Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz mütləq geri qayıdacağıq

15 Oktyabr 2017
 

24 ildir ki, torpaqlarımızın bir hissəsi düşmən işğalındadır. Ötən bu illər bizim  qəlbimizdən yurd həsrətini silməmiş, onu daha da gücləndirmişdir. Son zamanların  tarixi hadisələri bir daha göstərdi ki, vətənimizin bir qarış torpağı belə, düşməndə qalmayacaq, müzəffər ordumuz üçrəngli bayrağımızı Şuşada, Laçında, Ağdamda və digər ərazilərimizdə, o cümlədən Qubadlıda ucaldacaq. 

Məcburi  köçkün həyatı yaşayan qubadlılılar daim yurd həsrətinin bitəcəyi o  günü həsrətlə gözləyirlər. Vətənpərvərlik, doğma elə bağlılıq, mübarizlik  rayon  ziyalıları tərəfindən gənclərimizə aşılanan əsas keyfiyyətlərdir.     

Rayonun idarə və müəssisə kollektivləri də fəaliyyətlərində bu məqama xüsusi diqqət edir, Qubadlının xatirələrdə daim yaşadılması üçün əllərindən gələni əsirgəmirlər. Respublika xalça muzeyində “Zəngəzurun qala qapısı Qubadlı” adlı sərgidə muzeyimizin əməkdaşları  gələnlərə rayon barədə məlumat veriblər. Bir neçə gün ərzində sərgiyə minlərlə insan tamaşa edib.

Təhsil ilinin ilk günündə  rayonun bütün məktəblərində Cocuq Mərcanlıya həsr edilmiş dərslər keçirilib. Müəllimlər həmin gün ölkəmizdə aparılan dövlət siyasətindən, ordu quruculuğundan  da geniş söhbət açıblar.

Qubadlı Rayon Tarix-diyarşünaslıq muzeyi Sumqayıtda - Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşir. Bu səbəbdən ziyarətçilərimiz də çox olur. Rayonun təhsil müəssisələrinin rəhbərləri ilə qərara alınıb ki, hər ayın sonuncu  həftəsinin tarix dərsləri bizim muzeydə keçirilsin. 

Əslində, belə bir təcrübəmiz olub - muzeyin yaxınlığında yerləşən məktəbin şagirdləri əvvəlki təhsil  illərinin ilk dərslərinə muzeydə başlayırdılar. İndi isə bütün qubadlılı şagirdlər növbə ilə bura gələcək və ata-baba yurdu haqqında mütəmadi məlumat alacaq,  eksponatlarla tanış olacaqlar.  Beləcə, Qubadlısız böyüyən  Qubadlı övladları  cismən olmasa da, ruhən, mənən vətənə bağlanacaqlar. Bu, onlarda  doğma yurda məhəbbət aşılayır. Biz bir gün mütləq geri qayıdacayıq! Diyarımızı yenidən dirçəltmək, qurub-yaratmaq, mənfir düşmənin murdar izlərini silmək üçün vətən eşqi, torpağa ülvi bağlılıq ümdə şərtdir.

 

Vaqif BABAYEV,

Qubadlı Rayon Tarix Diyarşünaslıq muzeyinin direktoru