Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səfir: Bakı Limanı Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur

14 Noyabr 2017
Bakı Limanı Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu sözləri Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Ələtdə tikilməkdə olan yeni Bakı Limanına səfəri zamanı deyib.

Nazir Ramin Quluzadə bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı Xəzər dənizi regionunun ən böyük limanıdır. Ərazidə tikintinin birinci fazası bitdikdən sonra limanın yük qəbuletmə qabiliyyəti ildə 15 milyon ton, sonuncu 3-cü fazanın inşası ilə isə 25 milyon ton və 1 milyon TEU konteyner olacaq.

Nazir, həmçinin qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı ölkənin ən böyük nəqliyyat layihələri olaraq, bərpa olunmaqda olan qədim İpək Yolunun ayrılmaz hissəsidir. Eyni zamanda nazir cari ilin yay aylarında Fransaya səfəri zamanı fransalı həmkarı ilə görüşdüyünü və telekommunikasiya, nəqliyyat sahəsində Azərbaycanın əməkdaşlığa hər zaman hazır olduğunu bildirib, Fransa şirkətlərini 5-8 dekabr tarixlərində baş tutacaq XXIII “Bakutel” sərgisinə dəvət edib.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktoru Taleh Ziyadov Azərbaycanın tarixi İpək Yolunda oynadığı rolu, yeni limanın Ələtdə inşa olunmasının zərurəti, o cümlədən ölkə və regionun iqtisadiyyatına verəcəyi töhfələr barədə qonaqları məlumatlandırıb.

T.Ziyadov Fransa şirkətlərini yeni limanda birgə fəaliyyətə dəvət edib. Eyni zamanda baş direktor 2018-ci il mayın 8-11-də keçiriləcək və Bakı Limanının ev sahibliyi edəcəyi Dünya Limanları Assosiasiyasının (IAPH) illik toplantısı barədə səfirə məlumat verib.

Səfir Orelia Buşez öz növbəsində bildirib ki, Ələt qəsəbəsində tikilməkdə olan yeni Bakı Limanı layihəsinin inşasını yaxından izləyir. Onun sözlərinə görə, qeyd olunan liman Azərbaycan hökumətinin siyasətində ölkənin nəqliyyat qovşağına çevrilməsi üçün mühüm yer tutur və Fransa həm iqtisadi, həm də siyasi cəhətdən qeyd olunan layihəni dəstəkləyir. Səfir ölkəsinin böyük limanları olan “Marsel”, “Port of Le Havre” və “Dyunkerk” limanları ilə Bakı Limanının əməkdaşlıq etməsində maraqlı olduqlarını vurğulayıb.