Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Payızda çiçək yağışı: məşhur diktor Rafiq Hüseynov son mənzilə yola salındı

03 Noyabr 2017
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında izdihamdan tərpənmək olmurdu. Həmişə ekranda, efirdə görməyə adət etdiyimiz Xalq Artisti, məşhur diktor Rafiq Hüseynovun qara lentlə haşiyələnmiş portreti sanki çiçək yağışına qərq olmuşdu.
AZƏRTAC xəbər verir ki, mərhum diktorun vida mərasiminə dövlət rəsmiləri, sənətkarın ailə üzvləri, yaxınları, sənət dostları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri ilə yanaşı, onun çoxsaylı pərəstişkarları da toplaşmışdı.

Rafiq Hüseynov ömrünün erkən çağlarından həyatını televiziyaya bağlayıb. Hələ 17 yaşında işıqçı işləməyə başlayıb və sədr müavini vəzifəsinədək uzun yol keçib. 1966-cı ildən diktorluq fəaliyyətinə başlayan Rafiq ekrana səmimiyyət, nitq mədəniyyəti gətirdi. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyası mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov keçmiş sovetlər ittifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu...

Bütün bunlar barədə Mahnı Teatrında keçirilən vida mərasimində danışılıb. Mərasimin aparıcısı teatrşünas, professor İlham Rəhimli Azərbaycan Televiziyasında diktorluq ənənələrinin layiqli davamçısı olan Rafiq Hüseynovun keçdiyi sənət yolundan, bənzərsiz istedadı və təkrarsız üslubundan ətraflı bəhs edib. Qeyd olunub ki, Rafiq efirdə həmsöhbətinə geniş imkan yaradır, öz mədəniyyəti, təmiz, səlis və cazibəli nitqi, ən başlıcası, səs tembri ilə hamını heyran edirdi.

Xalq Artisti, rejissor Ramiz Həsənoğlu, mərhum diktorun həmkarları Əli Məmmədov və Eldost Bayram, yetirmələri Nərgiz Cəlilova və Rafiq Haşımov və başqaları Rafiq Hüseynov sənətinin ən müxtəlif məziyyətlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Əməkdar Artist Gülşən Əkbərova isə onu virtuoz diktor adlandırıb. Çıxışlarda vurğulanıb ki, o, ana dilimizin saflığı keşiyində dayanmaqla bərabər, həm də rus dilində çox səlis və aksentsiz danışırdı. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.

Mərhumun tabutu qoyulmuş səhnə əklillərlə dolu idi. Tabutun önünə Azərbaycanın Birinci vitse-prezidentinin, Mədəniyyət və Turizm Nazirliyinin və digər qurumların adından əklillər qoyulmuşdu.

... Sehrli səsi ilə hamının sevimlisi olan Rafiq Hüseynov son mənzilə yola salındı. Bəlkə də ilk dəfə olaraq “Gələn görüşlərədək” demədən getdi. Bu payız günü Mahnı Teatrının səhnəsi də, mərhum diktorun tabutu da, son mənzili olan məzarı da gül-çiçəyə büründü.