Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ-ın ticarət-iqtisadi embarqoları Kubaya 130 milyard dollar zərər vurub

06 Oktyabr 2017
ABŞ-ın 1962-ci ildən Kubaya qarşı tətbiq etdiyi ticarət-iqtisadi və maliyyə embarqoları qüvvədə olduğu müddətdə bu Karib hövzəsi ölkəsinə 130,2 milyard dollar zərər vurub.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatlar ada dövlətinin Milli İqtisadi Tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən təqdim edilib. Dolların qızıla nisbətdə qiymətdən düşdüyü nəzərə alınarsa, yarım əsrdən artıq bir müddət ərzində qüvvədə olan sanksiyaların ölkəyə vurduğu zərər 822,3 milyard dollara çatır.

Kuba hökumətinin fikrincə, Vaşinqtonun tətbiq etdiyi “blokada” (rəsmi Havana embarqonu belə adlandırır) ölkə iqtisadiyyatının inkişafı üçün əsas maneədir.

Xatırladaq ki, adada Amerika vətəndaşlarının mülkiyyətlərinin və kompaniyalarının milliləşdirilməsi prosesinə cavab olaraq, ABŞ 1960-cı ildə Kubaya ilk dəfə sanksiyalar tətbiq edib.1992-ci ildən etibarən Kuba hər il embarqonun aradan qaldırılmasının vacibliyi barədə qətnamə layihəsini BMT-nin Baş Assambleyasının müzakirəsinə çıxarır. Ümumdünya təşkilatına üzv olan ölkələrin böyük əksəriyyəti həmin sənədə dəstək verir.