Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Quba alması xarici bazarlara ixrac edilir

08 Oktyabr 2017
 

Payız başlayandan Qubada əhali ilin əvvəlindən bəri yetişdirdiyi almanı yığır. Bu gün rayonun iqtisadiyyatında baramaçılıq, fındıqçılıq və digər sahələrin olmasına baxmayaraq, alma bağlarının öz yeri var. 

Qubada alma becərilməsinin qədim tarixi var. Lakin onun daha geniş şəkildə becərilməsi ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə bağçılığın inkişafı ilə bağlı dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Ümummilli liderin təşəbbüsü ilə 1974-cü ildə “Meyvəçiliyin intensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirilməsi tədbirləri haqqında” ayrıca hökumət qərarının qəbul olunması ölkəmizdə bağçılıq təsərrüfatının inkişafında, sözün əsl mənasında, yeni mərhələnin başlanğıcı oldu. Həmin qərara əsasən, cəmi bir neçə il ərzində təkcə Quba rayonunda 14 min hektar sahədə intensiv tipli yeni bağlar salındı. Xatırladaq ki, o vaxtadək Azərbaycanın heç bir rayonunda bir hektar belə intensiv tipli bağ sahəsi yox idi. Alma yalnız şəxsi təsərrüfatlarda əkilirdi.
O illərdə Quba ilə yanaşı, Qusar, Xaçmaz və Şəki rayonlarının da hər birində 1000 hektar olmaqla intensiv meyvə bağları salındı. Bu məqsədlə əsasən Macarıstan və Moldovadan respublikaya 20-yə qədər məhsuldar alma sortları gətirildi. 1983-1984-cü illərdə həmin bağların hər hektarından orta hesabla 450-500 sentner məhsul toplanıldı. 1984-cü ildə Quba bağbanları rayonun tarixində ilk dəfə olaraq 100 min tondan çox meyvə toplamağa müvəffəq oldular.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə müstəqil ölkəmizdə aqrar islahatlara start veriləndə Qubada 37 kolxoz, sovxoz və digər bu tipli dövlət müəssisəsi mövcud idi. İslahat nəticəsində həmin müəssisələrə məxsus olan 13424 hektar meyvə bağı da vətəndaşların xüsusi mülkiyyətinə verilmişdir. Hazırda Qubada 20 min hektara yaxın meyvə bağı var ki, bunun da 15 min hektarı alma bağlarıdır. Təkcə son bir neçə ildə rayonda 5000 hektardan çox yeni meyvə bağları salınıb. Həmin bağlarda olan cırhacı, sarıturş, Şirvan gözəli, qızıləhmədi, aybı, sinab, qəndisinab, qaraturş kimi ənənəvi meyvə sortları ilə yanaşı, xaricdən gətirilərək yerli şəraitə uyğunlaşdırılmış yüksək məhsuldar sortlar da geniş yer alıb.
Bağçılığın inkişafının elmi əsaslarını işləyib hazırlamaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Qubada Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu fəaliyyət göstərir. 1926-cı ildə yaranan, 1960-cı illərin əvvəllərinədək Mərdəkanda fəaliyyət göstərən bu institut 1964-cü ildə Qubaya köçürülüb. Hazırda 4 şöbə və 3 laboratoriyadan ibarət olan bu elm ocağında 194 nəfər çalışır. İnstitutun Lənkəranda sitrus bitkiləri filialı, Abşeronda təcrübə stansiyası, Qəbələdə və Zaqatalada isə dayaq məntəqələri fəaliyyət göstərir. İnstitutun əməkdaşları təkcə Quba rayonunda 350 hektardan çox meyvə bağında təcrübə aparırlar.
Hər il Quba bağlarında orta hesabla 100 min tondan artıq meyvə istehsal olunur. Həmin məhsulun bir hissəsi elə bağlardan birbaşa emal müəssisələrinə, bir hissəsi isə bazarlara göndərilir. Təbiidir ki, bazarlara gedən məhsulun da çox hissəsi ənənəvi meyvə növlərinə aiddir. Çünki alıcı get-gedə daha çox geni dəyişdirilməyən meyvə sortları almağa üstünlük verir.
Son vaxtlar Qubada ayrı-ayrı sahibkarlar tərəfindən ümumi tutumu 20 min tona yaxın olan 11 soyuducu-kamera tikilib. Bu da bağbanlara imkan verir ki, istehsal etdikləri məhsulun bir hissəsini soyuducularda saxlayaraq onu daha sərfəli vaxtlarda bazara çıxara bilsinlər.
Bu gün bağlarından bol məhsul götürən, bununla da maddi vəziyyətini yaxşılaşdıran, gündən-günə daha firavan yaşayan hər bir qubalı ulu öndər Heydər Əliyevi o vaxt uzaqgörənliklə belə bağlar saldırdığına görə minnətdarlıqla xatırlayır, ondan bəhrələndiyini bildirirlər.
Hazırda Qubada alma yığımının vüsət aldığı vaxtdır. Qubanı cənnətə çevirən, onun bir növ brendi sayılan almanı qubalılar sevə-sevə becərdikləri kimi, həmin səliqə ilə də dərirlər. Rayonun Zərdabi, Alekseyevka, Vladimirovka, Barlı, Gültəpə və digər kəndlərində dərilən almanın böyük hissəsi əvvəlcədən yaradılan əlaqələrlə xarici ölkələrə göndərilir. Məhsul Rusiya, Qazaxıstan, Özbəkistan, Belarus və başqa ölkələrə sahibkarların bağladıqları müqavilələr əsasında daşınır. Digər tərəfdən, dövlət qurumları da almanın satılması və saxlanmasında maraqlıdır. Ortada qazanan isə almanı becərənlərdir.
Yığım başlayandan bəri bağlardan 50 min tondan çox məhsul dərilib. Öncədən hazırlanan yeşiklərə yığılan almanın bir hissəsi xarici bazarlara daşınsa da, yerdə qalanı daxili bazarlara göndərilir. Respublikanın müxtəlif şəhərlərində keçirilən yarmarkalara bu günədək minlərlə ton alma göndərilib. Münasib qiymətə bazara çıxarılan məhsul əhali tərəfindən həvəslə alınır.
Bu gün Qubada yeni bağlar salınır. Almaniya, Fransa, Türkiyə və digər ölkələrdən Azərbaycana gətirilən yeni alma sortlarının Qubada 350 hektar ərazidə becərilməsinə başlanıb. Yaxın gələcəkdə daha bir neçə yüz hektarlıq yeni bağın salınması da nəzərdə tutulub.
Quba təkcə turizm diyarı kimi tanınmır. Keçmiş sovetlər birliyində hansı şəhərdə alma sözünü işlətsəydin, həmsöhbətin sənə Qubanın adını çəkərdi. Ölkəmiz müstəqillik əldə etdikdən sonra iqtisadi sahədə inkişaf daha böyük miqyas alıb. Prezident
İlham Əliyevin regionların, qeyri-neft sektorunun inkişafına verdiyi önəm bölgələrdə ehtiramla qarşılanır. Qubalılar irəli sürülən inkişaf konsepsiyasını dəstəkləyir və gələcəkdə onun daha böyük uğur gətirəcəyinə inanırlar.

Akif ƏLİYEV,
Ağaəli MƏMMƏDOV(foto),
“Azərbaycan”