Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Avropa çempionu olan şahmatçılarımız ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

10 Noyabr 2017
Beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsi də yad olunub


Şahmat üzrə komandalar arasında Avropa çempionatının qalibi olan milli komandamızın üzvləri və Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi noyabrın 10-da Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Daha sonra ikinci Fəxri xiyabana gələn şahmatçılarımız beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov bildirib ki, şahmatçılarımız Avropa çempionatında parlaq qələbələr qazanaraq, xalqımıza üçüncü dəfə qızıl medal sevinci yaşadıblar. Bu gün aramızda olmasa da, şahmatçılarımızın qələbəsində Vüqar Həşimovun da payı var. 2009-cu ildə Vüqar parlaq qələbələri ilə milli komandamızın ilk dəfə Avropa çempionu adını qazanmasında mühüm rol oynadı. Həmin qələbə milli komandamızda özünəinam hissinin güclənməsinə və növbəti uğurların qazanılmasına şərait yaratdı. Millimizin ən istedadlı üzvlərindən olan Vüqar Həşimovun yoxluğu yığmamız və onun komanda yoldaşları üçün ağır itkidir. Vüqarın adı böyük ənənələri olan şahmat tariximizə qızıl hərflərlə yazılıb. Ölkəmizdə Vüqar Həşimov Şahmat Akademiyasının uğurlu fəaliyyəti, eləcə də hər il Şəmkirdə keçirilən ənənəvi turnir onun xatirəsinin yaşadılmasına böyük töhfədir.

Federasiya rəhbəri Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idmana dövlət dəstəyi siyasətini Prezident İlham Əliyevin uğurla həyata keçirməsi nəticəsində bu sahədə əldə olunan nailiyyətlərdən danışıb. Ölkəmizdə idmanın digər növləri kimi şahmatın inkişafının da diqqət mərkəzində olduğunu vurğulayan E.Rüstəmov bu baxımdan dövlətimizin başçısının 2009-cu il 5 may tarixli Sərəncamı ilə təsdiq olunan “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı”nın önəmini vurğulayıb. Bildirib ki, bu gün ölkəmizdə şahmatın kütləviliyinə tam nail olunub, bütün bölgələrdə şahmat məktəb və dərnəkləri fəaliyyət göstərir.

Vüqarla bağlı xatirələrini bölüşən şahmat üzrə üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov deyib: “Vüqarın xatirəsi həmişə qəlbimizdə yaşayır. Avropa çempionatında ilk çempionluğu Vüqarla birlikdə qazanmışdıq. Həmin qələbə bizdə güclü inam hissi yaratdı və həmişə özümüzü Avropa çempionu kimi hiss etmişik. Bu gün aramızda olmamasına baxmayaraq, Vüqar daim bizimlədir. Biz həmişə yarışlardan, maraqlı oyunlardan sonra Vüqarı xatırlayırıq. Bu gün onun yoxluğunu ən çox hiss edənlərdən biri də bizlərik”.

Milli komandamızın digər üzvü Rauf Məmmədov da Vüqar Həşimovun xatirəsinin daim yaşayacağını vurğulayaraq bildirib: “Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olanda həmin qələbədə mühüm rol oynamış Vüqarın partiyalarını daim xatırlayırıq. İlk Avropa çempionluğunun qazanılmasında Vüqar xüsusilə mühüm rol oynadı. Həmin çempionluq bizi sonrakı qələbələrə ruhlandırdı. Ona görə də bu gün aramızda olmasa da, üçüncü dəfə Avropa çempionu adını qazanmağımız da Vüqarın qələbəsidir”.

Vüqar Həşimovu daim xatırladıqlarını bildirən millimizin üzvü Qədir Hüseynov onunla bağlı xatirələrini bölüşərək deyib: “Vüqar həmişə mehribanlığı, qayğıkeşliyi, son ana qədər mübarizə aparması ilə fərqlənirdi. 2013-cü ildə Portuqaliyada keçirilən beynəlxalq turnirdə səhhətindəki problemlərlə əlaqədar komandamızın kapitanının etirazlarına baxmayaraq, görüşlərə çıxdı və qələbə qazanmağımızda mühüm rol oynadı”.

Mərhum şahmatçının atası Qasım Həşimov oğlunun xatirəsinə göstərilən yüksək ehtirama və diqqətə görə minnətdarlığını bildirərək deyib: “Çox şadam ki, Vüqarın da iştirakı ilə 2009-cu ildə ilk dəfə Avropa çempionu olan şahmatçılarımız bu uğurları davam etdirirlər. Bu qələbələr münasibətilə Federasiya rəhbərliyini, şahmatçılarımızı və bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə bütün dünyaya göstərdi ki, Azərbaycan şahmatçılarının uğurları təsadüfi deyil. Azərbaycan şahmatçıları Avropa çempionatlarında üç dəfə kuboka sahib olmaqla yanaşı, qızıl və bürünc medallara da layiq görülüb və ümumilikdə 20-dək medala sahib olublar. Bu uğurların qazanılmasında Azərbaycan Şahmat Federasiyasının mühüm xidmətləri var”.

Qasım Həşimov ölkəmizdə idmanın digər növləri kimi şahmatın da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.