə müqayisədə 0,8 faiz çoxdur. Qeyd edildi ki, bu vəsait növbəti ilə Hesablama Palatasının audit tədbirlərinin keçirilməsinə kifayət edir. 

İclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələrini müzakirəyə təqdim etdi.

Bildirdi ki, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının mədaxil və məxarici bütövlükdə 3 milyard 578 milyon 760 min manat nəzərdə tutulur. Gəlirlərin böyük bir qismi - təxminən 2 milyard 300 milyon manatı məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacaq. Sevindirici hal ondan ibarətdir ki, bu məbləğin 1 milyard 400 milyon manatı büdcədən maliyyələşən təşkilatlar deyil, digər sığorta edənlər tərəfindən ödənilir. 

Hadi Rəcəbli qeyd etdi ki, gələn il üçün “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının büdcəsinin məxaric hissəsinin təxminən 3.5 milyard manatı, yəni 98 faizə qədəri bilavasitə əhaliyə ödənişlər olacaqdır.

İşsizlikdən sığorta fondunun büdcəsi ilə bağlı danışan komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyevin sosial müdafiə sistemində məşğulluğun önə çəkilməsi prinsipi “İşsizlikdən sığorta haqqında” qanunda özünün bariz əksini tapmışdır. Bu qanun qüvvəyə minəndən sonra və ondan xeyli əvvəl yeni iş yerlərinin açılması, işsizliyin qarşısının alınması və bütövlükdə ölkə üzrə məşğulluq sisteminin köklü təkmilləşdirilməsi məsələsi gündəmə gəlmişdir. Son iki ildə orta və kiçik sahibkarlığın hərtərəfli dəstəklənməsiylə bağlı aparılan davamlı siyasət ölkəmizdə yüz minlərlə yeni iş yerinin yaradılmasına xidmət etmiş, kənd təsərrüfatı, emal, turizm və istirahət biznesi geniş vüsət almışdır. Bu ilin aprel ayında dövlət başçısının sərəncamı ilə ilk dəfə respublikamızda özünüməşğulluq sistemi formalaşmış və bu məqsədlə 16 milyon manat vəsait ayrılmışdır.

İşsizlikdən Sığorta Fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 milyon 20 min manat təşkil edəcək. Bunun 17 milyon 726 min manatı büdcədən maliyyələşən təşkilatların, 53 milyon 567 min manatı digər sığorta edənlərin hesabına formalaşacaq.

Fondun büdcəsinin xərclərinin 35,8 milyon manatı bilavasitə özünüməşğulluq tədbirlərinin təşkilinə,  1,6 milyon manatı peşə hazırlğına, peşə yönümünün dəyişməsinə, 1,8 milyon manatı haqqı ödənilən  ictimai işlərin təşkilinə ayrılacaq. İşsizliyə görə sığorta ödəmələri hissəsi bu büdcədə 3 dəfə artırılaraq 33,5 milyon manat təşkil edəcək.   

Bu məsələlərlə bağlı  əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxış etdi. Onun sözlərinə görə, ölkəmizdə dayanıqlı inkişafın təmin edilməsi istiqamətində aparılan sürətli islahatlar qısa müddətdə öz uğurlu nəticəsini ortaya qoymuş, ölkəmizin yeni şəraitə uyğun milli tərəqqisi üçün etibarlı zəmin yaratmışdır. Qeyd olundu ki, əhalinin sosial müdafiəsinin mərkəzi halqası olan və mühüm makroiqtisadi təsir gücünə malik pensiya sisteminin gəlir və xərclərinin məcmusunu, pensiya xərclərinin resurs təminatını özündə ehtiva edən sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi növbəti ildə zəruri maliyyə vəsaitlərini formalaşdıraraq ölkə əhalisinin 13,5 faizini təşkil edən əmək pensiyaçıları üzrə sosial ödənişlərin icrasında vacib rol oynayacaq. Fondun gələn il üçün büdcə layihəsinin tərtibi çoxfaktorlu proqnozlaşdırma modellərinə söykənir. Bu məqsədlə cari ilin ötən dövründə ölkə iqtisadiyyatının inkişaf meyilləri, növbəti illərdə sosial-iqtisadi inkişafın əsas proqnozları, əhalinin gəlirləri, məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri və digər amillər əsas götürülmüşdür.

