Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

200-dən çox müqavilə, 4 milyard dollar sərmayə

03 Oktyabr 2017
 

Dünyada etibarlı iqtisadi tərəfdaş kimi tanınan Azərbaycan Rusiya ilə də ticarət əlaqələrini dinamik inkişaf etdirir

 

Makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin diqqətində olan, qlobal infrastruktur layihələrini inamla həyata keçirən Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən institusional islahatlarla və səmərəli idarəetmə üsulları ilə dayanıqlı inkişafını təmin edir.

 

180 ölkə ilə ticarət tərəfdaşlığı Azərbaycana investisiya axınını daha da gücləndirəcək

 

Son illər xarici investisiyalar üçün cəlbedici məkana çevrilən Azərbaycanın iqtisadiyyatına 200 milyard dollardan çox investisiyanın yatırılması bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi strategiya ilə ölkəmiz iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış edir. Ötən həftə Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycanın 2 pillə irəliləyərək 35-ci pillədə qərarlaşması isə onu göstərir ki, ölkəmizdə biznes mühitinin əlverişliliyi, makroiqtisadi göstəricilər, təhsil, səhiyyə və s. sahələrdə kifayət qədər irəliləyiş əldə olunub. Bunlar investorları maraqlandıran məsələlər olduğundan xarici sərmayədarların ölkəmizə marağını daha da artıracaq və Azərbaycana investisiya axınını gücləndirəcək.
Beynəlxalq ticarət əlaqələrinin, iqtisadi tərəfdaşlarının sayını gündən-günə artıran Azərbaycan böyük uğurlara imza atır. Artıq ölkəmizin iqtisadi ticarət tərəfdaşlarının sayı 180 ölkəyə çatıb. İdxaldan asılılığı azaltmaq, daxili tələbatı daxili istehsal hesabına təmin etmək və ixrac imkanlarını genişləndirmək istiqamətində son illər çox mühüm addımlar atılır. “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlərin alınması istiqamətində davamlı tədbirlər görülür.

 

İldə 130 milyon dollar təşkil edən əmtəə dövriyyəsi

 

Sentyabrın 28-də Stavropolda “İnvestisiyalar, innovasiyalar, turizm” mövzusunda VIII Rusiya-Azərbaycan Regionlararası Forumunda müzakirə olunan məsələlər də bu tədbirlərin tərkib hissəsidir.Azərbaycan İqtisadiyyat Nazirliyi və Rusiya İqtisadi İnkişaf Nazirliyi tərəfindən təşkil olunan forumda nazir Şahin Mustafayevin rəhbərliyi ilə 120 nəfərdən ibarət böyük nümayəndə heyəti iştirak edib.
Forumda sənaye və humanitar sahələrdə əməkdaşlıq, turizmin inkişafı, səhiyyə sahəsində innovasiyalar və digər mövzularda “dəyirmi masa”lar, işgüzar əlaqələr birjası keçirilib, ikitərəfli əməkdaşlıq sənədləri imzalanıb. Tədbirin əvvəlində Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına təbrik məktubları oxunub.
Forumda ilk çıxış edən Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov bildirib ki, Stavropol ilə Azərbaycan arasında əmtəə dövriyyəsi ildə 130 milyon dollar təşkil edir. Qubernator Azərbaycan şirkətlərini diyarın kurort şəhərləri ilə fəal əməkdaşlığa çağırıb. Vladimir Vladimirov eyni zamanda deyib ki, Stavropol Azərbaycana kənd təsərrüfatı məhsullarının tədarükünü iki dəfə - ildə 3-4 milyon tonadək artıra bilər. Qubernatorun sözlərinə görə, əməkdaşlığın səmərəli sahələrindən biri turizmdir: “Biz turist axınının artırılmasına çalışırıq. 100 mindən çox Azərbaycan sakini Qafqazın mineral sularının yerləşdiyi məkanda istirahət edir, bu isə bütün turist axınının 6 faizinə bərabərdir”.

 

Rusiyanın 70 şirkəti ölkəmizə 3 milyard dollar sərmayə yatırıb

 

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin iki ölkə arasındakı iqtisadi münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib: “Rusiyanın bir çox regionu Azərbaycanla fəal əməkdaşlıq edir, bu regionlarda 650 müştərək şirkət fəaliyyət göstərir. Biz Azərbaycanla əczaçılıq və turizm sahələrində əməkdaşlığı inkişaf etdiririk. Birgə layihələrimizə 500 milyon dollar sərmayə yatırılıb. Bu layihələr üçüncü ölkələrdə də həyata keçirilir”.
Rusiyalı nazir qeyd edib ki, 2017-ci ilin 7 ayı ərzində iki ölkə arasında mal dövriyyəsi 1,5 milyard dollar təşkil edib.
İqtisadiyyat naziri Şahin Mustafayev isə qeyd edib ki, iki ölkə arasında iqtisadi sahədə 200-dən çox müqavilə imzalanıb. Rusiyanın Azərbaycanda fəaliyyət göstərən 70 şirkəti ölkəmizə 3 milyard dollar sərmayə yatırıb. Eyni zamanda Azərbaycan şirkətləri Rusiya iqtisadiyyatına 1 milyard dollar investisiya qoyublar.
Göründüyü kimi, qarşılıqlı şəkildə hər iki dövlətə 4 milyard dollar sərmayə yatırılıb. Onu da qeyd edək ki, forum çərçivəsində iki ölkə arasında 5 sənəd - “Tərəvəz məhsullarının istehsalı üzrə istixana kompleksinin tikintisi haqqında investisiya layihəsinin icrası niyyəti barədə”, “400 yerlik sanitar-mehmanxana kompleksinin yaradılması üzrə investisiya layihəsinin icrası niyyəti haqqında”, “Rusel” sanatoriyasının tikintisi üzrə investisiya layihəsinin icrası niyyəti haqqında” memorandumlar və “Həştərxan Vilayəti Hökuməti və Nərimanov Rayon İcra Hakimiyyəti arasında əməkdaşlıq haqqında”, “Azərbaycan-Rusiya İşgüzar Şurası və Stavropol diyarı Ticarət-Sənaye İttifaqı arasında əməkdaşlıq haqqında” sazişlər imzalanıb.

