Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələr mühüm rol oynayır

03 Noyabr 2017
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov noyabrın 3-də Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə gələcək əməkdaşlıq imkanları, münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Fransa əlaqələrindən danışan Oqtay Əsədov bildirib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər ölkələrimiz arasındakı münasibətlərin inkişafında mühüm rol oynayır. İndiyədək Azərbaycan və Fransa arasında 52 sənədin imzalandığını deyən Milli Məclisin sədri iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Oqtay Əsədov Azərbaycan-Fransa münasibətlərinin inkişafında parlamentlərarası əlaqələrin mühüm rolunun olduğunu qeyd edib, hər iki ölkənin qanunverici orqanında fəaliyyət göstərən dostluq qruplarının sıx əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.

Milli Məclisin sədri Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbərinin Azərbaycana səfərinin ikitərəfli əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Pyer Alen Rafan Azərbaycana səfərdən və burada onlara göstərilən yüksək qonaqpərvərlikdən məmnunluqla söz açıb. Azərbaycan ilə Fransa arasında əlaqələrin inkişaf etdiyini vurğulayan qonaq dostluq qruplarının əlaqələrimizin inkişafına töhfə verdiyini söyləyib. O, həmçinin bildirib ki, Fransa Azərbaycan ilə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətindədir.