Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların təqdimatı olub

06 Noyabr 2017
 

Noyabrın 6-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni yaradılmış ixtisasların və bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işlərinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev, gənclər və idman naziri Azad Rəhimov və digər şəxslər iştirak ediblər.

Akademiyanın rektoru Fuad Hacıyev son dövrdə bu ali təhsil müəssisəsində aparılan yenidənqurma işləri və tədrisdə innovasiyalar barədə məlumat verib.

Bildirilib ki, cari ilin sentyabrından başlayaraq, Akademiyada “İdman jurnalistikası”, “İdman menecmenti”, “İdman tibbi və reabilitasiya” üzrə modul tipli ingilis dilində magistr ixtisaslarının tədrisinə start verilib. Hər üç ixtisasın tədris proqramına daxil edilməsinin məqsədi beynəlxalq idman əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması və ölkədə gündən-günə inkişaf edən idman sahəsində tələb olunan ixtisaslar üzrə mütəxəssislərin yetişdirilməsidir. Həmin magistr ixtisasları Azərbaycan təhsil sistemində yeni olduğuna görə Akademiya onların tədrisi üçün Böyük Britaniyanın bir sıra tanınmış ali təhsil ocaqları ilə əməkdaşlıq sazişləri imzalayıb. Tədris prosesi zamanı əsas modullar Avropanın qabaqcıl təhsil müəssisələrinin professor-müəllim heyəti tərəfindən həyata keçirilir. Tədrisin ingilis dilində keçirilməsi, eyni zamanda, beynəlxalq standartlara cavab verən dərsliklər və materiallardan yararlanmağa imkan verir. Yeni magistr proqramlarında yerli ingilis dilli akademik heyətin də potensialından istifadə olunur.

Qeyd edilib ki, “İdman menecmenti” magistr proqramı Böyük Britaniyanın Şeffild Hallam Universiteti ilə birlikdə tərtib olunub. Dərslər Şeffild Hallam Universitetinin strateji idman layihələri şöbəsinin xüsusi dəvət olunmuş rəhbəri, universitetin İdman Akademiyasının sabiq direktoru professor Qay Masterman tərəfindən aparılır. Təhsil müddətində tələbələrə idmanda rəhbərlik və insan resurslarının idarə olunması, strateji inkişaf, idman iqtisadiyyatı, idman marketinqi, sahibkarlıq və təşkilati davranış fənləri tədris olunacaq.

“İdman jurnalistikası” proqramına media sahəsində tanınmış beynəlxalq ekspert, “Dan Mason Media” şirkətinin təsisçisi Den Meyson rəhbərlik edir. Bu ixtisas üzrə magistr proqramında təhsil alan tələbələr media və ictimai əlaqələr, audio və video jurnalistika, idman jurnalistikasının özəllikləri və s. mövzularla yaxından tanış olacaqlar.

“İdman tibbi və reabilitasiya” ixtisasına London Universitet Kollecinin (UCL) İdman Tibbi İnstitutunun aparıcı eksperti, Britaniyanın Kral Tibb Cəmiyyətinin idman tibbi bölməsinin vitse-prezidenti Maykl Pol Lusmor rəhbərlik edir. Bu magistr proqramında yalnız rezidenturanı bitirmiş həkimlər təhsil ala bilərlər. Magistraturanı bitirdikdən sonra məzunlar milli yığma komandalarda, idman federasiyalarında, dövlət və özəl klinikalarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya şöbələrində çalışa bilərlər.

Hər üç ixtisas üzrə magistrlərə gələcəkdə müvafiq olaraq, “İdman menecmenti”, “İdman jurnalistikası” ixtisası üzrə Böyük Britaniyanın Şeffild Hallam Universitetində, “İdman tibbi və reabilitasiya” ixtisası üzrə isə London Universitet Kollecində əsas modulların birinin tədrisinin həyata keçirilməsi nəzərdə tutulub. İngilisdilli modul tipli üç magistr ixtisası ilə yanaşı, cari ildə beynəlxalq təhsil standartlarına uyğun olaraq, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” bakalavr ixtisasları da yaradılıb və tədrisinə start verilib.

