Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı danışıqlar prosesində əsas amildir

20 Oktyabr 2017
 

Prezident İlham Əliyev bu mövzuda heç bir güzəştin olmayacağını Cenevrədə dünya birliyi qarşısında bir daha nümayiş etdirdi

 

Uzun fasilədən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında Cenevrədə baş tutan növbəti - sayca 22-ci görüş bəzi məqamlar baxımından xüsusi diqqət mərkəzində yer almaqdadır. İlk növbədə ona görə ki, bu görüş Ermənistanın danışıqlar prosesini pozmaq cəhdlərinin davam etdiyi dövrdə baş verdi.
Xatırlatmaq yerinə düşərdi ki, Vyana və Sankt-Peterburq görüşlərindən sonra Ermənistan yeni danışıqlar prosesinin baş tutması üçün müəyyən şərtlər irəli sürməyə başlamışdı və bu da faktki olaraq danışıqların dayanmasına gətirib çıxarmışdı. Çünki Azərbaycan yüksək səviyyədə bəyan edirdi ki, hansısa şərtlərin irəli sürülməsi fonunda danışıqların baş tutması mümkün deyil.
Bundan sonra Azərbaycanın diplomatik gedişləri nəticəsində Ermənistana dünya miqyasında təzyiqlər müşahidə olundu. Məhz beynəlxalq təzyiqlər nəticəsində Ermənistan yenidən danışıqlar masasına qayıtdı.
Cenevrə görüşü ilə bağlı səslənən fikirlərdən, verilən rəsmi açıqlamalardan bəlli olur ki, müzakirələr konstruktiv mühitdə baş tutub. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatında da İsveçrədə təşkil olunan zirvə görüşündən razılıq ifadə olunur: “Prezidentlər danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməyə və təmas xətti boyunca gərginliyi azaltmaq üçün əlavə addımlar atmağa razılaşdılar. Həmsədrlər çox uzun fasilədən sonra baş tutan bu birbaşa danışıqlardan razılıq ifadə etdilər. Onlar Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə sülh yolu ilə həlli üçün tərəflərlə işləməyə hazır olmaqda qalırlar. Növbəti addım kimi həmsədrlər xarici işlər nazirləri ilə yaxın gələcəkdə işçi görüş keçirəcəklər”.
Onu da qeyd edək ki, Avstriyanın ATƏT-dəki sədrliyi Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə Cenevrədə keçirilən görüşünü diqqətlə izlədiyi barədə bəyanat yayıb. Bəyanatda deyilir: “Biz prezidentlərin danışıqlar prosesini intensivləşdirmək üçün tədbirlər görməsini və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımlar axtarmasını görməkdən məmnunuq. Sədrlik ümid edir ki, danışıqlar prosesinin bərpası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün konkret addımlarda öz əksini tapacaq. Cəhdlərin mərkəzində sülh planlaşdırılması durmalıdır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik tərəfindən təmsil olunan ATƏT sədrliyi münaqişə tərəflərinin sülhə nail olması üçün göstərdiyi səylərini bundan sonra da dəstəkləməkdə davam etməyə hazırdır”.
Yeri gəlmişkən qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quttereş də Azərbaycan və Ermənistan prezidentilərinin Cenevrədə keçirdikləri danışıqları alqışladığını bəyan edib. BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin sözlərinə görə, BMT-nin Baş katibi iki dövlət başçısının danışıqlar prosesinin aktivləşdirilməsi və təmas xəttində gərginliyin azaldılması üçün əlavə addımların atılmasına dair razılığa gəlmələrini dəstəkləyir: “ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəkləyən Baş katib Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaq üçün tərəfləri son görüşdə yaranmış müsbət dinamikadan istifadə etməyə çağırır”.
