Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllılılar budoçuları ilə fəxr edirlər

22 Oktyabr 2017
 

İsmayıllıda bütün sahələrdə olduğu kimi, idmanın inkişaf etdirilməsi istiqamətində də ciddi addımlar atılır. İsmayıllı Olimpiya İdman Kompleksinin əsaslı təmirindən sonra Prezident  İlham Əliyevin  iştırakı ilə 2016-cı ildə açılışından  ötən dövr ərzində müxtəlif idman növlərinə  meyil xeyli yüksəlib.

İsmayıllılıların yarışlarda qazandıqları  hər nailiyyətin yerli orqanlar tərəfindən  təqdir  olunması, idmançıların mükafatlandırılması rayonda idmanın kütləviləşməsinə xidmət edir.

Rayonumuzda idmanın  Şərq döyüş növlərinə maraq böyükdür. Yapon döyüş növlərinə ümumilikdə “Budo” deyilir. Budonun 8 əsas istiqaməti  var. Azərbaycanda daha çox populyar olan  karate, cüdo, aykido budoya aiddir. Bu idman növləri ilə məşğul olanlar İsmayıllıda da çoxdur. Bayram Qəhrəmanov  budo növləri üzrə məşqçidir.  Özü də yarışlarda iştirak edir. Bu yaxınlarda Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən açıq dünya çempionatında  o və yetirmələri yüksək nəticə göstəriblər.  Bayram Qəhrəmanov, Eşqin Əsgərov, Nuray Şabanlı, Ləman Əkbərova, Tahir Məmmədov və Qadir Səlimov uğurla çıxış edərək hər biri qızıl medal qazanıb. 

İdman sağlamlıqdır. İdman aktiv və faydalı həyat tərzidir. İdman həm də peşəkar fəaliyyət növüdür. İdmanda qazanılan uğurlar dövlət tərəfindən də yüksək qiymətləndirilir. Bu da idmanın kütləviləşməsinə, cəmiyyətin sağlam təməllər üzərində tərəqqisinə səbəb olur.

 

Rauf RƏCƏBOV,

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı