Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Zoltan Hernyes: “Azərbaycanın təcrübəsi, ölkədə həyata keçirilən layihələr nümunədir”

07 Oktyabr 2017
 

Oktyabrın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Avropa Şurasının Azərbaycandakı fəaliyyəti və görüləcək tədbirlər müzakirə edilib.

Hicran Hüseynova qonağa rəhbərlik etdiyi komitənin fəaliyyəti, ailə, qadın və uşaq məsələləri istiqamətində görülən işlər haqqında məlumat verib. O bildirib ki, komitə qadın və uşaqların müdafiəsinin gücləndirilməsi, onların hüquqlarının təmin edilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gender bərabərliyini qorumaq məqsədilə daim mühüm addımlar atılır. Qadınların ictimai həyatda təmsilçiliyinin artırılması, qadın və uşaq hüquqlarının qorunması, sağlam həyat tərzinin aşılanması məqsədilə mütəmadi olaraq komitə tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir.

Müvafiq istiqamətlərdə qanunvericilik bazasının təkmilləşdirildiyini deyən komitə sədri vurğulayıb ki, müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın diqqəti və qayğısı sayəsində bu gün ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm addımlar atılır.

Dövlət Komitəsinin sədri, eyni zamanda, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq müddətdə davam edən hərbi təcavüzü, cəbhə bölgəsində baş verən hadisələr, həmin ərazilərdə məskunlaşan azərbaycanlıların, o cümlədən uşaqların və qadınların öldürülməsi və ağır yaralanması barədə məlumatları diqqətə çatdırıb, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin atəşə tutulmasının beynəlxalq sənədlərə zidd olduğunu qeyd edib.

Avropa Şurasının Azərbaycandakı Ofisinin yeni rəhbəri Zoltan Hernyes Azərbaycanın təcrübəsini, ölkəmizdə həyata keçirilən layihələri nümunə kimi qiymətləndirib. O, növbəti illərdə Azərbaycanla birgə yeni layihələrin həyata keçirilməsində maraqlı olduğunu deyib.

Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və layihələrdə effektivliyin artırılması məqsədilə fikir mübadiləsi aparılıb.