Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Məsuliyyət varsa, uğur da olacaq

05 Oktyabr 2017
 

Hələ uşaqlıqdan onda yazıb-oxumağa yaranan həvəs zamanla öz bəhrəsini verib. Orta məktəbə qədəm qoyduğu ilk günlərdən istedadlı olması, dərslərini yaxşı qavrama qabiliyyəti və çalışqanlığı ilə müəllimlərinin sevimlisinə çevrilib. Müəllimlərinin onunla bağlı valideynlərinə dedikləri xoş sözlər, özünə qarşı yaxşı rəftar heç zaman onda arxayınlıq yaratmayıb. Balaca Kəmalə zərif çiyinlərini ağır yük altına verməkdən çəkinməyib. Canında, qanında olan məsuliyyət hissi onu arzularının dolanbac yollarına sarban edib.

Kəmalə Əhmədova 1990-cı ildə Zaqatala şəhəri 1 saylı tam orta məktəbi gümüş medalla bitirib. Həmin il medalçılar ali məktəblərə imtahan vermədən qəbul ediliblər. Kəmalə xanım da o cümlədən. Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul olunub və bu möhtəşəm təhsil məbədini uğurla başa vurub. Ali məktəbi bitirdikdən sonra ilk müəllimlik fəaliyyətinə Zaqatala şəhəri internat məktəbində başlayıb. Çökək tam orta məktəbdə müəllimlik edib.

2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə Zaqatala şəhərində Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü lisey açılandan sonra isə Kəmalə Əhmədova müəllimlik fəaliyyətini orada davam etdirməyə başlayıb. 2010-cu ildə direktor müavini təyin edilib. 2013-cü ilin dekabr ayından direktor əvəzi kimi fəaliyyət göstərib. 2015-ci ildə isə Təhsil Nazirliyinin xətti ilə keçirilən direktorların müsabiqəsindən uğurla keçərək çalışdığı təhsil ocağına direktor təyin olunub.

Ümumilikdə isə həm direktor Kəmalə Əhmədovanın, həm də liseyin yeni fəaliyyətinə baxmayaraq ötən illər ərzində burada böyük uğurlar qazanılıb. Hazırda liseydə 629 şagird təhsil alır. 52 pedaqoji və 17 texniki işçi var.

Kollektivin birgə səyi, hər kəsin öz vəzifəsinə məsuliyyətlə yanaşması sonda səmərəsini verib. Beləliklə də lisey 2014-cü ildə “İlin məktəbi” və 2015-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqələrinin qalibi olub. Liseyin məzunlarının 95-100 faizi ali məktəblərə qəbul olunurlar. Buraxılış imtahanlarından isə keçməyən qalmır. Cari il xüsusilə fərqlənir. Səbəb isə doqquzuncuların bu il fərqli qaydada imtahan vermələridir. Lisey həmin prosesi uğurla keçməsinə görə rayonda birinci, respublika üzrə isə öncül yerlərdə qərarlaşıb. Cari il məktəbi bitirən abituriyentlərin ali təhsil müəssisələrinə qəbul olanların sayı isə 95 faiz olub. 1 şagird müsabiqədən kənarda qalıb. İl ərzində şagirdlər və müəllimlər bir sıra respublika müsabiqələrinin qalibi olublar.

Kəmalə müəllimin əməyi yüksək dəyərləndirilib. 2016-cı ildə ona Təhsil Nazirliyi tərəfidən “Qabaqcıl təhsil işçisi” döş nişanı təqdim olunub. Rayon icra hakimiyyəti tərəfindən də uğurlu fəaliyyətinə görə fəxri fərmanla mükafatlandırılıb. İki gün öncə  Kəmalə Əhmədova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.

 

Əli SƏLİMOV,

“Azərbaycan”