Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Böyük qayğı və davamlı dəstəyin daha bir təzahürü

08 Oktyabr 2017
 

“Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilən yeni evlər sakinlərini qəbul etdi

 

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində məcburi köçkünlər üçün tikilmiş yaşayış binası, Qubadlı rayon Xanlıq kənd orta məktəbi üçün yeni bina, Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə inşa edilmiş üç çoxmənzilli ev...
Yaşayış evləri “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində inşa edilib. Tikinti işlərinə bu ilin mart ayında, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrliyi ilə keçirilən, Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin təzə mənzillərlə təmin olunmasına həsr edilən müşavirədən sonra başlanmışdı.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ramanadakı yeni bina ilə tanış olması, təzə məktəbdə müəllim və şagirdlərə baş çəkməsi, Masazırdakı üç binada mənzillərin təqdim olunmasında iştirak etməsi Azərbaycan dövlətinin bu təbəqədən olan vətəndaşlara diqqət və qayğısının daha bir nümunəsidir.
Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunandan sonra keçirdiyi ilk müşavirə də məhz bu məsələyə həsr olunmuşdu. Tədbirdə vurğulanmışdı ki, görülən genişmiqyaslı işlərlə yanaşı, hələ də qəzalı vəziyyətdə, köhnə, yararsız binalarda xeyli məcburi köçkün ailəsi yaşayır. Onların vəziyyətini yaxşılaşdırmaqdan ötrü işlərin sürətləndirilməsi üçün əlavə və təxirəsalınmaz addımların atılmasının zəruriliyi qeyd edilmişdi. Bundan sonra görülən işlərin nəticəsi isə göz qabağındadır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ramanadakı binada yaradılan şəraitdən məmnun olduğunu bildirmişdir. Burada Xətai rayonunda və Sarıqaya yaşayış massivində qəzalı binalarda məskunlaşmış 50 məcburi köçkün ailəsi yaşayacaq.
Qubadlının Xanlıq kənd məktəbinin müəllim və şagirdləri üçün əvəzsiz töhfə olan yeni bina da cəmi bir neçə ay ərzində tikilib. Birinci vitse-prezidentin məktəbə gəlişinin məhz Beynəlxalq Müəllimlər Gününə təsadüf etməsi pedaqoji kollektivin və şagirdlərin - məcburi köçkün ailələrinin uşaqlarının ikiqat sevincinə səbəb oldu.
Masazırda Mehriban xanım Əliyevanın mənzillərin təqdim olunmasında iştirak etdiyi üç binanın həyətində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq salınıb. Mənzillərin hamısı zəruri avadanlıqla, elektrik enerjisi, qaz və su ilə təmin olunub.
Qaçqınların və məcburi köçkünlərin problemləri daim Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzindədir. Elə bu günlərdə dövlət başçısı BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında çıxış edərkən dünya ictimaiyyətinin diqqətini yenidən bu məsələyə yönəltmişdir. Ölkəmizin ərazilərinin hələ də işğal altında olmasını və Azərbaycanda bir milyondan çox insanın qaçqın və məcburi köçkün həyatı yaşadığını bir daha nəzərə çatdırmışdır.
