Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondunun yeni layihəsi – “Ekran və efirdə ədəbi dil normaları”

03 Oktyabr 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” layihəsinin icrasına başlayıb.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, ilk təlim Xəzər televiziyasında gənc aparıcı və reportyorların iştirakı ilə keçirilib.

Layihə barədə iştirakçılara ətraflı məlumat verən Bilik Fondunun informasiya təminatı sektorunun müdiri Xatirə Hüseynova bildirib ki, son zamanlar ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələri telekanallarda ədəbi dil normalarının pozulduğunu deməyə əsas verir. Fondun “Ekran və efirdə ədəbi dil normaları” layihəsi çərçivəsində tanınmış dilçilərin, təcrübəli jurnalistlərin iştirakı ilə televiziya və radio şirkətlərində gənc reportyorlar, müxbir və redaktorlar üçün təlimlər, ustad dərsləri keçiriləcək.

Layihə üzrə ilk təlimçi AMEA-nın Dilçilik İnstitutunun terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqovanın “Nitq mədəniyyəti və norma. Natiqlik sənətinə verilən tələblər” mövzusunda çıxışını iştirakçılar maraqla qarşılayıblar. Professor Azərbaycan ədəbi dilinin norma və qaydaları haqqında ətraflı məlumat verib, konkret nümunələrlə gənc reportyor və aparıcıların nitqindəki fonetik, leksik, qrammatik və üslubi qüsurları təhlil edərək onların aradan qaldırılması yollarını göstərib.

İnteraktiv formada keçən təlimdə S.Sadıqova iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

İki ay davam edəcək təlimlərdə AMEA-nın Dilçilik İnstitutunun mütəxəssisləri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təcrübəli professor və müəllimləri, eləcə də jurnalistlər iştirak edəcəklər.

Layihə digər televiziya və radio şirkətlərində də həyata keçiriləcək. Təlimə qatılan gənc jurnalistlərə dilçilik, nitq mədəniyyəti, televiziya və radio aparıcılarının iş xüsusiyyətləri ilə bağlı nəzəri və təcrübi bilgilər veriləcək.