Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misirdə yük avtomobilləri konvoyuna hücum zamanı azı 10 nəfər öldürülüb

10 Noyabr 2017
Misirdə Sinay yarımadasının mərkəzində silahlıların yük avtomobilləri konvoyuna hücumu nəticəsində azı 10 nəfər həlak olub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hadisə Ən-Nəhl şəhərciyi yaxınlığında baş verib. “Ənsar Beyt əl-Maqdis” (Qüds tərəfdarları) qruplaşması avtomobil yolunda pusqu qurub. Silahlılar keçidi kəsib, orduya məxsus sement zavoduna gedən yük maşınlarını dayandıraraq sürücüləri güllələyib. Güc strukturlarının məlumatına görə, qətlə yetirilənlər arasında 8 mülki şəxs və 2 hərbçi var. Hücum edənlərin silahları götürdüyü, avtomobilləri yandırdığı və hadisə yerindən uzaqlaşdığı bildirilir.

Son zamanlar Misir ordusu Sinay yarımadasının şimalında və mərkəzində, həmçinin ölkənin cənubunda və Liviya ilə sərhəddə silahlı qruplaşmalara qarşı təzyiqləri gücləndirib. Təhlükəsizlik qüvvələrinin yerüstü əməliyyatları çox zaman ağır artilleriyanın və aviasiyanın dəstəyi ilə həyata keçirilir.