Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səmərqənddə keçirilən konfransda Azərbaycan nümayəndələri də iştirak edirlər

10 Noyabr 2017
Qədim Səmərqənd şəhərində “Mərkəzi Asiya: Vahid keçmiş, ümumi gələcək, sabit inkişaf və qarşılıqlı tərəqqi naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Birləşmiş Millətlər Təşkilatının himayəsi altında keçirilən konfrans Mərkəzi Asiyanın təhlükəsizliyi və dayanıqlı inkişafı məsələlərinə həsr edilib.

Tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyayev, regiondakı ölkələrin xarici işlər nazirləri, BMT, Avropa İttifaqı, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, MDB-nin və digər beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri, bu sahələrin ekspertləri, jurnalistlər iştirak edirlər.

Konfransda Azərbaycanı Milli Məclisin deputatı Elman Nəsirov və politoloq İlqar Vəlizadə təmsil edirlər.

Özbəkistan Prezidenti Şavkat Mirziyayev Forumdakı çıxışında regionlararası əməkdaşlığın inkişafı istiqamətində səylərin artırılmasının vacibliyini bildirib. Bununla bağlı dövlət başçısı deyib ki, Mərkəzi Asiya Regionu Rəhbərlərinin Assosiasiyasını yaratmaq günün tələbinə çevrilir. Belə ki, regionların rəhbərliyi və biznes strukturlarının nümayəndələri ilə birbaşa dialoq aparanda yaxşı nəticə əldə etmək olur.

Dövlət başçısı deyib ki, bu ilin əvvəlindən region ölkələri ilə əməkdaşlığın səviyyəsi 20 faiz artıb, ayrı-ayrı ölkələrlə isə bu rəqəm faktiki olaraq 70 faizdir.

İki gün davam edəcək Forumda region ölkələri ilə siyasi, ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, su-energetika, ekoloji, mədəni-humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi və digər məsələlər müzakirə edilir.

Avropa İttifaqının beynəlxalq əməkdaşlıq və inkişaf üzrə komissarı Neven Mumisa bildirib ki, Avropa İttifaqı 2020-ci ilə qədər Mərkəzi Asiya ölkələrinə 1,2 milyard avro yardım edəcək.

Konfrans öz işini davam etdirir.



AZƏRTAC