Təqdimat zamanı qonaqlara İdman Akademiyasında yaradılan müasir şərait və bütün beynəlxalq standartlara cavab verən yeni infrastruktur haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 12,8 min kvadratmetr olan ərazinin 9 min kvadratmetrdən artıq sahəsində müasir standartlara uyğun təmir və yenidənqurma işləri aparılıb, kommunikasiya, təhlükəsizlik sistemləri yenidən qurulub. Müəllim və tələbə heyəti üçün elektron tələbə bileti tətbiq edilməklə müasir elektron buraxılış-nəzarət sistemi yaradılıb. Təmir edilən tədris auditoriyaları və kafedralar zəruri mebel və avadanlıqla tam təmin olunub. Auditoriyaların texniki vasitələrlə - kompüterlər, proyektorlar, monitorlar və s. ilə təchizatı işi başa çatdırılıb.

Akademiyada ümummilli lider Heydər Əliyevin büstü qoyulub, Azərbaycanın Milli qəhrəmanlarının və idmançı şəhidlərin xatirəsinə həsr olunan stendlər qurulub. Həmçinin müasir standartlara cavab verən Heydər Əliyev İnteraktiv Muzeyi və tam funksional konfrans zalı yaradılıb, tələbə mərkəzi, tibb məntəqəsi, müasir tipli kafe və tələbə yeməkxanası istifadəyə verilib. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Diqqətə çatdırılıb ki, Akademiyanın ərazisi yüksəksürətli Wi-Fi ilə təmin edilib. Dünyanın 60 mindən çox kitabxanasında fəaliyyət göstərən və kitabxanadaxili bütün prosesləri avtomatlaşdıran “Follett Library Manager System” proqramını dəstəkləyən tam funksional elektron kitabxana, eyni zamanda, 200 min kitabdan ibarət fond yaradılıb. Tədrisin şəffaflığını təmin etmək məqsədilə ixtisaslaşmış və müvafiq texniki vasitələrlə təmin edilmiş imtahan mərkəzi yaradılıb. Tədrisin və təhsilin vahid idarəetmə sisteminin (E-Akademiya) qurulması üzrə iş uğurla davam edir.

Yeni proqramların yüksək keyfiyyətinin və müvafiq araşdırmaların aparılmasının təmin edilməsi məqsədilə “İdman tibbi və reabilitasiya” ixtisası üzrə tədris və elmi-tədris laboratoriyası və “İdman jurnalistikası” ixtisası üzrə multimedia studiyası yaradılıb. Laboratoriya və studiya müvafiq avadanlıqla təmin olunub.

Tədbir iştirakçıları tamamilə yenidən qurulmuş və müasir konsepsiyaya malik olan akt zalında yaradılan şəraitlə də maraqlanıblar. Qeyd edilib ki, Akademiyanın ərazisində xüsusi maraq cəlb edən yerlərdən biri də akt zalıdır. Yeni yaradılan akt zalı geniş, dinamik, çox funksiyalıdır. İstifadə məqsədindən asılı olaraq, onun dizaynı dəyişilə bilər və beləliklə zal həm rəsmi, həm də əyləncə tipli tədbirlərə ev sahibliyi edə bilər.

Bildirilib ki, Akademiyada idman zallarının əsaslı təmiri və yenidənqurma işlərinə başlanılıb. Artıq idman gimnastikası və ağır atletika zalları əsaslı şəkildə yenidən qurulub, ən müasir avadanlıqla təmin olunub. Hazırda basketbol və həndbol idman zalları təmir edilir.

Sonda tədbir iştirakçıları Akademiyanın fəaliyyətindən bəhs edən qısa filmə baxıblar.