Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi üçün dəyərli elmi mənbədir

24 Oktyabr 2017
Oktyabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli ədəbiyyatşünas alim, Əməkdar Elm Xadimi, akademik Feyzulla Qasımzadənin yenidən nəşr olunmuş “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli alimin mənalı ömür yolu və elmi-pedaqoji fəaliyyətindən söhbət açıb. Bildirib ki, Azərbaycan ziyalılarının böyük bir qisminin müəllimi hesab olunan F.Qasımzadə çoxsaylı dərsliklərin müəllifidir. Uzun illər Bakı Dövlət Universitetinin (BDU) tarix kafedrasının müdiri vəzifəsində çalışan alimin rəhbərliyi ilə 30 elmlər doktoru və 120 elmlər namizədi yetişib. O, SSRİ-nin bir sıra nüfuzlu orden və medalları ilə təltif edilib.

AMEA-nın vitse-prezidenti böyük ədəbiyyatşünas alimin həm də zəngin daxili mənəviyyata, yüksək insani keyfiyyətlərə malik olduğunu qeyd edib, F.Qasımzadənin ədəbi tənqid sahəsində də səmərəli fəaliyyət göstərdiyini, əsərlərində Azərbaycan ədəbiyyatının obyektiv təhlilini apardığını diqqətə çatdırıb.

Sonra İ.Həbibbəyli “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabı haqqında məlumat verib. Qeyd edib ki, 1974-cü ildə işıq üzü görmüş bu dərslik 40 ildən çoxdur ali məktəb tələbələri və müəllimlərin stolüstü kitabına çevrilib. Bu yaxınlarda isə həmin kitab BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Yeganə İsmayılova tərəfindən təkmilləşdirilərək yenidən çap olunub.

Yeni nəşrdə "XIX əsrin I yarısı - 1930-1940-cı illər Azərbaycan ədəbiyyatı", "1950-1960-cı illər Azərbaycan ədəbiyyatı" və "1970-1990-cı illərdə Azərbaycan ədəbiyyatı" adlı fəsillərdə geniş araşdırmalar aparılıb. Kitabda A.Bakıxanov, M.Ş.Vazeh, Q.Zakir, Ə.Nəbati, M.F.Axundzadə, S.Ə.Şirvani, N.Vəzirov kimi görkəmli yazıçılar haqqında ayrı-ayrı oçerklər yer alıb.

MEK-in direktoru Leyla İmanova Azərbaycan elmində əvəzsiz xidmətləri ilə seçilən, ölkə elmi və ədəbiyyatının dünya səviyyəsində tanınmasına nail olan alimlərin, mütəfəkkirlərin zəngin elmi irsinin qorunub saxlanılmasının vacibliyindən danışıb. O, akademik F.Qasımzadənin “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabının yenidən nəşr edilməsi və kitabxanaya təqdim olunmasının xüsusi önəmini vurğulayıb. Bildirib ki, F.Qasımzadənin milli yaddaşımızı zənginləşdirən dərsliyi ali məktəb tələbələri və müəllimləri üçün olduqca dəyərlidir.

L.İmanova kitabın MEK-in Mill Rəqəmsal Yaddaş Bazasına daxil edildiyini bildirib.

Dərsliyin yenidən işıq üzü görməsində böyük əmək sərf etmiş, kitabı yenidən nəşrə hazırlayan, professor Yeganə İsmayılova isə öz çıxışında bu unikal və zəngin məlumatlarla dolu dərsliyin yenidən çap olunmasının əhəmiyyətini vurğulayıb.

Sonra mərhum alimin tələbəsi, akademik Vasim Məmmədəliyevin müəllimi ilə bağlı fikirlərini bölüşdüyü videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kafedra müdiri, kitabın rəyçilərindən biri, profesor Himalay Qasımov xalqımızın böyük alimi, akademik F.Qasımzadənin Azərbaycan ədəbiyyatı tarixinin araşdırılaraq elmi müstəviyə gətirilməsində və təbliğində müstəsna xidmətləri olduğunu deyib. Bildirib ki, onun gərgin zəhməti və elmi axtarışlarının nəticəsi olan “XIX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi həmin dövrün ədəbiyyatının öyrənilməsi və ədəbi-bədii düşüncənin təhlili baxımından dəyərli və əvəzolunmaz elmi mənbədir.

Tədbirdə kitabın elmi redaktoru, professor Tofiq Hüseynov, akademik Nizami Cəfərov, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli və başqaları alimin həyat və yaradıcılığına dair fikirlərini bölüşüblər, yeni nəşr olunmuş kitabın elmi əhəmiyyətindən söz açıblar.

Sonda mərhum akademikin qızı, ADPU-nun dünya ədəbiyyatı kafedrasının dosenti Nigar Qasımzadə ailəsi adından atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçıları və iştirakçılarına minnətdarlığını bildirib.