Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Su və havadan 3D obyektlər çap etmək mümkün olacaq

03 Noyabr 2017
Rusiyalı alimlər sellüloz əsaslı ucuz təbii materiallardan istifadə edən 3D çap texnologiyası hazırlayıblar. Yeni texnologiya əsasında ətraf mühiti çirkləndirmədən su və havadan 3D obyektlər çap etmək mümkün olacaq.

AZƏRTAC “nanonewsnet.ru” saytına istinadla xəbər verir ki, üçölçülü çap qısa müddətdə rəqəmsal kompüter modellərindən istənilən mürəkkəb struktura malik məmulatlar yaratmağa imkan verir. Rusiya Elmlər Akademiyasının N.Zelinski adına Üzvi Kimya İnstitutunun tədqiqatçıları 3D çap prosesini ucuz və ekoloji cəhətdən təmiz həyata keçirməyə imkan verən unikal materialı (PEF – polyethylene-2,5-furandicarboxylate) sintezləşdiriblər. Bu materialın özəlliyi onun ən perspektivli bərpa olunan resurslar kateqoriyasına aid olan təbii sellüloz maddəsindən alınmasıdır. Sellüloz atmosferdə qeyri-məhdud miqdarda olan su və karbon qazından sintezləşdirilir. Bu reaksiya üçün enerji mənbəyi Günəş işığıdır.

Tədqiqat nəticəsində məlum olub ki, əldə edilmiş polimer yüksək möhkəmliyə malikdir. O, oksidləşmir, kimyəvi həlledicilərin təsirinə dayanıqlıdır və təbii mühitdə parçalanmır. Bundan başqa, ondan dəfələrlə istifadə etmək mümkündür. Belə polimerdən hazırlanmış məmulatlar kifayət qədər uzunömürlü olacaq.