Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cenevrədə keçirilən beynəlxalq konfransda Azərbaycanın daşınmaz əmlak idarəçiliyi sahəsində uğurlarından danışılıb

09 Noyabr 2017
Cenevrədə BMT-nin Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, sessiyada ölkəmizi Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Sessiyada Dayanıqlı Mənzil Təsərrüfatı Xartiyası, 2030-cu ilə qədər dayanıqlı inkişaf hədəflərinin qlobal göstəricilər sistemi, BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsi tərəfindən son bir il ərzində həyata keçirilən tədbirlər, Avropa İqtisadi Komissiyası regionu üçün 2014-2020-ci illər üzrə Mənzil Təsərrüfatı və Daşınmaz Əmlak İdarəçiliyi Strategiyası və Tədbirlər Planının icra vəziyyəti nəzərdən keçirilib, habelə aidiyyəti mövzularda ölkələrin təqdimatları dinlənilib. Bununla yanaşı, sessiya çərçivəsində daşınmaz əmlak idarəçiliyi məsələləri də müzakirə edilərək, bu sahədə həyata keçirilmiş tədbirlərin icra vəziyyəti və daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzuları barədə fikir mübadiləsi aparılıb.

BMT-nin Avropa İqtisadi Komissiyası özündə bütün Avropa dövlətlərini, keçmiş SSRİ ölkələrini, ABŞ və Kanadanı, eləcə də İsrail və qardaş Türkiyə də daxil olmaqla 56 üzv dövləti birləşdirir.

Tədbirin ikinci günündə Avropa İqtisadi Komissiyası regionunun mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyi nazirlərini bir araya gətirən nazirlər seqmenti ilə başlayıb. Nazirlər seqmentində Nazirlərin Cenevrə Bəyannaməsinin layihəsi geniş müzakirə edilib. Sonra üzv dövlətlərin nazirləri və komitə rəhbərləri çıxış ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov çıxışında BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsini onun yaranmasının 70 illik yubileyi münasibətilə təbrik edib və son 20 il ərzində Azərbaycanın bütün sahələrdə olduğu kimi, daşınmaz əmlak idarəçiliyi sahəsində də əldə etdiyi nailiyyətləri sessiya iştirakçılarının nəzərinə çatdırıb. Komitə sədri bildirib ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan son illər ərzində sözügedən sahədə aparıcı mövqe tutur. Bununla yanaşı, o, öz çıxışında Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-a yaxın elektron xidmətin göstərildiyini qeyd edib.

Tədbirin əhəmiyyəti və nəticələri barədə AZƏRTAC-a müsahibə verən K.Həsənov bildirib ki, bu sessiya mənzil təsərrüfatı və daşınmaz əmlakın idarəçiliyi sistemində müasir yanaşmalar və beynəlxalq təcrübənin iştirakçı dövlətlər arasında yayılması və bu sahədə fikir mübadiləsinin aparılması üçün uğurlu platformadır. Bu sahədə böyük təcrübəyə malik olan Azərbaycanın əmlak idarəçiliyi sahəsində əldə etdiyi nailiyyətlər və tətbiq olunan yeniliklər, onlayn və elektron sistemlərin qurulması, portalların tətbiq edilməsi, xüsusilə də əmlak idarəçiliyinin qeydiyyat sisteminə dair Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 21-ci yer tutması tədbir iştirakçıları tərəfindən yüksək uğur kimi müsbət qarşılanıb.

Sessiya çərçivəsində region üçün mənzil təsərrüfatı və daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində bir sıra qərarlar da qəbul edilib.

BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin 78-ci sessiyasında ölkəmizin BMT-nin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov da iştirak edib.

BMT Avropa İqtisadi Komissiyasının Mənzil Təsərrüfatı və Daşınmaz Əmlakın İdarəedilməsi Komitəsinin iki gün davam edən 78-ci sessiyası işini noyabrın 10-da yekunlaşdıracaq.