 

Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb

 

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin bildirib ki, iki ölkə arasında əlaqələr inkişaf edir. Forumda imzalanan vacib sənədlər yeni investisya layihələridir. Bu onu göstərir ki, iki ölkə arasında qarşılıqlı investisiya layihələri inkişaf edir.
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev də iki ölkə arasında ticarət dövriyyəsinin artdığını təsdiqləyib: “Ötən il 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 10 faiz artıb. Bu ilin ilk 8 ayında isə 7 faiz artıb. Bu artımda kənd təsərrüfatı məhsullarının rolu çox böyükdür. Belə ki, ticarət dövriyyəsinin artımına, əsasən kənd təsərrüfatı mallarının ixracının artırılması sayəsində nail olmuşuq. Azərbaycandan Rusiyaya ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi 60 faiz artıb. Bütün bunlar Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan sonra baş verib. İki ölkə rəhbərliyi arasında əldə olunan razılığa görə, Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı artırılıb. Kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması potensialı mövcuddur”.

 

Azərbaycan Stavropolda tərəvəz məhsulları yetişdirəcək

 

Forumda imzalanan layihələrin birinə əsasən, Azərbaycan Stavropol diyarında tərəvəz məhsulları yetişdirəcək və məhsul dünya bazarına çıxarılacaq. Yəni birgə layihənin məhsulu üçüncü ölkəyə ixrac olunsa, bundan həm Azərbaycan, həm də Rusiya yararlanacaq.
Azərbaycanın və Rusiyanın iqtisadiyyat nazirlərinin görüşündə isə nazir Şahin Mustafayev bildirib ki, Azərbaycan və Rusiya iqtisadiyyatları enerji daşıyıcılarının qiymətlərinin asılılığından tədricən azad olur: “Azərbaycan qeyri-neft sektorunun inkişafı, onun şaxələndirilməsi istiqamətini götürüb. Ölkədə tədiyyə tarazlığı sabitləşib. Sevindirici haldır ki, Azərbaycanın qeyri-neft sektoru məhsullarının ixracı 30 faiz artıb”. Nazirin sözlərinə görə, Azərbaycanda qeyri-neft sektoru məhsullarının ixracının xeyli hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir ki, bunun da çox hissəsi Rusiyaya göndərilir.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə vurğulayıb ki, Azərbaycan və Rusiya ikitərəfli ticarətdə məhdudiyyətlər və maneələrin aradan qaldırılması istiqamətində sistemli işi davam etdirməlidir.

 

İlin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq

 

Son zamanlar iki ölkənin biznes nümayəndələrinin görüşlərinin artdığını söyləyən Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin vurğulayıb ki, ilin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması planlaşdırılır: “Bu şəraitdə mövcud ixraca dəstək mexanizmlərinin effektivliyini artırmağı planlaşdırırıq. Söhbət ilk növbədə Rusiya İxrac Mərkəzindən gedir”.
Rusiya İxrac Mərkəzinin baş direktoru, Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Pyotr Fradkov isə bildirib ki, dekabrın axırında Bakıda həm də Rusiya-Azərbaycan İşgüzar Şurasının biznes-forumu keçiriləcək.
Bütün bunlar iqtisadi qüdrətini getdikcə artıran Azərbaycanın qazandığı uğurların göstəricisidir. Ölkəmizdə baş verən dayanıqlı sosial-iqtisadi inkişaf əksər dünya dövlətlərinin, həmçinin beynəlxalq nüfuzlu təşkilatların diqqətini getdikcə daha çox cəlb edir. Bunun nəticəsidir ki, son illər Azərbaycanın adı müxtəlif reytinq sıralamalarında, bir qayda olaraq, öncül yerlərdə göstərilir.Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin yeni iqtisadi konsepsiyası Azərbaycanın davamlı inkişafının təminatçısıdır.

 

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi narahatlıq doğurur

 

Onu da vurğulayaq ki, forumda Azərbaycan tərəfi ikitərəfli əlaqələrin yüksəldiyi bir zamanda Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı qərardan narahatlığını da ifadə edib. Forumun plenar iclasında çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyadakı Azərbaycan diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsindən danışıb.
Şahin Mustafayev ÜAK-ın 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaradıldığını xatırladıb: “Bütün bu müddət ərzində ÜAK Rusiya rəhbərliyi tərəfindən irəli sürülən vəzifələrin yerinə yetirilməsində və ölkənin ictimai-siyasi həyatında milli diasporun birləşməsi üçün aktiv fəaliyyət göstərib. Rusiyanın demək olar ki, bütün regionlarında çoxsaylı Azərbaycan diasporu fəaliyyət göstərir. Azərbaycan diasporu Rusiya cəmiyyətinə inteqrasiya edib və bu ölkənin inkişafına heç də az olmayan töhfə verir.Təəssüflər olsun ki, hüquqi prosedur məsələləri ilə bağlı Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatı ləğv edilib. Ümid edirik ki, bütün hüquqi məsələlərin həllindən sonra bizim diaspor təşkilatımız yaxın vaxtlarda öz fəaliyyətini davam etdirəcək”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”