Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qəhrəman ananın qəhrəman oğlu

28 Oktyabr 2017
 

22 il bir ömür payında o qədər də böyük yaş həddi deyil. İnsan hələ bu yaşda arzuları, istəkləri bir-birinə calayır, hansının daha tez göyərəcəyini, boy verəcəyini gözləyir...

Valeh Əlzahid oğlu Müslümov ömrünü bu yaşında bitirdi - cəmi 22 il yaşadı. Amma dəyərli, mənalı örnək ola biləcək bir ömür yaşadı - Azərbaycanın Milli Qəhrəmanı oldu. O, boya-başa çatdığı Lerikdən ayrılanda səkkizinci sinfi təzəcə bitirmişdi. Bir peşə, sənət sahibi olmaq üçün Sumqayıta yollandı. Qısa müddətdə dülgərlik peşəsinə yiyələndi. Az sonra əmək fəaliyyətinə başladı. 1986-1988-ci illərdə hərbi xidmətini başa vurdu. O həmin illər idi ki, erməni quldurları müxtəlif istiqamətlərdən torpaqlarımızı ələ keçirmək istəyirdilər. Onda Valehin bütün arzuları, istəkləri yarımçıq qaldı. Qəti qərara gəldi ki, torpaqlarımız azad olana qədər döyüş cəbhələrindən geri dönməyəcək. Valeh könüllü olaraq Qubadlıya yollandı. Davudlu, Eyvazlı uğrunda gedən döyüşlərdə sona qədər iştirak etdi. Düşmənlə döyüşlərdə qüvvələr qeyri-bərabər olsa da, Valeh çeviklik və cəldlik göstərir, ən çətin əməliyyatlarda iştirak edirdi.
1992-ci ildə Ağdərənin Marquşavan kəndində qanlı döyüşlər gedirdi. Yenə ermənilər hücum əməliyyatına çox böyük qüvvə ilə başlamışdı. Amma belə məqamlarda Valeh mövqe seçməyi, düşməni çaşdırmağı bacarırdı. Bu çətin döyüşdə 12 erməni quldurunu məhv etdi, yaralanan döyüş dostlarını zərərsiz mövqeyə çıxara bildi. Artıq Valehin çevikliyi, cəldliyi barədə bütün cəbhə boyu soraq yayılmışdı. Onun adı erməni cəlladlarını da vahimələndirirdi. Düşmənlər Valehin başına mükafat ayırmışdılar. Amma belə məqamlarda Valeh daha böyük çeviklik göstərir, tədbirli olurdu. Düşmənlə axıra qədər döyüşlərdə mövqe üstünlüyünü qorumağa çalışırdı. Çalışırdı ki, ən çətin əməliyyatlara qoşulsun, düşmənin planlarını alt-üst etsin.
Xocavənd rayonunun Çartaz kəndində ağır döyüşlər gedirdi. Erməni quldurları bu döyüşə ciddi hazırlaşmışdı, sayları da çox idi. Həmin ərazidə kifayət qədər texnika cəmləşdirmişdilər. Valeh yenə də fərqli mövqe seçə bildi. Əməliyyat başlayanda məqam tapıb kənddəki şərab zavodunun ağır çənləri üzərinə çıxdı. Ağıla gəlməyən yerdən sərrast atəş açmaqla düşmənin pulemyotunu susdurdu. Valeh Müslümov belə uğurlu əməliyyatlar zamanı heç bir mükafat, təltif gözləmirdi. Deyirdi ki, bu torpaq bizimdir, onu qorumaq borcumuzdur. Belə anlarda babası Sənan kişinin müharibədən göndərdiyi məktubları xatırlayırdı. Babası Böyük Vətən müharibəsində qəhrəmanlıqla həlak olmuşdu. Məktublarında yazırdı ki, geriyə qayıtsam da, qayıtmasam da, övladlarıma deyin ki, Lerikdən xeyli uzaqlarda olsam da, bu yerləri axıra qədər unutmadım. Hər dəfə döyüşə gedəndə doğma adamları, övladlarımı xatırlayıram...
