Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Neyt” qasırğası səbəbindən ABŞ-ın cənubunda fövqəladə vəziyyət elan olunub

06 Oktyabr 2017
Mərkəzi Amerikada artıq 25 nəfərin ölümünə səbəb olan “Neyt” qasırğasının yaxınlaşması səbəbindən ABŞ-ın Alabama, Luiziana, Florida və Missisipi ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, yerli hökumətin tapşırığına əsasən bir sıra sahilyanı rayonlarda insanlara potensial təhlükəli zonalardan uzaqlaşmaq tövsiyə edilib. Fövqəladə vəziyyət rejimi ştatların rəhbərliyinə təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün əlavə resurslar, o cümlədən Milli Qvardiyanı cəlb etmək, həmçinin federal hökumətdən kömək istəmək imkan yaradacaq.

ABŞ-ın Qasırğalar üzrə Milli Mərkəzinin məlumatına əsasən, hazırda Nikaraqua və Honduras sərhədlərində olan “Neyt” oktyabrın 7-də axşam saatlarında ABŞ sahillərinə çatacaq. Qasırğanın episentrində küləyin sürəti saatda 120 kilometrə çata bilər.

Qeyd edək ki, “Neyt” qasırğası Nikaraqua və Kosta-Rikada 22, Hondurasda isə 3 nəfərin ölümünə səbəb olub.