Dövlətimizin səyi nəticəsində indi Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayıb. İndiyədək qaçqın və məcburi köçkünlər üçün müasir infrastrukturu olan 100-ə qədər yaşayış kompleksi tikilib. Bu kateqoriyadan olan 250 mindən çox insan yeni mənzillərə və fərdi evlərə köçürülüb. 400 min qaçqın və məcburi köçkün işlə təmin olunub. Azərbaycan dövləti bütün bu tədbirlərin həyata keçirilməsinə 6 milyard manatdan çox vəsait sərf edib.
Növbəti mərhələdə qəzalı, köhnə və yararsız, yaxud tikintisi yarımçıq qalmış binalarda, uşaq bağçalarında, yataqxana və pansionatlarda məskunlaşmış ailələrin təzə mənzillərə köçürülməsi həyata keçirilir.
Bir neçə ay əvvəl Xəzər rayonunun Şüvəlan qəsəbəsində yararsız şəraitdə olan pansionatda və Xətai rayonunda tikintisi yarımçıq qalmış binada məskunlaşmış 214 məcburi köçkün ailəsi Mehdiabad və Masazır qəsəbələrində inşa edilmiş tam təmirli evlərə köçürülmüşdür. Qaradağ rayonunun Lökbatan qəsəbəsinin yaxınlığında təməli may ayında qoyulmuş yeni yaşayış kompleksində tikinti işləri davam edir. Kompleksə məktəbin və uşaq bağçasının inşası, digər infrastrukturun yaradılması daxildir. Gələn il buraya 1026 ailənin köçürülməsi nəzərdə tutulur.
İndi isə Abşeron rayonunun Masazır qəsəbəsində, Sabunçu rayonunun Ramana qəsəbəsində və Xətai rayonunda inşa edilmiş yeni binalarda ümumilikdə 725 məcburi köçkün ailəsi öz yaşayış şəraitini yaxşılaşdırıb. Bu, onlar üçün böyük sevincdir.
Mənzillər təqdim olunarkən Laçın rayonundan məcburi köçkün Kəmalə Quliyeva ötən illərdəki ağır həyat şəraitini xatırlayaraq bugünkü sevincini Mehriban xanım Əliyeva ilə bölüşdü: “Mən uşaqlıqda çox acınacaqlı həyat tərzi keçirdim. Torpaqlarımız işğal edildi... Laçından çıxan sonuncu adamlardan biri də mənim anamdır. Mən kəndimizdən çıxdığımız, ayrıldığımız günü heç vaxt unutmaram. Əmimgil və biz dörd valideyn, on uşaq bir vaqonda yaşadıq. Nənələrimizin toxuduğu Qarabağ xalçalarını yox, qamışı hörüb döşəməyə saldıq. Biz vətənimizi, yurdumuzu, evimizi, baba-nənələrimizin qəbirlərini itirməklə yanaşı, doğmalarımızı da itirdik. Laçın rayonunun Alxazlı kəndi Qarabağ uğrunda gedən döyüşlərdə on şəhid verdi. Beş Qarabağ müharibəsi əlilimiz var. Buna görə mən heç vaxt özümü xoşbəxt hiss etməmişəm. Amma bu gün mən xoşbəxtəm. Bu gün biz qəzalı evdən, çətin şəraitdən yeni, rahat evlərə köçürülürük. İndi mənim öz mənzilim, uşaqlarımın isə öz otaqları olacaq”.
Məcburi köçkünlər onlar üçün yaradılan şəraitə, göstərilən qayğıya görə dövlət başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Adətən, təzə evə köçənlərə orada xoşbəxt günlər, övlad toyu görməyi arzulayarlar. Mehriban xanım Əliyeva Azərbaycan xalqının mentalitetindən gələn bu ənənəyə də sədaqətini nümayiş etdirərək sakinlərə yeni evlərdə işıqlı və xoşbəxt həyat sürməyi arzuladı. “Ən böyük arzum, - əminəm ki, bu, hər bir azərbaycanlının ən böyük arzusudur, - doğma torpaqlarımızda Azərbaycan dövləti tərəfindən tikilmiş yeni mənzillərdə, yeni evlərdə sizin uşaqlarınızın, nəvələrinizin, nəticələrinizin toy mərasimində birgə iştirak edək” - dedi.
Bu, həqiqətən də, hər bir azərbaycanlının böyük diləyi, hər bir məcburi köçkünün ümdə arzusu, Azərbaycan dövlətinin başlıca məqsədidir və biz tezliklə o günlərə qovuşacağıq.

Flora SADIQLI,
“Azərbaycan”