Valeh belə bir kişinin ocağında böyümüşdü, ziyalı tərbiyəsi görmüşdü, atası Əlzahid müəllimdən dərs almışdı. Bir də qəhrəman anası Nənəgül xalanın dəyərli öyüdlərini unutmurdu: “On övlad böyütdüm, bu torpaq təhlükədə olarsa, təkcə onlar yox, özüm də cəbhəyə getməyə hazıram...” Bunu Valehin qəhrəman anası deyirdi. Onu böyüdən, ərsəyə yetirən məğrur ana! Lerikdə bu ananı hamı belə tanıyır: sözünün sahibi, anaların anası!
Valeh belə bir mühitdə, məğrur ananın, təpərli atanın tərbiyəsini görmüşdü, onlardan çox şeylər öyrənmişdi. Doğmalarının sözü-söhbəti, nümunəvi davranışı Valehə mətinlik dərsi keçmişdi. El-oba sevgisi, torpağa bağlılıq canına, qanına hopmuşdu.
Onu bu ruhda böyüdənlər səhv etməmişdi. Tez-tez xoş sorağını eşidirdilər. Cəbhədən gələn təşəkkür məktubları Nənəgül ananı, Əlzahid atanı o qədər sevindirərdi ki...
Valeh Ağdərənin Marquşavan kəndi uğrunda gedən döyüşlərdə də axıra qədər iştirak etmişdi. Yenə də fərqli cəhətləri ilə seçilirdi. O, komandirlərə xəbər vermədən əməliyyata başlamışdı. Sərhəddə dayanan erməni keşikçisini oğurlayıb geri qayıtmışdı. Həmin erməni keşikçisi əməliyyat barədə çox şeylər bilirdi. Ona görə də belə bir tədbirə ciddi ehtiyac vardı. Doğrudur, bu əməliyyatı öz təşəbbüsü ilə yerinə yetirdiyinə görə onu xeyli məzəmmət etdilər. Amma hər şey dəqiq ölçülüb-biçilmişdi, əsl döyüşçü şücaəti göstərmişdi. Ona görə Valehi beş günlük istirahətə buraxmaq istədilər, amma etiraz etdi. Dedi ki, hələ ki torpaqlarımız azad olmayıb, bizim istirahətə vaxt ayırmağa haqqımız yoxdur...
1992-ci ildə erməni quldurları Tərtər istiqamətindən ağır döyüş əməliyyatına başladılar. Valeh dərhal cəbhənin həmin səmtinə getməyi qərara aldı.
Tərtər döyüşləri ağır itkilərlə başa çatdı. Valeh bir tərəfdən düşmənə zərbələr endirirdi, o biri tərəfdən çətin vəziyyətə düşən dostlarını xilas edirdi. Belə döyüşlərin birində çətinliklə də olsa, əsgər dostlarından bir neçəsini xilas edə bilmişdi. Amma bu döyüş Valehin sonuncu əməliyyatı oldu, onu ağır yaraladılar. O, yaralı vəziyyətdə də sona qədər inadından əl çəkmədi. Düşmənə sübut etdi ki, onu məğlub etmək o qədər də asan deyil.
Valeh Müslümov cəmi 22 yaşında bütöv bir ömür yaşadı. Elə ömür ki, neçə nəsillərə nümunə olacaq, örnək göstəriləcək...
Son döyüşdə - Tərtərdə həlak olanda təklif etdilər ki, onu uğrunda döyüşdüyü torpaqda dəfn etsinlər. Bakıda Şəhidlər xiyabanında torpağa tapşırılmasını istəyənlər də vardı. Amma Əlzahid atanın, Nənəgül ananın xahişi ilə onu doğulduğu doğma torpaqda Lerikdə dəfn etdilər. O yer oxuduğu məktəbə də yaxın idi, onu böyüdən, ərsəyə gətirən ata-anaya da.
Bu gün Lerikdə bir məzar var - qəhrəman məzarı. O yerdə Valeh tək-tənha deyil. Onu təkcə doğmaları yox, yurdumuzun hər yerindən ziyarətə gəlirlər. O, 22 yaşının həddinə, səddinə sığmayan qəhrəman ucalığından boylanır. Valehin uyuduğu bu məzar bu gün də uca görünür və görünəcək də...

Bəşir ŞƏRİFLİ,
“Azərbaycan”