Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Səyyar “ASAN xidmət” Şəmkirdə

10 Noyabr 2017
Noyabrın 10-dan səyyar “ASAN xidmət” Şəmkir şəhərində vətəndaşlara xidmət göstərməyə başlayıb.

Səyyar “ASAN xidmət”in qrup rəhbəri Nail Məmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, bir ay müddətində Şəmkir rayonu ilə yanaşı, Qazaxdan Goranboyadək 13 rayonun sakinləri və bu rayonlarda məskunlaşan məcburi köçkünlər xidmətlərimizdən yararlana bilər. Səyyar xidmətlər Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi aiddir. Eyni zamanda, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışlar, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar, texniki pasportlar veriləcək.