Müzakirələr zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Musa Quliyev, Qənirə Paşayeva, Kamilə Əliyeva, Tahir Kərimli, Əflatun Amaşov, Tahir Mirkişili, Sədaqət Vəliyeva layihə ilə bağlı fikirlərini bildirdilər.

Günün ikinci yarısında müzakirələr davam etdirildi. Gündəlikdə duran növbəti məsələ “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi idi.

Sənədlə bağlı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün isə 154 manat məbləğində müəyyən edilib.

Komitə sədri qeyd etdi ki, 2018-ci il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11 faiz çoxdur.

Müzakirələr zamanı çıxış edən deputatlar Fazil Mustafa ilə Elman Nəsirov təkliflər səsləndirdilər. Bildirildi ki, hazırda ölkəmizdə 109 Milli Qəhrəman var. Dövlət tərəfindən milli qəhrəmanlara, şəhid olanların isə ailə üzvlərinə ayda 1300 manat vəsait ayrılır. Bu, çox təqdirəlayiq haldır. Ancaq bununla yanaşı, torpaqlarımız uğrunda qəhrəmancasına döyüşərək igidlik göstərib “Azərbaycan Bayrağı” ordeni alan 293 nəfər hərbçimiz də var. Bu şəxslərə isə heç bir vəsait ayrılmır. Onlara da dövlət tərəfindən aylıq ödənişlərin verilməsi məqsədəuyğundur.

Deputat Əli Məsimli bildirdi ki, əməkhaqlarının qaldırılması yaşayış minimumundan asılıdır. Yəni yaşayış minimumu artırılmasa, əməkhaqqının artırılması qeyri-mümkündür. Onun sözlərinə görə, yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır: “Yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov təkliflə çıxış etdi. Onun fikrincə, pensiya təminatının müəyyənləşdirilməsi zamanı ağır sənaye sektorunda çalışan işçilərin iş fəaliyyəti və yaş kateqoriyası nəzərə alınmalıdır.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deputat Əli Məsimlinin əməkhaqlarının artmasının yaşayış minimumunun həddindən asılı olması ilə bağlı fikirlərinə münasibət bildirdi. Qeyd etdi ki, yaşayış minimumunun artırılıb-artırılmamasından asılı olmayaraq, Azərbaycanda əməkhaqları daim artırılır. Yəni bu artım yaşayış minimumu ilə bağlı deyil. 

Nazir müavini yaşayış minimumunun hesablanma qaydasına da aydınlıq gətirdi. Bildirdi ki, sənəd beynəlxalq praktikaya uyğun hazırlanır: “Azərbaycanda yaşayış minimumu 2014-cü ildən hesablanır. Yaşayış minimumu minimum istehlak səbətindən və icbari ödənişlərdən ibarətdir. Qanuna görə, yaşayış minimumuna hər 3 ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Nazirlik Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçirir”.

Deputatların ölkədə bəzi müavinətlərin ləğv edilməsinin vacibliyi ilə bağlı təkliflərinə gəlincə isə, Sevinc Həsənova bildirdi ki, artıq 5 manat məbləğində müavinət yoxdur. Minimal müavinət 12 manat təşkil edir. 

Gündəlikdəki sonuncu məsələ - “Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verdi. Bildirdi ki, ünvanlı dövlət sosial yardımının edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi yanvar ayının 1-dən 116 manat məbləğində təsdiq edilib. Komitə sədri qeyd etdi ki, 2015-ci ildə ölkədə ehtiyac meyarının yuxarı həddi 105 manat idi. 2017-ci ildə ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Sənədin təqdimatından sonra Milli Məclisin Sədri Oqtay Əsədov müzakirələrin başa çatdığını söylədi. Parlament hökumətə vaxt verdi. Səslənən təkliflər, suallar bir daha nəzərdən keçiriləcək və dekabr ayının 1-də büdcə layihəsi Milli Məclisdə səsverməyə çıxarılacaq. 

 

Rəşad CƏFƏRLİ,

Rəşad BAXŞƏLİYEV,

Fərman BAĞIROV (foto),

“Azərbaycan”