Beləliklə, görüşə verilən beynəlxalq reaksiyalardan aydın olur ki, onun baş tutması təqdir edilir. Digər tərəfdən o da həqiqətdir ki, Ermənistandan fərqli olaraq Azərbaycan görüşə şərtləri diktə edən tərəf qismində qatılır və bu da ilk növbədə onunla bağlıdır ki, Azərbaycan hərbi, siyasi, diplomatik, iqtisadi müstəvidə qarşı tərəfdən dəfələrlə güclüdür. Güc amili isə danışıqlarda öz rolunu mütləq oynayır. Azərbaycan Ermənistandan fərqli olaraq özünə güvənir, bu fonda da danışıqların gecikməsini və nəticəsizliyini qəbul etmir. Rəsmi Bakı nizama salma prosesinin daha sürətlə həyata keçməsini istəyir. Prezident İlham Əliyev bu məsələdə heç bir güzəştin olmayacağını bir daha Cenevrədə dünya birliyi qarşısında nümayiş etdirdi.
Əslində, narahatlıq erməni tərəfində aydın müşahidə olunur. Məsələn, bu ölkədə dərc edilən “İravnuk” qəzeti yazır ki, Serj Sarkisyan hakimiyyəti iqtidarda olduğu müddət ərzində Ermənistan daha böyük fərqlə Azərbaycana uduzmaqda davam edəcək: “Sarksiyan və komandası Ermənistanı fəlakət həddinə çatdırıblar. Ermənistan sürətlə tənəzzül edir və bu durum artıq Qarabağ məsələsinin taleyinə də təsirini göstərir. Bizim bu hakimiyyət nəticəsində Qərblə korlanan münasibətlərimiz bu cəbhədə də Qarabağ məsələsində Ermənistana hansısa ümid vermir”.
Dövlət başçılarının Cenevrə görüşündən sonra maraq doğuran başlıca məqam münaqişə ilə bağlı proseslərin hansı istiqamətdə cərəyan edəcəyidir. Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı danışıq prosesində əsas amildir. Eyni zamanda Azərbaycan hələ ki, məsələnin sülh yolu ilə tənzimlənməsini istəyir. Amma o da danılmazdır ki, yeni görüşdən sonra işğalçı tərəf Qarabağ konfliktinin həlli istiqamətində əməli addım atmasa, onda ötən ilin apreli ilə müqayisədə daha genişmiqyaslı və qanlı savaşın başlaması qaçılmaz olacaq. Bunu erməni tərəfində də yaxşı bilirlər.
Ermənistanda onu da gözəl anlayırlar ki, bu dəfə başlayacaq hərbi əməliyyatlar Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə yekunlaşacaq. Elə ötən ilin aprel hərbi əməliyyatlarını da Azərbaycan uğurla bitirmək imkanında olub, lakin Ermənistanın israrlı xahişlərini əsas götürən Rusiyanın siyasi rəhbərliyi və hərbi komandanlığı atəşkəs təklifi ilə çıxış edib. Rəsmi Bakı növbəti dəfə öz sülhməramlı yanaşmasını nümayiş etdirib və cəbhə boyu inamla irəliləyən hərbi kontingentini dayandırıb. Bu durum Ermənistanın artıq hərbi güc faktorundan məhrum olduğunu göstərməklə yanaşı, Azərbaycan qarşısında aciz vəziyyətini isbatlayıb və daha böyük iflasdan qurtulmaq üçün güzəştə getmələrinin labüdlüyünü diktə edib.
İndi əsas məsələ artıq Ermənistanın konstruktiv addımlar atmasındadır. Əgər qarşı tərəfdən münaqişənin dinc yolla çözümü istiqamətində konkret addımlar atılmasa, bunun üçün işğalçıya çox ciddi təzyiqlər göstərilməsə, onda Ermənistan rəhbərliyinə hərb müstəvisində yeni dərs vermək lazım gələcək. Azərbaycanın bu dərsi vermək üçün kifayət qədər üstün mövqedə olması dünya miqyasında, o cümlədən də Ermənistanda vacib reallıq kimi qəbul edilir.

Elçin CƏFƏROV,
“Azərbaycan”