Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qurban Qurbanov: Milli komandanın baş məşqçisi kimi məsul vəzifənin öhdəsindən gəlməyə çalışacağam

03 Noyabr 2017
Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti Rövnəq Abdullayev və futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyin olunan Qurban Qurbanov birgə brifinq keçiriblər.

AZƏRTAC xəbər verir ki, brifinqdə AFFA-nın İcraiyyə Komitəsinin qəbul etdiyi qərarlardan danışan Rövnəq Abdullayev deyib: “İclasda futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə yekdilliklə Qurban Qurbanov seçilib. Qurbanı təbrik edirəm və bu məsuliyyətli vəzifədə ona uğurlar arzulayıram”. O, milli komandanın baş məşqçisi ilə 6 illik müqavilə imzalanacağını vurğulayaraq, baş məşqçinin “Qarabağ” klubundakı vəzifəsini də davam etdirəcəyini diqqətə çatdırıb.

Məsul vəzifəyə təyinatı ilə əlaqədar AFFA-nın İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildirən Qurban Qurbanov deyib: “Hər bir futbolçunun arzusu milli komandada oynamaq, baş məşqçinin istəyi isə milliyə rəhbərlik etməkdir. Bilirəm ki, bu, çox məsuliyyətli vəzifədir. Bütün azarkeşlərin gözü millidədir. Özüm də oyunlarda azarkeş kimi iştirak etmişəm. Onların fikir və düşüncələrini yaxından eşitmişəm. Azarkeşlər daha yaxşı nəticə istəyirlər. Əlbəttə, bu, mənim üçün böyük məsuliyyətdir. Çalışacağıq ki, AFFA və futbolsevərlərlə birgə daha uğurlu nəticələr əldə edək. Bu, bir günün, ayın, ilin işi deyil. Klublarımız daha çox olacaq. Uzunmüddətli proqram qəbul ediləcək. Yavaş-yavaş, pillə-pillə irəli getməliyik ki, milli komanda daha da peşəkarlaşsın, daha çox uğur əldə etsin. Bir azərbaycanlı kimi bu işin öhdəsindən gəlməyə, futbolumuzun inkişafı naminə əlimdən gələni etməyə çalışacağam”.

Yeni vəzifədə işin və məsuliyyətin xeyli artdığını diqqətə çatdıran baş məşqçi KİV nümayəndələrinə və azarkeşlərə minnətdarlığını bildirib: “Mənə olan etimadınızı, sevginizi göstərdiniz. Düşünürəm ki, bundan sonra hamımız - media işçiləri, azarkeşlər, futbolsevərlər, futbol funksionerləri birlikdə güclü, fəal komanda formalaşdıraraq, uğurlu oyunlar keçirəcəyik”.

Əsas məqsədin 2020-ci il Avropa çempionatına vəsiqə qazanmaqdan ibarət olduğunu deyən Qurban Qurbanov deyib: “Futbol elə bir oyundur ki, burada hər məsələ mərhələli şəkildə həll olur. Futbolçularımızdan əlimizdəki şansdan maksimum yararlanmağı tələb etmişəm. Hətta kiçik şansımız varsa belə, bundan mütləq istifadə etməliyik. Özünüz də görürsünüz ki, “Atletiko” klubu “Qarabağ”dan qat-qat üstün komandadır. Amma səfərdə onlarla heç-heçə etdik. Bəzən də bizdən zəif komandaya Premyer Liqada məğlub oluruq. Futbolda əvvəlcədən qəti qərar vermək mümkün deyil. Buna hazır olmalıyıq. Millətlər Liqasında da oynamalıyıq. Bu, bizim üçün əlavə üstünlükdür”.

Xatırladaq ki, Qurban Qurbanov 2008-ci ildən “Qarabağ” klubunun baş məşqçisidir.