Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ana südü ilə qidalanmayan uşaqlar hiperaktiv olurlar

23 Oktyabr 2017
Ana südü ilə qidalanan uşaqlarda məhəbbət hissləri daha güclü olur. Süni qidaların tərkibində olan konservativ maddələr qaraciyəri, dalağı və mərkəzi sinir sistemini zədələyərək oyanıqlığı artırır ki, bu da hiperaktivliyə səbəb olur.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı, tibb elmləri doktoru Ələkbər Həsənov universitetin mətbuat xidmətinə bildirib.

Həkim deyib: “İstər telefonlar olsun, istərsə də planşetlərin uşaqların əlindən düşmədiyini hər birimiz yaxşı bilirik. Lakin valideynlər bilməlidilər ki, bunlar uşaq orqanizmində iki hormonu məhv edir. Onlardan birincisi seratonin maddəsidir ki, bu uşaqların əhval-ruhiyyəsini yaxşı saxlayır. Televizor, kompüterə meylli olan uşaqlarda seratoninin miqdarı azalır.

İkincisi isə endorfin hormonunun azalmasıdır. Bu hormon orqanizmdə ağrıkəsici funksiyanı yerinə yetirir. Endorfinin azalması uşaqlarda başağrıları və özünəqapanma halları ilə müşayiət olunur. Belə hallara isə məktəbəqədər, eləcə də məktəbyaşlı uşaqlarda daha çox rast gəlinir. Belə uşaqlar çox aqressiv olurlar”.

Pediatr onu da qeyd edib ki, uşaqların gün ərzində elektron vasitələrdən bir saatdan çox istifadə etməsi yolverilməzdir: “Əgər uşaqlar gün ərzində bir saatdan çox elektron vasitələrdən istifadə edirsə, o uşaqların nəinki özlərini, onların valideynlərini də “məhvetmək” səviyyəsinə qədər gətirib çıxarır”.

Ana südünün verilməsinin ananın sosial vəziyyəti ilə əlaqələndirilməsindən də danışan Ə. Həsənov bunun qətiyyən doğru olmadığını bildirib: “Mən öz praktikamda da görmüşəm ki, bəzi analar südlərinin olmamasını stress, gərginlik faktorları ilə əlaqələndirirlər. Bunu nəinki mən, heç dünya praktikası da qəbul etmir. Elə çətin şəraitdə yaşayan analar var ki, onlar körpələrini ana südündən məhrum etmirlər. Süd ananın dərialtı toxumasında əmələ gəlir, bunun ananın qidalanması ilə heç bir bağlılığı yoxdur. Südverən anaların bir diyetası var: Kasıb tapdığını, varlı istədiyini yeyər. Bu zaman anaların diqqət edəcəyi əsas məsələ, kimyəvi tərkibli qida məhsullarının körpələrinə verilməməsidir”.