Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qərbin yeni inkvizisiyası

13 Oktyabr 2017
 

Hər hansı bir qərəzli qətnamə ilə Azərbaycana təzyiq göstərmək mümkün deyil

 

Son illərdə davamlı inkişafı və reallaşdırdığı transmilli layihələri ilə beynəlxalq birliyin bərabərhüquqlu üzvünə, etibarlı tərəfdaşına çevrilən müstəqil Azərbaycanın uğurlarının nüfuzlu beynəlxalq qurumların hesabatlarında qiymətləndirilməsi bəzi Qərb dairələrini çox narahat edib. Ölkəmiz yenidən antiazərbaycançı qüvvələrin hədəfinə çevrilib.
Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında həmməruzəçilər Stefan Şennakın və Sezar Florin Predanın hazırladıqları və parlamentari Alen Desteksin təqdim etdiyi qərəzli hesabatlar üzrə iki qətnamənin qəbulu bir daha sübut etdi ki, Azərbaycana qarşı müharibə təkcə səngərlərdə deyil, informasiya sahəsində də aparılır. Çünki Azərbaycan Avropa Şurasına üzv olduğu 16 il ərzində nəhəng islahatlar həyata keçirib və proses davam edir. Amma bunların heç biri nəzərə alınmır və ölkəmizə təzyiq göstərilir. Demək olar ki, AŞ PA-nın bəzi üzvləri Azərbaycanla “məşğul olmağı” gündəlik məşğuliyyətə çeviriblər.
Əlbəttə ki, bütün bunların səbəbi bəllidir. Bu təzyiqlərin haradan qaynaqlandığı hər kəsə məlumdur. Erməni lobbisinin diktəsi ilə “siyasi” fəaliyyətlərini Azərbaycana qarşı qarayaxma kampaniyasına həsr edən bəzi şəxslər çirkin əməllərdən əl çəkən deyillər.
Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun sessiya zamanı bunu birbaşa onların üzünə deməsi ilə həmin şəxsləri ifşa etdi: “Buradakı çıxışlarda kiçik mənfi məqamların qəsdən böyüdülməsi, bilərəkdən şişirdilməsi faktının şahidi oluruq. Peter Omtziq mənə sual ünvanladı. Mən ona cavab olaraq çağırış edirəm: daha bəsdir, kifayətdir. Özünüzü demokratiya və insan hüquqlarının həqiqi müdafiəçisi kimi göstərməkdən əl çəkin! Çünki biz sizin hansı motivlə hərəkət etdiyinizi, arxanızda kimlərin dayandığını bilirik. Sizin ermənilər tərəfindən dəstəkləndiyinizi təkcə biz deyil, artıq hamı yaxşı bilir”.
Bu bir həqiqətdir ki, Azərbaycan AŞ PA-ya üzvlük müddətində mütəmadi olaraq bu qurumun haqsız təzyiq və tələbləri ilə üzləşib və bu il oktyabrın 11-də qəbul olunan sənədləri də həmin təzyiqlərin davamıdır. Bəs, səbəb nədir?
Səbəb odur ki, onlar müstəqil siyasət aparan, beynəlxalq aləmdə nüfuzu, hörməti, hərbi potensialı gündən-günə artan Azərbaycan dövlətinin uğurlarını həzm edə bilmirlər. Azərbaycana qarşı bu təzyiqlərin arxasında həm də enerji, nəqliyyat və digər sahələrdə ölkəmizlə rəqabətdə olan güclü ölkələr dayanır. Bir müsəlman dövlətinin inkişaf tempinə görə Avropanın bəzi ölkələrini qabaqlaması əlbəttə ki, onları qıcıqlandırmaya bilməz. Çünki bəzi Qərb dairələri müsəlman dövlətlərində inkişaf yox, xaos, qanlı toqquşma yaratmaq, terrorun geniş vüsət alması üçün çalışırlar.
İndi Azərbaycanı insan haqlarına hörmət sahəsində atdığı addımlarla “ittiham” edirlər. Ancaq çox gözəl bilirlər ki, ölkəmizdə bu sahədə nə qədər uğurlu layihələr həyata keçirilir, qanunlar qəbul olunur. Məgər həmməruzəçilər bilmirlər ki, Azərbaycan Prezidenti ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nı təsdiq edib.
Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının “İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri”ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.
Azərbaycanda bu sahədə həyata keçirilən islahatlardan çox yaxşı xəbərdar olan AŞ PA-nın baş katibinin qərəzli mövqeyi açıq-aşkar görünür. Ancaq bu cür sənədlərin qəbulu ilə AŞ PA heç nəyə nail ola bilməyəcək. Çünki bu gün Avropanın enerji təhlükəsizliyini təmin edən Azərbaycan daha çox Avropaya lazımdır.
Məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğulayıb ki, öz milli maraqlarına uyğun müstəqil siyasət yürüdən və prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞ PA-da fəallığı bir çoxlarına sərf etmir. Əks təqdirdə, parlamentarilər daha çox islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin baş alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulması hallarının artdığı Avropanın gələcəyi barədə düşünər və bu problemlərin aradan qaldırılması yollarını axtarardılar. O cümlədən İnsan Haqları üzrə Avropa Məhkəməsinin 10 minə yaxın qərarının icra olunmamasından narahatlıqlarını ifadə edərdilər: “Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülməməsi məsələsini qaldırmışlar” - deyə Əli Həsənov vurğulayıb.
Bu gün demokratiya yolu ilə inkişaf edən, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq haqqında saziş imzalamağa hazırlaşan Azərbaycanın süni şəkildə sıxışdırılması bir daha göstərir ki, AŞ PA müəyyən məqsədli dairələrin əlində təzyiq vasitəsinə çevrilib və konkret sifariş yerinə yetirir. Lakin bu kimi əsassız sənədlər qəbul etməklə Azərbaycana təzyiq göstərmək mümkün deyil. Azərbaycan müstəqil, güclü dövlətdir, daxili və xarici siyasət prioritetləri var və bundan sonra da öz yolu ilə irəliləməkdə davam edəcək.
AŞ PA-nın məlum qətnamələrini alman politoloq Aleksandr Rar maraqlı bənzətmə ilə qiymətləndirib. Politoloq hesab edir ki, AŞ PA Qərbin inkvizisiyasıdır. Proseslərə müdaxilə etmək, eyni zamanda üzv dövlətlərin daxili siyasətinə qarışmaq hüququ var. Belə vəziyyət Avropa üçün xarakterikdir və bu, intensivləşəcək.
Bu fikirlər AŞ PA-nın Azərbaycanla bağlı həyata keçirdiyi məqsədyönlü siyasətinin əsl məğzini aşkara çıxarır - təzyiq, təhdid və süni şəkildə sıxışdırmaq. Lakin Prezident İlham Əliyevin söylədiyi kimi, artıq Azərbaycanla diktat dili ilə danışmaq mümkün deyildir. Adekvat reaksiya olacaq və ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan özünü tam şəkildə təmin edən ölkədir. Heç kimdən asılı, heç kimin qarşısında gözükölgəli deyil, öz yolu ilə, müstəqillik, inkişaf yolu ilə gedir və bundan sonra da gedəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”