Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gözdən əlil istedadlı gənc: Dünyanı səslərin ahəngi ilə görürəm

13 Noyabr 2017
Noyabrın 13-ü Beynəlxalq Gözdən Əlillər Günüdür. Hazırda dünyada 124 milyon, Azərbaycanda isə 40 min nəfər görmə məhdudiyyətli insan var. Dünya işığından məhrum olsalar da, bu insanların bir çoxu fitri istedad sahibidir. Onların arasında incəsənətin müxtəlif növləri ilə, o cümlədən musiqi ilə yaxından məşğul olanlar da çoxdur.

Belə insanlardan biri də Ağdam rayonunun Zəngişalı kənd sakini, anadangəlmə görmə məhdudiyyəti olan Şahlar Məmmədovdur.

Şahlar Məmmədov AZƏRTAC-a müsahibəsində musiqiyə uşaqlıqdan maraq göstərdiyini, yeddi yaşından qarmon ifa etməyə başladığını deyib: “Əmim oğlu musiqi məktəbində qarmon şöbəsində oxuyurdu. Elə qarmona həvəsim də o vaxtdan yarandı. Əvvəlcə kəndimizdəki uşaq musiqi məktəbində təhsil aldım. Sonra sənədlərimi Ağdam musiqi kollecinə verdim. İmtahanda 60 sualdan 36-sını düzgün cavablandıraraq kollecə qəbul oldum”.

Musiqiyə böyük sevgisi olan 23 yaşlı gənc qarmonu özünə ən yaxın dost bilir: “Mən dünyanı səslərin ahəngi ilə görürəm. Qarmon isə mənim üçün həyatda ən vəfalı dostdur. Elə şeylər var ki, onu heç kimə deyə bilmirsən. Amma mən ürəyimdə olanları qarmonumla bölüşürəm”.

Hazırda kollecin dördüncü kursunda təhsil alan Şahlar həm müəllimlərin, həm də tələbələrin hörmətini, sevgisini qazanıb: fitri istedadına, çalışqanlığına, ünsiyyətcil olmağına, ən başlıcası isə həyata nikbin baxışlarına görə. Müəllimləri də Şahlara böyük ümidlər bəsləyir. Hamı onun böyük musiqiçi olacağına inanır.

Kollecin müəllimi Mobil Məlikov Şahlar Məmmədovun istedadından ürəkdolusu danışır: “Şahlar haqqında danışmaq mənim üçün xoşdur. O, öz istedadı, davranışı, musiqi qavrama qabiliyyəti ilə hamıdan fərqlənir. Ən sevimli tələbələrimizdən olan Şahlara sevdiyi peşədə yüksəliş arzulayıram, buna ürəkdən inanıram”.

Şahlar da müəllimlərindən razılıq edir. Ona qayğı ilə yanaşdıqlarını, daim diqqət göstərdiklərini deyir.

Kolleci bitirdikdən sonra qarmon müəllimi işləyəcəyini bildirən Şahların ən böyük istəyi isə görkəmli qarmon ifaçıları Aftandil İsrafilov, Zakir Mirzəyev kimi sevdiyi peşənin zirvəsinə çatmaqdır.